Famil CƏFƏRLİ
familceferli2@gmail.com
2 FAİZ SƏSLƏ DEPUTAT OLMAQ
İndiyə qədər jurnalist həmkarlarım arasındakı söz atışmalarının heç birində tərəf tutub kiməsə qahmar çıxmamışam. Heç kimə tərəfkeşlik eləməmişəm. Amma indi eləyəcəm. “Azərbaycan” qəzetinin baş redaktoru, YAP üzvü, deputat Bəxtiyar Sadıqovla qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərudun davasında gərək “Azərbaycan”çılıq təfəkküründən çıxış edək.
Elbrusdan heç gözləməzdim. Utanıb-çəkinməyib, götürüb o boyda deputatı yaman günə qoyub. Dünən zəng eləyib özünə də dedim. Dedim, Elbrus, adam adamı elə vurmaz. Dedim, vurulmuşu vurmaq düz deyil. Dedim, xalqın ah-naləsi, bir də elədikləri yaramazlıqların bədəlinin videosu bu dəstəni onsuz da başına qaldırıb çırpıb yerə, bu dəqiqə hamısı əzik-üzükdür. GÜLƏR üzləri donub, GÜLƏR gözləri dolub…
Əlqərəz, mən Bəxtiyarla Elbrusun söz davasında YAP-çı deputatın tərəfindəyəm. Güclüyə arxa-dayaq, ya da onun səfində durmağa nə var e?! Bunu Xanhüseyn Kazımlı da bacarır. 20 ildir YAP-ın böyründən əl çəkmir. Əsas məsələ zəifə, əlsiz-ayaqsıza, əlilə-zəlilə qahmar çıxmaqdır. Adamın ürəyi gərək yumşaq və geniş ola.
Hə, indi görək Sadıqov niyə belə narahatdır, nədən qorxur ki, bəzi qəzet və saytları söyür. Deməli, Elşad Abdullayev, ya da onu idarə edənlər xəbər yaydı ki, onlarda yoldaş Bəxtiyar haqda da 40 dəqiqəlik video var. Qəzet və saytlar da bu xəbəri yaydı. Sadıqov bundan qəzəbnak olub deyir belə şey yoxdur. Yoxdur – yoxdur də, day üzünü niyə cırırsan? Düz dayanan adam kölgəsinin əyri düşməyindən qorxmamalıdır. Sadıqov isə nədənsə bərk qorxur.
Qorxana “qorxma-qorxma” demək lazımdır. Həm də o, sözün düzünü deyir axı. Onu necə müdafiə etməyəsən?! Bəs sən nə deyirsən, ay Elbrus?! Heç zad. İşin-gücün xəbər yazıb onu-bunu biabır eləməkdir. Belə də şey olar?! İndi biri bir dərədə çaşıb iki qaşıq peyin yeyib, ya bir rüşvətxorla video çəkdirib deyə sən bunu yazıb sayta qoymalısan? Bəs kişilik, bəs qeyrət, bəs lider dövlət, bəs milli dəyərlər, bəs qara zurna, qoşa nağara?!
Amma gör bizim bu igid Sadıqov həqiqətləri öz dili ilə necə qəşəng deyir. Deyir ki, Elşad dələduzdur, ABU-nun rəhbəri olanda yüzlərlə tələbəni və valideyni aldadıb, pulunu yeyib. Bəxtiyar yoldaş deyir Elşadın yığdığı o milyonlar haradandır, hansı yolla qazanılıb…
Bəlkə adam düz demir? Düz deyir. Amma düzü, düz deyə-deyə də quş qalmır buraxır. Yaxşı, ay YAP-çı deputat qağa, Elşad dələduzdur, amma YAP-da yetişdirilən dələduzdur də. O, hər halda müxalifət partiyalarından hansınınsa üzvü deyil axı. Öz salfetinizə yiyə durun da bə. Qabaqdangəlmişlik edib “Elşad o milyonları hansı yolla qazanıb” deməzdən əvvəl ikicə qram ağıl işlədib düşünmək lazım idi. Biz də sənin üzvü olduğun sevimli YAP hökumətinin yaxasından yapışıb onu soruşuruq də: necə oldu ki, dələduz sizi bu illər ərzində rəsmən fırladıb milyonlar qazandı, silsilə cinayətlər törətdi, siz də onu görmədiniz? Görmə probleminiz vardı, yoxsa Elşad sizə də görüm-baxım edirdi deyə səsinizi soxmuşdunuz içəri?
Yoldaş Sadıqov deyir: “Qardaşı müəmmalı şəkildə yoxa çıxandan sonra özü kimi dələduzlara rast gələn Elşad Abdullayev artıq antiazərbaycan şəbəkənin əlində alətə çevrilərək Azərbaycana qarşı vuruşur”.
Bəlkə adam düz demir? Düz deyir. Amma düzü, düz deyə-deyə yenə yekə bir quş buraxıb. “Özü kimi dələduzlar” nə deməkdir?! Elşadın rast gəldiyi adamların bizə bəlli olanları hələlik bunlardır: YAP-çı deputat Gülər Əhmədova, YAP üzvü Sevinc Babayeva, məhkəmə hakimi, vəsiqəsiz YAP-çı Ağababa Babayev, yüksək rütbəli zabitlər, prezidentin mühafizə xidmətinin əməkdaşı… Vay, vay, bir partiyada nə qədər dələduz olarmış…
Bir də ki, Elşadın yoxa çıxan qardaşı Mahir MTN mayoru olub. Bəs adam niyə, özü də müəmmalı şəkildə yoxa çıxmalı idi? Bu necə ölkədir? Yoxsa YAP-çı deputat demək istəyir ki, ölkəmiz Afrikadır, adamyeyənlər, yamyamlar yurdudur, cəngəllikdir, burada adamlar, özü də o boyda zabit iynə kimi düşüb itə, düymə kimi yoxa da çıxa bilər? Belə demək istəyibsə, ona afərin, ürəkli deputat imiş.
Gərək onun necə deputat seçildiyini də deyək ki, qaranlıq heç zad qalmasın. Xalq onu sevir. Ağdamda seçicilərin düz 2,003 faizi Sadıqova səs verib. Elbrus isə burada da qərəzli davranaraq saxtakarlıq eləyib, yazıb Bəxtiyar cəmi 2 faiz səs alıb. Adam kişi olar, adamın 0,003 faiz səsini yeməz…