Samir SARI
samir_sari@mail.ru
“FEYSBUK”un İKİ ÜZÜ
Deputat Fəzail Ağamalı deyib ki, hökumət “Feysbuk”u bağlamalıdır. Müğənni Brilliant Dadaşova isə bildirib ki, feysbuk Allahın nemətidir. Hazırda ölkə ictimaiyyəti iki qrupa bölünüb, bir hissəsi Ağamalının, bir hissəsi isə Dadaşovanın tərəfindədir.
Ancaq bu iki tirə arasında, oxumuş adamlar demişkən, disbalans var – virtual məkandan Dadaşovanın tərəfində olanlar çoxdur. Gerçək və saxta profillərlə birlikdə ümumi sayları 1 milyona çatmış feysbuk istifadəçilərinin 99,9 faizi müğənnimizin tərəfindədir. Onlar da hesab edirlər ki, bu sosial şəbəkə Allahın nemətidir.
Ölkədə isə 9 milyon əhali var, hesab edək ki, onun 2-3 milyonu xaricdədir, 2-3 milyonu uşaq-muşaqdır, 5-6 yüz mini yaşlı, feysbuk hayında olmayan təqaüdçülərdir, yenə də Fəzail müəllimin tərəfində 1-2 milyon adam var. Onlar da hesab edirlər ki, bu sosial şəbəkə pis və lazımsız şeydir, insanların başını xarab edir.
Təbii ki, mollalar feysbuku Allahın neməti hesab etmirlər, onlara görə, bu sosial şəbəkə şeytan əməlidir və haramdır. Bu üzdən İranda feysbuk yasaqdır. O gün bir dostumuz İrana getmişdi, ha çalışıb ki, feysbuk üzərindən dünya ilə əlaqə saxlasın, mümkün olmayıb.
Ona görə ki, o ölkədə də Fəzail müəllim kimi mühafizəkar deputatlar var və onlar hesab ediblər ki, feysbuk vələdüzinaların, müxtəlif antimilli ünsürlərin, kafirlərin oylağıdır.
Eşitdiyimə görə, Sudanda da hökumətin feysbukun feysini görən gözü yoxdur. Bir sıra başqa ölkələrdə də bu sosial şəbəkəyə səmimi qəlbdən nifrət edirlər.
Maraqlı bir detal ondan ibarətdir ki, feysbuka nifrət edən ölkələrin içində bir dənə də olsun dürüst seçki keçirən, demokratik ölkə yoxdur. Bunlar əsasən o ölkələrdir ki, orada padşah nə deyirsə, odur.
Bu baxımdan Fəzail Ağamalının feysbuku bağlamaq təklifi heç də sensasion deyil və tam təbii təklifdir. Prinsipcə, bu ölkədə normal seçki keçirilmirsə, feysbuk niyə olmalıdır?
Bu yerdə kimsə deyə bilər ki, onda telekanallar, çanaq antenlər də olmamalıdır. Əlbəttə, olmamalıdır. Məgər dədə-babamız çanaq anteniylə SNN-ə baxıb? Yaxud əcdadlarımız feysbuk vasitəsilə argentinalı Alisiya ilə yazışıb?
Ancaq indilikdə milli telekanalları bağlamağa ehtiyac yoxdur, çünki hamısı bağlanmış kimidir. Millət cumub feysbuka, informasiyanı da oradan alır, əyləncəni də orada axtarır. Hələ gündəlik kişi göft-guları, qadın qeybətləri də feysbukda gedir.
Fəzail müəllim ona görə belə deyir ki, dövlətçilik mövqeyində dayanır və inqilabdan qorxur, elə bilir ki, Azadlıq meydanına yığışıb “İstefa” qışqıra bilməyən insanlar feysbukdakı azad meydanlarda, “İstefa” qrupunda cəmləşər və bir gün ortalığa məğlətə qatarlar.
Hərçənd ən qorxulusu elə feysbuku bağlamaqdır. O zaman məşğuliyyət tapa bilməyən insanlar, xüsusilə də gənclər virtual dünyadan real həyata keçəcəklər, bax, onda Fəzail müəllim də hesab edəcək ki, heç demə, feysbuk Allahın nemətiymiş.
Bəzi yoldaşlar deyirlər, yox, bu ideya Fəzail müəllimə məxsus deyil, bunu yuxarı yerlərdə, sarayda fikirləşiblər. Guya ki, gənclərin aksiyasında konkret təşkilatçıların olmaması, bütün təşkilatçılığın feysbukda öz-özünə getməsi ölkə müdiriyyətini əndişələndirib.
İndi belə çıxır ki, hökumət odla su arasında qalıb. feysbuku boş buraxacaq, yüz minlərə narazı insan bir-biri ilə dost-qardaş, həmrəy olacaq, birləşəcək, birgə tədbirlərə qatılacaq. Yox, əgər hökumət tutub feysbuku bağlasa, onda da yuxarıda dediyim kimi olacaq, insanlar toplaşmağa yer tapacaqlar.
Amma insafən, doğrudan da feysbuk böyük nemətdir, depressiyada olan adam şəbəkəyə girəndən yarım saat sonra “smaylik”i (gülüş işarəsi) “smaylik”ə calayır. Burada ailələr qurulur, ideoloji mübarizə, “millət davası” gedir, vətənpərvərlər at oynadır, ziyalılar öz savadlı fikirlərini bölüşürlər, qərib eldə olanlar doğma yurdun iyini feysbukdan alırlar, siyasi polemikalar burada aparılır və sair və ilaxır.
Kim nə deyir, desin, əsl “Feysbuk inqilabı” bu şəbəkə bağlansa olacaq. Kimin hünəri var, bağlasın.