«APA-Economics»in məlumatına görə, Gömrük Məcəlləsinin 163.5-ci maddəsinə uyğun olaraq hazırlanan bu qaydalar gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi qaydasını müəyyən edir.
Qaydalara əsasən, şərti buraxılış – mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılışdır. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Həmin mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra gömrük orqanlarının icazəsi ilə yol verilir. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar gömrük nəzarəti altında olurlar.
Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılması üçün fiziki və hüquqi şəxslər müvafiq məlumatları və sənədləri təqdim etməklə gömrük orqanlarına müraciət etməlidir. Gömrük orqanı tərəfindən müraciətə onun daxil olduğu tarixdən 3 iş günü müddətində baxılır və şəxsə kağız üzərində yazılı formada icazə verilir. Gömrük Məcəlləsinin tələblərinin yerinə yetirilməməsi barədə əsas olduqda, icazənin verilməsindən imtina edilir və bu barədə şəxsə əsaslandırılmış səbəb göstərilməklə, kağız üzərində yazılı formada məlumat verilir.
apa.az