Çoxları üçün ulduzlarla görüş həyəcanlı bir haldır. Tanınmış aktrisa ilə müsahibə hazırlayan gənc jurnalistin də başına belə hadisə gəlib.
BBC-nin müxbiri Kris Stark tanınmış aktrisa Mila Kunis ilə müsahibəyə getməzdən əvvəl həyəcanlanmamaq üçün bir qədər spirtli içki içib. Nəticədə aktrisa ilə jurnalistin söhbətindən belə bir təəssürat yaranıb ki, sanki aktrisa jurnalistdən müsahibə götürür.
Söhbətin əvvəlində jurnalist etiraf edir ki, həmin vaxta qədər bu qədər gözəl və tanınmış bir qadınla söhbət etməyib. Bundan sonra aktrisa rahatlaşır və anlayır ki, onu standart müsahibələrdən fərqli olaraq qeyri-adi dialoq gözləyir.
“Mənimlə ünsiyyətdə qorxulu nə var ki?” aktrisa soruşur.
“Mən sizinlə çoxlu sayda kameranın qarşısında söhbət etməli oluram, həmin kameralar vasitəsi ilə də minlərlə insan bizə baxır. Baxmayaraq ki, insanlar hər şeyin qaydasında olduğunu göstərmək üçün gülümsəyirlər, lakin vəziyyəti təbii adlandırmaq çətindir. Bu dostlarla kafedə oturub söhbət eləmək kimi bir şey deyil”, – jurnalist cavabında deyib.
Bundan sonra jurnalist və aktrisa bir neçə dəqiqə aparıcının sevimli kokteylləri, futbol və toyuq yeməkləri haqqında danışırlar.
Söhbətin arasında jurnalist deyir ki, əvvəlcədən hazırladığı sualları verməlidir, lakin aktrisa buna ehtiyac olmadığını, belə qeyri-rəsmi ünisiyyəti daha çox bəyəndiyini deyir.
Sonda Mila Kunis etiraf edir ki, indiyə qədər ən maraqlı müsahibəsini verir. Ulduz aktrisanın bu fikirlərini BBC rəhbərliyi də bölüşəcəkmi? Bu, hələ bilinmir.
milli.az