Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 409,8 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin ilk 11 ayına nisbətən istehsalın həcmi metallurgiya sənayesində 17,6%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 60,4% artıb.
Hesabat dövründə metallurgiya sənayesində çuqun tökmə istehsalı 2,4 dəfə artaraq 1 084,1 ton, polad tökmə istehsalı 10,8% artaraq 204,5 min ton, qeyri-cins poladdan dəstlər şəklində armatur 42,4% artaraq 224,6 min ton, polad borular istehsalı 38,3% azalaraq 57 min ton, alüminium oksidi istehsalı isə 24,7 dəfə artaraq 101,8 min ton təşkil edib.
Hazır metal məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə gəldikdə, bu müəssisələrdə cari ilin 11 ayında mayelər üçün çənlər, sisternlər və bakların istehsalı 31% azalaraq 559,5 ton, alüminium qapı və pəncərə istehsalı 71,6% azalaraq 844,3 ədəd, qara metallardan qapı və pəncərə istehsalı 45,9% artaraq 1 175,2 ədəd, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı isə 65,5% artaraq 5 536,5 ton təşkil edib.
apa.az