|
MHİ jurnalistlərin azadlığa buraxılmasını alqışlayır Media Hüququ İnstitutu “Xəyal” televiziyasının jurnalistləri Vüqar Qonaqov və Zaur Quliyevin həbsdən azadlığa buraxılmasını alqışlayır, jurnalistlərin peşə faəliyyətinə görə həbs cəzasına məhkum edilməsinə yox deyən məhkəmə qərarlarının azad və müstəqil media, ümumilikdə ifadə azadlığı baxımından çox önəmli olduğunu vurğulayır. MHİ yada salır ki, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və televiziyanın baş redaktoru Zaur Quliyev 2012-ci ilin mart ayında həbs olunmuşdular. Rayon icra hakimiyyəti başçısının Quba şəhərində iğtişaşalara səbəb olan çıxışını internetdə yaymaqda günahlandırılan jurnalistlərə qarşı ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməyə (Cinayət Məcəlləsi, Maddə 233) və vəzifə səlahiyyətlərini aşmağa (Cinayət Məcəlləsi, Maddə 309) görə ittihamlar irəli sürülmüşdü. Fevral ayının sonunda dövlət ittihamçısı Xaçmaz Məhkəməsindən jurnalistlərə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası tələb etmişdi. Məhkəmə martın 15-də jurnalistləri qeyd olunan hər iki maddə üzrə təqsirli hesab edib. Vüqar Qonaqov və Zaur Quliyevə 3 il sınaq müddəti təyin olunmaqla (Cinayət Məcəlləsi, Maddə 70) 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası verilib. Media Hüququ İnstitutu jurnalistlərin azadlıqda olmasından məmnunluğunu bildirməklə yanaşı, onlara qarşı irəli sürülmüş ittihamların qanunsuzluğunu, bu səbəbdən jurnalistlərə 3 il şərti cəza verilməsinin onların əməllərinə adekvat olmadığını vurğulayır. Vüqar Qonaqov və Zaur Quliyevin ictimai önəmli bilgiləri, o cümlədən yüksək vəzifəli şəxslərin açıq toplantıda söylədiklərini yayması, həmin bilgilərin hər hansı formada yayılmasında iştirak etməsi qanun pozuntusu hesab edilə bilməzdi. Çünki, ictimai məzmun daşıyan bilgiləri əldə etmək, hazırlamaq, topluma çatdırmaq jurnalistlərin əsas vəzifəsidir. Media Hüququ İnstitutu V.Qonaqov və Zaur Quliyevə buna görə ağır cinayət cəzası verilməsini qınayır, belə cəzaların jurnalistləri qorxu altında tutduğunu vurğulayır, yuxarı məhkəmələrin adekvat olmayan bu hökmü ləğv edəcəyinə ümid edir. |