Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin hazırda Fransada olan sabiq rektoru Elşad Abdullayevin yaydığı video materialdların iştirakçısı olmuş mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov istintaqa ifadə verib.
A. Məmmədov “Yeni Müsavat”a açıqlamasında deyib ki, martın 14-də onu Nəsimi Rayon Prokurorluğunda ifadə verməyə çağırıblar: “Mən də getdim, daha öncə Baş Prokurorluqda verdiyim ifadəni təkrarladım. Məndən izahat aldılar. Müstəntiqə dedim ki, bunların hamısını daha əvvəl demişəm. Dedilər, bizə nə tapşırıq verilirsə, onu da edirik. Bunların nə etmək istədiyini başa düşmürəm”.
A. Məmmədov daha sonra G. Əhmədovanın videolarla bağlı istintaqa ifadə verməməsinə də münasibət bildirdi. “Bunlar daha nə sübut istəyir” deyə sual edən A. Məmmədovun sözlərinə görə, bu videoların həqiqiliyi ekspertiza tərəfindən sübut edilib: “Baş prokuror Zakir Qaralov açıqlama vermişdi ki, videolar həqiqidir. Belə olan halda Gülər Əhmədovanın nədənsə imtina etməsi düzgün deyil. Mən narahatam ki, bu cür bəhanələrlə bu işi bağlasınlar”.
A. Məmmədov G. Əhmədovanın vəkili Eldar Qədiminin “Səlcuq Ağlayan Sevinc Babayevanın tanışı olub, Gülər Əhmədovanın yox” açıqlamasına da münasibət bildirdi. O, əlində bunun əksini sübut edəcək xeyli sübut olduğunu vurğuladı: “Birincisi, bizim Türkiyədə tanışlarımız yoxdur. Biz Səlcuqu Gülər vasitəsilə tanımışıq. Hətta anam Türkiyədə xəstəxanada olanda Səlcuq mənə bir mesaj yolladı ki, ”Ayxan, o şərəfsizlərə de ki, sənə para versinlər. Bura para ilə gəl”. Bu söhbət 2012-ci il, dekabrın 26-da baş verib. Şərəfsiz deyəndə isə o, Gülərgili nəzərdə tuturdu. Çünki daha öncə də pul məsələsini onlar həll etmişdi. O da pulu anamın xəstəxana xərclərinə görə istəyirdi. İnanmaq istəyənlər mənim telefon nömrəmi, ora gələn zəngləri, danışıqları, SMS-ləri üzə çıxara bilərlər. Onda bir daha aydınlaşar”.
A.Məmmədov bu mesajı alandan dərhal sonra G.Əhmədova ilə danışdığını, daha sonra üzbəüz söhbətləşmək üçün sonuncunun evinə getdiyini bildirdi. A.Məmmədovun dediyinə görə, sabiq deputat onunla söhbətində maddi durumunun qənaətbəxş olmadığını deyib: “Pul əvəzinə isə mənə maşınını və evinin ”kupça”sını təklif elədi. Elə Gülərin evində olanda Səlcuq Ağlayandan mənə SMS gəldi ki, Ayxan, başın sağ olsun, anan dünyasını dəyişdi. Gülərin evinin qabağında, yan-yörədə çoxlu kamera var, qoy kamera qeydlərini də üzə çıxarsınlar. Onda bilinəcək ki, mən düz deyirəm. Həmin tarixdə onun evində olmuşam. Telefon danışıqlarımın, mesajlarımın da “raspeçatka”sını çıxarsalar, dediklərim sübut olunacaq”.
A. Məmmədov anasının ölümündən sonra Türkiyəyə getmək üçün Baş Prokurorluqda baş tutan görüşün detallarını da açdı. Dedi ki, dekabrın 27-də prokurorluqda bu cinayət işinin istintaqını aparan müstəntiq Emzar Qocayevin yanına gedib: “Özü də mən prokurorluğa Gülərin vəkili Zülfiyyə Babayeva aparmışdı. Çünki o vaxt mənim ölkədən çıxmağıma stop qoyulmuşdu. Mən də müstəntiqlə danışandan sonra icazə ala bildim. O vaxt vəkil Zülfiyyə bir ara bayıra çıxdı, çox güman ki, Gülərlə danışıb qayıtdı. Sonra da müstəntiqə dedi ki, olarmı Gülər xanımın əri Fikrət Əhmədov da Ayxanla Türkiyəyə getsin. Amma mən etiraz etdim, dedim, ehtiyac yoxdur. Bu söhbəti müstəntiq də bilir. Onun yanında olub. Adama deyərlər, Gülər anamla rəfiqə deyildi, bu işlə heç bir əlaqəsi yox idisə, niyə ərini onun ölüsünü gətirmək üçün İstanbula yollayırdı. Bu işdə nə marağı vardı?”