Zamin HACI
zaminhaci@gmail.com
BİR NEÇƏ KUBMETR ÖLÜ
Amerika Birləşmiş Ştatlarının əcaib hesablama sistemləri dünyanın qalan dövlət və xalqlarını bezdirmişdir. Məsələn, hamı istiliyi Selsi ilə ölçəndə, bunlar Farengeytlə ölçür. Bütün dünya kilometrlə yeriyir, bunlar millə. Guya orijinaldırlar. Əslində dünyanın yerdə qalan hissəsinin ölçü sistemini qəbul etməmək yankilərin bir bicliyidir. Axı dünyanın təbii ehtiyatlarını əsas sümürənlərindən biri ABŞ-dır. Ölçü sistemini fərqli ediblər ki, bizdən nə qədər sümürdüklərini anlamayaq.
Ancaq bəzi hallarda bu ölçü sistemi gülməli düşüncələrə səbəb olur. Məsələn, dünən ABŞ Dövlət Departamentinin dünyada narkotik dövriyyəsinə aid hesabatından “Hər il Azərbaycandan 11 metrik-ton heroin Avropaya daşınır” cümləsini oxuyan bir narkoman həmyerlimiz bunu necə anlasın? İstər-istəməz düşünər ki, gör amerikalılar necə “mal vurublar”, artıq heroini metrlə ölçürlər. Halbuki bunu metrik-ton yazmağa qəti ehtiyac yox idi, ölçü sistemində metrik-tonla ton eyni şeydir, hər ikisi 1000 kiloqramdır.
Hər halda, nə niyyətlə yazıblar – yazsınlar, bizi sevindirən odur ki, ölkəmizin adı dünyada tanınır, narkotrafikdə vacib dövlətlərdən biriyik. Bu münasibətlə Dövlət Sərhəd Komitəsinin rəhbərliyini, başda gənc general Elçin Quliyev olmaqla – təbrik edirik. O cümlədən Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin rəhbərliyinə də xalqımız adından minnətdarıq. 11 ton heroini itkiyə yol vermədən, düşmən əlinə keçmədən Avropaya, dünya bazarlarına çatdırmaq o qədər də asan iş deyildir. “Əfqanıstan və İrandan Avropa və Rusiyaya gedən əsas narkotrafik marşrutlarının mərkəzində yerləşən Azərbaycan heroin və digər narkotiklərin daşınmasında mühüm ölkədir” – ABŞ-ın hesabatındakı bu cümlədən aldığımız kayf biz azərbaycanlılara bir ömür bəsdir. Bəs necə, mühüm ölkəyik! Hər ölkə mühüm olmur ki? Ermənilər partdasın!
Yeri gəlmişkən, orduda əsgər ölümlərinə etirazlar var. Deputatxanada hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə buna irad bildirmişdir. Deputat deyir ki, məsələni şişirdənlər var, bütün dünyada orduda əsgərlər ölürlər, əsgər ölümlərindən Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə edənlərə ar olsun və sairə.
Mən Əli Hüseynovun mövqeyini ikiəlli, ikiayaqlı, hətta lazım gəlsə çöməltmə oturaraq dəstəkləyirəm. Adam haqlıdır. Orduda əsgər ölümündən ordunun güclənməsi naminə yararlanmalıyıq. “Necə”sini Əli Hüseynovla birgə fikirləşmişik: bundan sonra hər müəmmalı əsgər ölümünə görə bir deputatxana üzvü dombalaq aşacaqdır. Yığılan enerji orduya yardım fonduna toplanacaq. Vəsait çox toplansa, Səfər Əbiyevə antrikot qonaqlığı veriləcəkdir. Əli Hüseynov da dəvətlidir.
Əsgər ölməsin, sürücünü nəqliyyat müfəttişi döyüb öldürməsin, zindanda məhbus vərəmləyib ölməsin, polisdə tutulan döyülüb çezməsin… Ta nə oldu? Kim ölsün bəs? Deputat və nazirlər? Bəlkə Prezident Administrasiyası ölməlidir? Bu nə yaramaz məntiqdir, kim bunu xalqımızın beyninə yerləşdirmək istəyir? Torpaq – uğrunda ölən varsa vətəndir! Şair gözəl deyibdir. Sən yanmasan, mən yanmasam, necə çıxar qaranlıqlar aydınlığa? Sən donmasan, mən donmasam Murovdağda, Necə yeyər generallar plov, bağda?
Əli Hüseynovun orduda itkilərin şişirdilməsi sözlərinə daha bir dəstək: SSRİ İkinci Dünya savaşında 20 milyon nəfər qurban vermişdi, axırda Berlini almışdı. İndi 100 gəncimiz ölüb, ağlaşma qururlar. İmkan verin, 20 milyona çatsın, bəlkə Berlinə gedəcəyik?
Belə ölkədə ala qarğa bala çıxartmaz, nəinki deputatlar qanun çıxardırlar…