İspaniyanın «Marca» qəzeti: «Siyasi müxalifətin əzildiyi, korrupsiyanın geniş yayıldığı bir ölkənin adını oyunçuların sinəsində görmək «Atletiko» fanatlarına nə qədər xoş gələcək – bilinmir»
Tezliklə Madrid “Atletiko”sunun oyunçularının köynəyində Azərbaycanın adı yazıla bilər. Bununla bağlı 15.5 milyon dollarlıq sponsorluq razılaşması müzakirə edilir. “Marca” adlı ispan qəzetinə istinadən “Azadlıq” radiosunun əməkdaşı Colin o’Connor yazır ki, “Atletiko” ilə Azərbaycan arasında sponsorluq razılaşması artıq imzalanmaq ərəfəsindədir:
Bu idman qəzeti yazır ki, “razılaşmanın şərtləri təkcə bu neft zəngini Qafqaz ölkəsinin adı köynəklərdə yazılmasından ibarət deyil.
Sponsorluq şərtlərinə görə, ölkənin adının futbolçuların köynəklərinə yazılmasıyla yanaşı, “Atletiko” Azərbaycan komandası ilə yoldaşlıq oyunu keçirməli, milli komandanın imicinin gücləndirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Əvəzində isə Azərbaycan “Atletiko”nun büdcəsinə təxminən 15.5 milyon dollar köçürməlidir.
Amma komandanın büdcəsinə xeyirli olmasına baxmayaraq, bu razılaşmanın “Atletiko” azarkeşlərinin ürəyincə olacağını demək hələ tezdir. Siyasi müxalifətin əzildiyi, korrupsiyanın geniş yayıldığı bir ölkənin adını oyunçuların sinəsində görmək “Atletiko” fanatlarının əksəriyyətinə nə qədər xoş gələcək – bilinmir”.
Müəllif yazır ki, azarkeşlərin bir çoxunun xoşuna gəlməsə də, oyunçuların köynəklərində reklam yeni bir şey deyil. Təkcə son bir ildə Britaniya Premyer Liqası belə reklamdan 236 milyon dollar, beynəlxalq futbol federasiyası isə 2 milyard dollar qazanıb.
“Atletiko”nun oyunçularının köynəyində Azərbaycanın adının yazılması ilə bağlı ilkin razılaşma keçən ilin sonundan əldə edilib. Və artıq komanda bu köynəklərlə yaşıl meydana çıxıb.
Futbol üzrə Ispaniya çempionatında dekabrın 1-də baş tutan Madrid derbisində “Real”la görüşdə “Atletiko” oyunçuları meydana üzərində “Land of Fire – Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) yazısı olan formalarda çıxıblar.
azadliq.info