Xalid KAZIMLI
samir_sari@mail.ru
GƏNCLƏRDƏN TARİXİ MESAJ
Dörd-beş il öncə köşə yazılarımın birində belə bir cümlə yazmışdım: “Bizim dövrün gəncliyi meydana çıxıb tarix yazdılar, indikilər telefonda mesaj yazır”. Sonradan bəzi həmkarlar bu ifadəni tirajladılar, hətta götürüb öz kitabına salanlar da oldu. Əksəriyyət bu fikirlə razılaşırdı. Etiraz edənlər də vardı.
Bu sözü havadan yazmamışdım. Adam dünyada, regionda baş qaldıran tələbə hərəkatlarına baxır, onların etiraz aksiyalarında necə fəallıq göstərdiyini görür, ölkəmizdəki durumun qat-qat ağır olduğu halda, gənclərin buna heç bir reaksiya verməməsinə çaşıb qalırdı.
O zaman siyasi fəal gənclik yalnız aparıcı siyasi partiyaların gənclər təşkilatlarında toplaşmışdılar və çox az idilər. Bəlkə də ümumi sayları 150-yə çatmırdı.
Bütün ağırlıq onların çiynindəydi. Özlərini oda-közə vururdular, seçki kampaniyalarında liderlərinin təşviqat materiallarını yaymaqdan tutmuş, onların mühafizəsinə qədər hər cür iş görürdülər.
Yerdə qalan on minlərlə gənc isə telefona sarılıb mesaj yazırdı. Sanki bir-birinə sonsuza qədər “həyatım” və “aşkım” yazmaqla xoşbəxt olacaqmışlar.
Ölkədə isə gənclərlə bağlı durum ağırlaşdıqca ağırlaşırdı. Universiteti bitirən gənclər kütləvi şəkildə işsiz qalır, özlərinə həyat, ev-eşik, ailə qura bilmir, harın tay-tuşlarının, məmur balalarının gündə bir bahalı maşınla gəzmələrinə, hüdudsuz sərvət içində üzmələrinə həsrətlə baxırdılar.
Aydın məsələ idi ki, bu, belə davam etməyəcək. Bir gün gənclər öz talelərinə sahib çıxmaq üçün toparlanmalı, ayağa qalxmalıydılar.
Deyəsən, o günün astanasındayıq. İndi gənclər daha kütləvi şəkildə mesaj yazmırlar, kütləyə çevrilərək, meydana çıxaraq tarix yazmaq, ölkəyə haqq-ədalət, demokratiya gətirmək istəyirlər.
Hərdən bəziləri sual qoyurlar: “Axı gənclər nə istəyir?”
Bu sualın çox aydın, sadə, eyni zamanda tutarlı cavabı var. Gənclər yaşamaq istəyirlər, mafioz oliqarxların, qəddar generalların azğınlığının qurbanı olmaq istəmirlər.
“Gənclər yaşamaq istəyirlər” deyərkən heç də onların başlarını birtəhər girləyərək yaşa dolmaları nəzərdə tutulmur. Gənclər adam kimi, azad, asudə, firavan yaşamaq istəyirlər.
Gənclər ədalət istəyirlər. Ağzı qatıq kəsməyən birisi atasının milyonları hesabına əcnəbi senatorlarla oturub durur, minlərlə universitet məzunu, üç dildə sərbəst danışan gənc özünə ən adi işi belə tapmır.
Hərbi xidmət bir Domokl qılıncı kimi gənclərin başı üzərindən asılıb. Hər il o qılınc enir və yüzə qədər gənci ölümünə kəsir, bir o qədərini şikəst edir.
10 mart aksiyası göstərdi ki, etirazçı gənclərin sırası 5 il əvvəllə müqayisədə yüz dəfə artıb. Hiss olunur ki, onlar daha da kütləviləşəcəklər.
Bu ölkə onlarındır. 45-55 yaşlı siyasətçilər nəslinin missiyası bir yerlərə qədərdir. İndiki gənclik onlardan estafeti qəbul edəcək və uzun illər daşıyacaqlar. Birinci nəsil ölkənin müstəqillik qazanmasında misilsiz rol oynamışdısa, Azərbaycana haqq-ədaləti və demokratiyanı bugünkü gənclik gətirəcək.
Onlar qorxmurlar və çox qətiyyətlidirlər. Srağagünkü aksiyadan çəkilmiş bir fotoşəkil var. Bir hündürboy gənc əllərini havaya qaldıraraq sinəsini supüskürdən maşından fışqırdılan təzyiqli su şırnağının qarşısına verib. Belə jestləri müharibədə döyüş dostlarını qoruyan əsgərlər düşmənin pulemyotunu susdurmaq üçün edərmişlər.
Əslində belə gəncliklə qürur duymaq gərəkdir, nəinki onları həbs etmək, təqibə, təzyiqə məruz qoymaq, cərimələtdirmək. Sabah vətən üçün təhlükə yaransa, müsəlləh əsgər olub cəbhəyə yola düşən, düşmənin qarşısında sinəsini sipər edən bunlar olacaq. Onların 100 min avroluq maşınlarda şütüyən, 25 yaşında hotellər şəbəkəsinin sahibi olan tay-tuşları isə mütləq gizlənəcəklər. Belələrindən bu xalqa fayda yoxdur, olmayıb, olmayacaq da.
Ona görə də müasir gənclik barədə beş il öncə yazdığım pessimist fikirlərə dəyişiklik edən gənclərin fəallığından, prinsipiallığından xoşnud olduğumu, bu fikri çoxlarının bölüşdüyünü məmnunluqla yazıram.
Gənclərimizə halal olsun. Bir gün onlar bu ölkəni idarə edəcəklər. Bizə düşən iş onları qorumaq, yetişdirməkdir.