Xalid KAZIMLI
samir_sari@mail.ru
STALİNƏ RƏĞBƏTİN SİRRİ
Dünən Stalinin ölümünün 60-cı ildönümüydü. Stalin dövrünü görməyən yeni nəsillər üçün bu, çox qədim, 600 il geridə qalan bir dönəmdir. Stalinin vaxtında yeniyetmə və gənc olan indiki ahıllar isə “elə bil, dünən idi” deyə nostaljiyə qapılırlar.
Təbii, burada ötən illər və əldən çıxmış gənclik dövrüylə bağlı xiffət də var, amma Stalin epoxasına duyulan həsrət də böyükdür.
Bunu bu günlərdə üç Qafqaz respublikasında aparılan rəy sorğuları da göstərdi. Azərbaycana aid göstəricilərdə qeyd olunurdu ki, bu ölkədə əhalinin 44 faizi Stalinə rəğbətlə yanaşır.
Əlbəttə, həmin 44 faiz respondentin heç də hamısı ahıl adamlardan ibarət deyil, onların əksəriyyəti yəqin ki, Stalin dövründə yaşamayan, o günlər barədə kitablardan, qəzet-jurnallardan oxuyan, ya da yaşlı doğmalarından nəsə eşitmiş adamlardır.
Bu, Stalin fenomeninə öləzimək bilməyən təbii ictimai münasibəti göstərir. Müdhiş repressiya illərindən salamat çıxanların özləri və varisləri bu tarixi şəxsiyyətə münasibətdə dözümlü ola, ona rəğbət bəsləyə bilərlər.
Bir də Stalinə münasibəti atüstü mühakimə edilərək, ağır cəzalara məruz qoyulan, kimsəsiz adalara aparılıb güllələnən, Sibirdə bütöv bir ölkə kimi yaşayan həbs düşərgələrində 50 dərəcəlik şaxtalarda məhv olan, nəsli kəsilən milyonlarla günahsız insandan da soruşmaq olsaydı…
Haqsızlığa, amansızlığa məruz qalmayan milyonlarla, məşəqqətlər çəkərək məhv olmuş milyonların rəyi hər halda haçalanardı, ancaq ikincilərin böyük əksəriyyəti rəy bildirmək imkanını hələ Stalinin dövründə itiriblər – həyatları ilə birlikdə.
Dünən isə bəşər tarixinin ən böyük tiranlarından birinin ölümündən 60 il keçirdi. Qurduğu, böyütdüyü imperiyanın sərhədlərinə, rəhbərlik etdiyi ölkənin dünya siyasətinə təsirinə, zəif bir ölkəni qüdrətli bir imperiyaya, nüvə dövlətinə çevirdiyinə görə Stalinin misli yoxdur.
Ondan da başqa böyük fatehlər olub, ancaq hamısı sonra məğlubiyyət acısı dadıb. Stalin isə gözünü dünyaya müzəffər bir generalissimus kimi yumdu və qurduğu dövlətin başına nə gəldiyindən xəbəri olmadı.
Bu tarixi şəxsiyyətin bu gün də davam edən populyarlığı, xarizması heç də öz ətrafında şəxsiyyətə pərəstiş kultu yaratmasıyla, özü barədə total təbliğat apartdırmasıyla bağlı deyil. Ona qalsa, adam 60 ildir həyatda yoxdur və ölümündən bir neçə il sonra şəxsiyyəti eyni dərəcədə total anti-təbliğata məruz qaldı və bu günədək də onun amansızlığı lənətlənir. Ancaq insanların şüurunda o, hələ də “böyük və yaxşı dövlət xadimi” kimi qalmaqdadır.
Nədən? Ona görə ki, dəyişən dövran, sonradan dövlət başına keçən hökmdarlar və rəhbərlərin fəaliyyəti bu tarixi şəxsiyyətə istər-istəməz bəraət qazandırdı.
Onların heç biri Stalinlə müqayisə olunacaq səviyyədə idealist olmadılar. Düzdür, sonrakı hökmdarlar Stalin qədər insan həyatı məhv etmədilər, amma onlar da xalqa iztirab çəkdirdilər və xoşbəxtlik gətirmədilər.
Müasir tiranlarla Stalinin arasında isə yerlə göy qədər fərq var. İndikilərin hamısı milyarderdir, min il sonra da qurtarmayacaq qədər varidata sahibdirlər, yaşayış tərzləri orta əsr padşahlarından qat-qat dəbdəbəlidir. Stalin isə özündən sonra nəinki varidat qoymayıb, hələ borc kağızları tapılıb. O, hakimiyyəti övladlarına ötürməyi ağlının ucundan belə keçirməyib.
İndiki hökmdarlar (söhbət qeyri-demokratik ölkələrin rəhbərlərindən gedir) – Kubadan tutmuş Şimali Koreyaya qədər öz ölkələrində stalinlik edən hüdudsuz səlahiyyət sahibləri həm tükənməz sərvətə malikdirlər, həm də hakimiyyəti özlərindən sonra mütləq bioloji varislərinə ötürməyə çalışırlar. Qəzzafi və Mübarək də o niyyətdəydi, alınmadı.
21-ci əsr olsa da, hələ də demokratiya haqqında cəmiyyət olaraq heç bir təsəvvürü olmayan xalqlar diktatorlara dözümlü yanaşa bilirlər, hətta ona rəğbətlə də yanaşarlar – yetər ki, hökmdar qəddar olsa da, ədalətli, qanunpərəst, dürüst və gözütox olsun.
Tərs kimi, müasir dünyanın tiranları həm tamahkardırlar, həm qəddardırlar, həm də xalqdan çox-çox uzaqdırlar.
Onların heç biri ölümlərindən nəinki 60 il, heç 60 gün sonra da sevilməyəcəklər.