Zamin HACI
zaminhaci@gmail.com
KOKTEYL-DÖVLƏT
NİDA Vətəndaş Hərəkatının 3 gənc üzvü srağagün oğurlanmışdı. Yaxınları, dostları onlar haqda heç bir məlumat ala bilmirdilər. Polis nazirliyi “bizdə məlumat yoxdur” şablon-cavabını verirdi və qəti utancaqlıq hissləri keçirtmirdi. 3 adam oğurlanıb, onların harda olduğunu öyrənmək yerinə polisin “xəbərimiz yoxdur” söyləməsi biabırçılıqdır.
Bəzi versiyalara görə gəncləri Milli Təhlükəsizlik Nazirliyi oğurlamışdı. Dəqiq olmayan, şayiə xarakterli məlumatda belə deyilirdi. Guya bu gənclərin yaşayış yerlərindən içində benzin olan butulkalar tapılıb. Guya gənclər bu butulkaları 10 martda nəzərdə tutulan “Əsgər ölümlərinə son” aksiyası zamanı hakimiyyət nümayəndələrinə atacaqmış.
Əslində yalnız benzin dolu butulkaya görə adam tutmaq yapokratiyanın qorxaqlığının əlamətidir, bir növ, kölgəsindən ürkmək və gəncləri qorxutmaq cəhdidir. Nə benzin, nə butulka, nə də butulkaya doldurulmuş benzin cinayət məsuliyyəti yaratmır. Bunlar qeyri-qanuni əşyalar deyil. Bu saat yoxlasan bəlkə Azərbaycandakı sürücülərin yarısı maşınında müxtəlif qablara (butulka, kanistr və sairə) tökülmüş benzin daşıyır. Butulkadakı benzin qabın ağzına taxılan əsgi fitil yandırılıb atıldığı anda qeyri-qanuni odlu silah kateqoriyasına düşə bilər. Necə deyərlər, “Molotov kokteyli” bu zaman olur. Əgər benzin saxlamaq, ümumiyyətlə, neft məhsullarına məhəbbət cinayət sayılırsa üzünə-gözünə neft sürtən və nefti sümürməklə hakimiyyətdə qalan yapokratiya nümayəndələri çoxdan dar ağacından asılmalı idi. Çünki bunlarda benzinin butulkası yox, sisternləri, kəmərləri var…
Yeri gəlmişkən, MTN-də əyləşən quşbeyinli çekistlərə bir əməliyyat məlumatı vermək istərdim: Bakı şəhərində xeyli insanın evində şəkər tozu var! Şəkər tozundan isə müəyyən komponentlər əlavə etməklə qorxunc bomba hazırlamaq olur. Buyurun, “dom Feyzulla bomba prinesyol!”. Tutun camaatı. Sizə çekist adı verənin boyunu yerə soxun… (Prinsipcə adamın boyu hazırda elə yerdədir).
Jurnalist Elmar Hüseynovu, general Rail Rzayevi və xeyli başqa tanınmış insanları qətlə yetirənləri tapmaq əvəzinə MTN küçələrdən yeniyetmə ovlayır. Bunu özümdən yazmıram, buyurun, oğurlanan gənclərin doğum tarixləri ilə tanış olun: Məhəmməd Əzizov – 1992, Bəxtiyar Quliyev – 1993, Şahin Novruzlu – 1995. Güc qurumlarının insan şərləmək potensialına bələd hər bir vətəndaşımıza gün kimi aydındır ki, bu gənclərin evlərinə həmin benzin dolu butulkaları yapokratiya özü yerləşdirib. Ancaq bu gənclərin doğum tarixləri həm cəmiyyət, həm iqtidar üçün maraqlı siqnal olmalıdır. Fikir verirsinizsə, onlar SSRİ-filan görməyən, müstəqillik dövrünün cocuqlarıdır. Yapokratiyanın axırına bu gənclik çıxacaq. Onlar savadlı, müstəqil, azad dünyagörüşlü, qanında totalitar sistemin qorxusu olmayan gənclərdir. Onlar KQB generalı, “Kremldəki adamımız”, nə bilim, komsomolçular və Baykal-Amur Magistralı xatirələri ilə yaşayan, kiflənmiş sovet azərbaycanlısı deyillər.
Tək MTN deyil, ölkədə heç bir dövlət qurumu faktiki olaraq öz funksiyalarını yerinə yetirmir. Hamı hər şeyə burnunu soxur. O üzdən, Siyəzəndə toyuq fabrikinin maaş ala bilməyən fəhlələri… icra hakimiyyətinə şikayətə getmişdilər. Elə bil icra hakimi toyuq fabrikinin müdiri imiş. Bəlkə elə deyil? Yoxsa nədən ötən il həmin icra aparatının şefi – ölkə prezidenti toyuq yumurtalarının bahalı olmasına müşavirə həsr etmişdi?
İndi dövlətçilik məntiqimizə uyğun olaraq əsgər ölümlərinə etiraz edən gənclərin evinə benzin butulkasını qoyub adam oğurlayan çekistlərin əvəzinə milli təhlükəsizliyi Kənd Təsərrüfatı Nazirliyi qorumalıdır. Məsələn, ölkənin bütün perimetri boyunca noxud və turp əkməklə…