Zamin HACI
zaminhaci@gmail.com
AYRI-AYRI AİLƏLƏR
Polis naziri Usubov bugünlərdə facebook istifadəçilərinə müraciət elədi, dedi ki, gərək onlar dövlətçiliyimizə qarşı hərəkətlər etməsinlər. Siyasi çıxış idi, ancaq diqqətimi cəlb edən bu deyil. DİN mətbuat xidmətinin nazirin adından yaydığı həmin açıqlamada əslində çox ciddi yanlışlıq var idi. Buyurun, ifadə tərzi ilə tanış olun: “Bəzi qüvvələr ayrı-ayrı ailələrin faciəsindən öz siyasi maraqları üçün istifadə etmək istəyirlər”. Sitatın sonu. Xatırladım ki, bu, hərbi xidmətə yollanan gənclərin ölümü haqda işlədilən fikirdir.
Dövlətin naziri orduya yollanan əsgərlərin ölümünü “ayrı-ayrı ailələrin faciəsi” hesab edirsə, cəmiyyətdən nə gözləyəsən? Əsgər ölümünə hansısa yol qəzasındakı fərdi faciə kimi baxanların dövlətçilikdən danışması, millət-filan nağılları uydurması absurd deyilmi? Nazir əsgərin ölümünü, özü də naməlum şəraitdə ölümünü öz faciəsi saymalıdır. Bütün millət bunu öz faciəsi saymalıdır. Əks halda, o xalqın qəbilədən, mağarada oturub dinozavrın indi kimi parçalayacağını fikirləşən tayfadan fərqi olmur.
Təbii ki, biz bu yapokratları qınamırıq, onların düşüncəsi bura qədərdir. İctimai fikir, sosiallıq onlarda ömrü boyu olmayıbdır. O üzdən ailə quranda da tayfa-qəbilə münasibətləri əsasında qururlar, bir nazir o biri nazirin qudası olur, icra hakimi prokurora qız verir, deputat oğlu nazirin qardaşı qızını alır və sairə.
Mən cəmiyyətdə bunun tam əksinə proseslərin getməsinə sevinirəm. Məsələn, əsgərlərin ölümünə etiraz üçün Bakıda keçirilən iki etiraz aksiyasında meydana toplaşanların çoxu gənclər idi və onlarda az yaşlarına baxmayaraq indidən ictimai təfəkkür, millət, cəmiyyət anlayışları formalaşmağa başlayıb. Onlar sabah “qonşum acdırsa, nə işimə qalıb, bu, ayrı-ayrı ailələrin faciəsidir” düşünməyəcəklər.
Məşhur bir ifadə var, deyir, kimdə nə yoxdursa, nəyin qıtlığını yaşayırsa onun haqqında daha ucadan, daha çox danışır. Bir növ freydizm haqda el sözüdür. İndi bu məsəli yapokratiyaya tətbiq eləsək onların nə üçün dövlətçilikdən, xalqdan, millətdən çox danışmasının səbəbini anlayarıq. Əsgər ölümlərini “ayrı-ayrı ailələrin faciəsi” hesab edənlərdən hansı dövlətçilik təfəkkürü ummaq olar? Bunların dövlət anlayışı villanın darvazası ağzında qurtarır. Millət anlayışları isə uzağı saxladıqları məşuqə-müğənniyə qədərdir.
Elə dövlət, millət anlayışının yoxluğu üzündən yapokratiya istənilən rejimlə dil tapır, alver eləyir. Rusiya, ABŞ, İran, Türkiyə, Ermənistan, Gürcüstan, hətta uzaq Monteneqro – yapokratiyadan razı qalan dövlətlərin uzun siyahısını çıxartmaq olar. Azərbaycan xalqından başqa hamını razı salmağı bacarırlar. Təki hakimiyyətdə qalsınlar, xaricdəki alverləri davam eləsin.
Prezident Əliyevin Monteneqroya son səfəri də bu cür detallarla yadda qaldı (Yeri gəlmişkən, Avropada bu Monteneqronu korrupsiya və gizli iqtisadiyyatın inkişafına görə “mafiya-dövlət” adlandırırlar – su axıb çuxurunu tapıb). Məsələn, ARDNŞ xəttiylə orda bir ada aldılar. Azərbaycanın Monteneqroda… uşaq bağçası tikəcəyi haqda xəbər isə, üzr istəyirəm, lap həyasızlıq örnəyi idi. Təsəvvür edirsinizmi, bu rejim bizi nə hesab edir? Rəsmi statistikaya əsasən Azərbaycanda bağça yaşlı uşaqların cəmi 25 faizinə çatacaq qədər bağça yeri var. Normal dövlətlərdə bu faiz 85-95 faiz arasında dəyişir. Azyaşlı uşağı olan, işləyən hər bir valideyn rüşvət hesabına da olsa bağça tapmaq üçün nə qədər əziyyət çəkir, bunlar isə Azərbaycanın pulu ilə Monteneqroda uşaq bağçası tikir.
Usubovun diliylə desək, “Monteneqrodakı ayrı-ayrı ailələrin uşaqları üçün bağça tikilir”.