Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Nazir oğlunun əmisi
Milli Məclisin son iclasında YAP-çı deputat, bir vaxtlar Əli İnsanovun YAP-a bəxş elədiyi layiqli kadr Məlahət İbrahimqızı “Topaz” futbol qumarı kontoru ilə bağlı sərt çıxış elədi. Bundan sonra hamı oturub fikirləşdi ki, balam, bu mərc obyektlərinin yiyəsi kimdir axı YAP da onu vura.
Jurnalistlər bir az ipiqırıq, paxıl adamlardır. O dəqiqə barmaqlarını uzadıb nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar bala Məmmədovu göstərdilər. Dedilər ki, bu futbol qumarxanalarına o və atasının biznes şəriki olan Hafiz Məmmədov (qloballaşan qumarbaz dünyada “Hafka” adı ilə tanınır) başçılıq edirlər.
Elə bunu demişdilər ki, Anar bala Məmmədovun əmisi, nazirin qardaşı, deputat (bizdə də ərəb şeyxləri kimi bir neçə titulu daşımaq dəbdir) Elton Məmmədov yoldaş vulkan kimi partlayıb od püskürdü, mətbuat və xalq da onun püskürdüyü lava qatının altında qaldı.
Elton əmi aldı görək nə dedi: “Bu obyektlərin Anar Məmmədova heç bir aidiyyəti yoxdur. Mən anlamıram ki, bu müxalif qüvvələr sağlam gənclərimizdən nə istəyir. Biz hüquqi dövlətdə yaşayırıq. Hüquqi dövlətdə “Topaz” və ya idmanımızın inkişafına yönəldilmiş digər obyektlərin fiziki-hüquqi şəxslər tərəfindən dövlət qeydiyyatından keçərək fəaliyyət göstərməsində qeyri-adı heç nə yoxdur. Bu, artıq hüquqi bazalı məsələdir. Bu müxalifət aktiv gənclərimizin hissiyyatı ilə oynamasın. Bu gənclər dövlətçiliyimizə sədaqətlə xidmət edən, dövlətimizin mənafeyini qoruyan insanlardır. Bu insanlara qarşı sağlam mövqedə olmaq lazımdır. Axı “Azadlıq”, “Yeni Müsavat” Anar Məmmədovdan nə istəyir? Təəssüf ki, Anar Məmmədov kimi gənclərimizin sayı azdır. Anar kimi gənclərin dövlətimizin inkişafı və təbliğatı ilə bağlı gördüyü işləri alqışlamaq lazımdır”.
Çox qəşəng və ağıllı əmidir…, yox e, söhbətdir. Ona görə də Elton əminin sözlərinin hamısını yazdım. Amma gərək bir-iki sualımızı da verək ki, öz vətəndaşını Bakıdan çıxıb rayona vizasız gedəndə arsız-arsız tutan, daş-qalaq eləyən hüquqi dövlətimiz bir az da çiçəkləsin. Yoxsa indi yaz gəlir, alça sürətlə çiçəkləyir, hüquqi dövlətçiliyimiz isə ondan geri qalır. Ayıbdır…
Başlayaq bu obyektlərin Anar bala Məmmədova heç bir aidiyyətinin olmaması gopundan. Elton əmi, aidiyyəti var, özü də ayının xoşladığı bal kimi… Sübut istəyirsən? Deyim də. Futbol qumarı işi 2001-ci il, yanvarın 18-də rəsmən Məmmədovlar ailəsinin şəxsi biznesinə çevrilib. Həmin gün bu biznesi idarə edən “Azinteltek” şirkəti yaradılıb, onun ticarət nişanı kimi “Topaz” adlı kontorlar işə başlayıb. Bu şirkətin bütün maliyyə əməliyyatlarını da “Bank of Azerbaijan” həyata keçirir. Bəlkə indi durub and işəsən ki, bu bank da bizim deyil?
İkincisi, belə bir qumarxana şəbəkəsi yaratmaq ideyası hələ 2009-cu ilin payızında var idi. Onu da ARDNŞ və AFFA prezidenti Rövnəq Abdullayev qapazlamaq istəyirdi. Deyirdi ki, pul möhtəkirlərin cibinə axır, bu vəsaiti ölkə idmanının inkişafına sərf etmək lazımdır. Sonralar o, belə söhbətləri qəfildən yığışdırdı. Əvəzində Anar bala danışmağa başladı. Onun və başının dəstəsinin 2010-cu ilin aprelində “gedin hazırlaşın, iyunun 11-də işə başlayırıq” deməsi o vaxt idman qəzetlərində eninə-uzununa yazıldı. Niyə iyunun 11-də? Çünki həmin gün futbol üzrə dünya çempionatı başlayırdı. Bu – belə…
Gələk Elton əminin “Anar kimi gənclər dövlətimizin mənafeyini qoruyan insanlardır” sözünə. Baş üstdə Allah var, düz deyir. İnişil yekəpər bir ayı Qəbələ meşələrindən enib dövlətçiliyimizi basmarlamaq, bəlkə də yeyib-dağıtmaq istəyirdi. Sağ olsun Anar bala və dostları, xəbəri eşidən kimi bir neçə milyonluq yaxtaya minib üz qoymuşdular Qəbələyə sarı ki, qonur ayını öldürüb dövlətimizi xilas etsinlər. Yaxta Bilgəh tərəfdə qayaya ilişib batan fason olmuşdu. Amma bu milli ruhlu gənclər ruhdan düşməmiş, yaxtadan düşüb vertolyota minmiş, özlərini Qəbələyə çatdırıb o məlun ayını parçalamışdılar. Odur-budur, dövlətçiliyimiz yerindədir. Həm onun, həm də Anar balanın bu hərəkətinin şöhrəti WikiLeaks-dan belə yayılıb. Amma mən də ona təəssüf edirəm ki, Anar balaya buna görə “İstiqlal” istəmədik, heç qotur “Şöhrət” də vermədilər. Halbuki İlhamə Quliyevaya çoxdan veriblər.
Elton əmi haqlıdır, Anar bala kimi gənclərə qarşı sağlam mövqedə olmaq lazımdır. Amma düzü, mən bir az nasazam, ölkədə gözlü-başlı səhiyyə sistemi yoxdur deyə o gün məcbur olub ara həkiminə getdim. O da dedi kürəyini ayı piyi ilə ovdur. Mənsə o şoğəribi tapa bilmirəm. “Azadlıq”dakı dostları, elə “Yeni Müsavat”dakı uşaqları da bilmirəm, amma şəxsən mənə bir nəlbəki ayı piyi lazımdır. Anar bala Məmmədovdan onu istəyirəm. Qalıbsa, zəhmət olmasa bir az göndərsin…