Famil CƏFƏRLİ
familceferli2@gmail.com
III Siyavuş-İran müharibəsi
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının (adı nəyə desən dəyər) sədr müavini Mənsur Həqiqətpur yoldaşla ağayi YAP-çı deputat Siyavuş Novruzov arasındakı yazışmanı diqqətlə izləyirəm. Həqiqətpurun işlədiyi idarənin adı Bakı-Rostov qatarı boydadır. Elə bundan, yəni idarənin adından da görünür ki, bu söhbət hələ uzun çəkəcək. Ona görə də onu xüsusi maraqla izləyirəm.
Bu yazışma keçən ildən başlayıb. Hələ gedir, getdikcə də qızışır. Mən hər iki deputata çoxlu yaxşı, yağlı yazan qələm, hərəsinə iki bağlama ağ kağız (ehtiyat üçün), yazanda hərf səhvi buraxıb korrektorları deyindirməmək, dövlətçilik mövqeyində dayanmaq, səbir, dözüm, iradə, təzə paltar, döyüş yumurtaları arzulayıram. Bəri başdan deyim ki, hələlik heç bir deputata tərəfkeşlik eləmək də istəmirəm. Çünki ikisi də bizim millətin nümayəndəsidir. Ağayi Həqiqətpur türk olması həqiqətini qəbul eləməsə, eləmək istəməsə və ya eləyə bilməsə də…
Nə isə, mövzumuz bu deyil. Mən bu yazışma ətrafında bəzi gəzişmələr eləmək istəyirəm. Birinci ondan başlayaq ki, modern.az saytı qətiyyən düz eləməyib. Onun baş redaktoru, dostum, həmkarım, qardaşım, dindaşım, cənub qonşum Elşad Eyvazlı kimi araqarışdıran, qızışdırıcı, deşici, kəsici, YAP-çılar demişkən, ifrat radikal, təxribatçı, gözü uğurlarımızı, İranla dostluğumuz götürməyən antimilli adamlar götürüb yazır ki, Həqiqətpur Siyavuş Novruzovdan əl çəkmir. Beləcə də yazıb ha: “…əl çəkmir”.
Olmaz. Ayıbdır. Milli-mənəvi dəyərlərimizə yaddır, yaraşmır. Burada motal söhbəti gedirmi ki, götürüb o ifadəni yazasan?! Burada güclü fəlsəfi söhbət gedir. Bir də bəlkə Novruzov əl çəkmir, nə bilirsən?! Dəqiqləşdirmək lazım idi. Nə isə, lənət İrandan hər cür yardım – aftafa, kişmiş-xurma, pul, kredit alan şeytansifət erməniyə…
Həqiqətpur Novruzova yazdığı növbəti məktubda onu Araz çayının qırağına çağırıb. Deyib Novruzov, gəl Novruz bayramını birgə keçirək: “Yadından çıxmasın ki, Novruz gününə Araz çayının kənarında görüş təyin etmişik. Razılaşmışıq ki, qardaşyana elmi söhbətlər edək. Həmin gün təzə paltar geyinməyi unutma… Bir də tövsiyə edirəm ki, aşkar xüsusiyyətiniz olan əsəbilikdən çəkinəsən…”
Dərin elmi söhbətdir. Həqiqətpuru bilmirəm, amma Siyavuş yekə alimdir. Dəqiq bilmirəm kimdən, haradan, neçəyə, nə cür, nə məqsədlə alıb, amma cibində, bəlkə də iş otağında hüquq elmləri doktoru diplomu var. Mənim bu iki deputatın belə dərin mənalı elmi söhbətinə qarışmağım düz olmaz, buna savadım çatmaz. Amma müstəqil, sivil, qüdrətli, pullu və lider ölkənin dişini də çəkdirməyə, evinə bazarlıq da eləməyə İrana qaçan vətəndaşı olaraq bəzi fikirlərimi bildirmək istəyirəm.
Həqiqətpurun iki sözü qəliz suallar doğurub. Necə yəni “mənimlə görüşə təzə paltar gey gəl, özün də əsəbilikdən çəkin”? Nə demək istəyir bu? Yəni demək istəyir ki, təbrizlilər demişkən, əsəbani olub üst-başını cırarsan, təzə paltarın zay olar? Belə demək istəyib iranlı deputat? Əgər belədirsə, buna eyham vurursa, bununla bizim deputatı açıq-aşkar təhqir edir. İndi bunun üstündən birdən Siyavuş da hirsləndi, götürüb ona belə cavab yazdı ki, mən gələndə özümlə zəncir də gətirəcəm, birdən sən də hirslənərsən, onda gərək olar…
Yox, belə olmaz. Regionda vəziyyət gərginləşər. Amerika da gəlib İranı vurar. Bir də ki, day bunun harası qardaşyana elmi söhbət oldu?! Biz elmi söhbətdən danışırıq, bunlarsa vurdum-vurdum deyir. Hər iki deputat sürətlə silahlanmanı, atışmanı bölgə xalqlarının təhlükəsizliyi naminə dayandırmalıdır.
Düzdür, bayaq dedim ki, mən bu məsələdə tərəfkeşlik eləməyəcəm. Amma baxıram ki, Həqiqətpur həqiqətən də düz-əməlli adama oxşamır. Düz adam olsaydı, Siyavuşa deyərdi ki, mənimlə elmi söhbətə gələndə təzə paltarının cibinə 5-10 dənə də yumurta qoy gətir. Yox əşi, nə Molla Nəsrəddinlə əcnəbi alimin yumurta ilə olan məşhur elmi debatı, nə zad. Döyüşdürməyə. Axı Novruz bayramıdır, bu bayramda hamı, bütün uşaqlar, hətta nazirlər, prezidentlər də yumurta döyüşdürür. Amma Həqiqətpur bunu qəsdən deməyib. Belə görünür ki, həmin elmi söhbət yumurtasız keçəcək.
Yox e, Siyavuşun tərəfindəyəm. Həqiqətpur ona deyib ki, İranın ermənilərə yardımı haqda danışmısan, amma bəs sizin bəzi məmurlarınız müharibə vaxtı döyüş bölgələrindən niyə qaçıb. Əh, olam Novruzovun yerinə, mən də ona deyərəm ki, bəs sizin məmur liftdə çarşablı qadını niyə tutub öpdü, hay…
Elm belə-belə dərin mənalı söhbətlərlə inkişaf edir da bə. Allah hər iki deputata uzun ömür versin ki, Marksla Engels fason 20 il yazışa, üst-üstə 1300 məktub yaza bilsinlər. Görək bu yazışmalardan hansı Lenin çıxacaq. Bəşəriyyətin xilası bəlkə elə bu yazışmalardadır…