Astroloq Firudin Qurbansoy: “Dünya ölkələrində müharibələr, silahlı qarşıdurmalar olacaq, Azərbaycanda isə…”
2013 İlan üstdə təhvil olacaq. Bu, çox təhlükəli heyvandır. Bir tərəfdən insanı sanca bilər. Ancaq digər tərəfdən insan üçün ilan zəhərindən faydalı heç nə yoxdur. Bunun üçün də İlan ilinin ərəfəsində ulduzların bizə nə vəd etdiyini bilmək xüsusilə maraqlıdır. Ümumiyyətlə, qarşıdan gələn “qara ilan ili”müxtəlif bürclərdən olan insanlara nə dərəcədə düşərli olacaq?
Tanınmış astroloq Firudin Qurbansoy deyir ki, İlan ili özünün gərginliyi ilə yadda qalır: “Adətən İlan illərində heç vaxt bolluq olmayıb, həmişə gərginliklər, müharibələr, təlatümlər olub. İlan ilində bu il başlayan hadisələr inkişaf edə-edə gedəcək və daha da gərginləşəcək. Dünyanın bir çox ölkələrində müharibələr, silahlı qarşıdurmalar olacaq. Yaxın Şərqdə gərginlik davam edəcək. Həmin gərginlik Azərbaycandan da yan keçməyəcək. Bizdə ciddi təlatümlər gözlənilməsə də, sakit bir il olmayacaq. Bir sözlə, İlan ili nə dünya üçün, nə də Azərbaycan üçün xeyir-bərəkətli il olmayacaq. İlan ilində heç vaxt ucuzluq olmayıb, həmişə dava-dalaş olub. Bu baxımdan, 2013-də bahalaşma olacaq, davamlı qarşıdurmalar baş verəcək”.
Astroloqun sözlərinə görə, gələn il təbii fəlakətlərin sayı artacaq, sürüşmələr, vulkanlar, zəlzələlər sıx-sıx müşahidə ediləcək: “Vulkanlar, əsasən, fevral ayına qədər olacaq. Sonra xeyli dərəcədə səngimə olacaq. Əsasən sürüşmələr olacaq. Ancaq böyük insan tələfatı olmayacaq. Lakin müəyyən qədər insan itkisi müşahidə ediləcək. Adətən, İlan illərində təbii fəlakətlər intensiv olur. Gələn il də onlardan biri olacaq. Avropa ölkələrində subasmalar çoxalacaq, sürüşmələr olacaq”.
“Bəs Yeni ildə Azərbaycanı nə gözləyir” sualına astroloqun cavabı belə oldu: “İlan ili bütün dünyada zəka ili kimi yadda qalıb. Axmaq adamlar bu ildən heç nə qazana bilməyəcəklər. Amma ağıllı adamlar bu il bir çox məchul məqamlara aydınlıq gətirəcək. Yeni kəşflər, yeni tapıntılar olacaq, yeni sənədlər üzə çıxacaq, insanların görmədiyi, bilmədiyi bəzi məsələlər ortaya çıxacaq. Amma İlan ilində səfehlərin işləri yolunda getməyəcək. Yeni ildə alimlərin, bilikli insanların sayında artım olacaq. Tarix boyu İlan ilində Azərbaycanda nələrin baş verdiyinə diqqət yetirdikdə, 2013-cü ildə də ciddi hadisələrin olacağını deyə bilərik”. F.Qurbansoy İlan ilinin digər illərə göstərəcəyi təsirlərdən də danışıb. Deyir ki,
Kəsəyən ilində dünyaya gələnlər üçün bu il yeknəsəq keçməyəcək, darıxmağa fürsət olmayacaq. Amma onlar diqqətli olsalar, yaxşıdır. Öküz ilində dünyaya gələnlər hər bir işdə ağıllarına və təcrübələrinə dayanaraq addım atsalar, daha çox uğur qazana bilərlər. Pələng ilində dünyaya gələnlərin İlan ilində işləri çox olacaq. Bu il daha çox oxumaq və biliyə yiyələnmək üçün uğurludur. Dovşan ilində dünyaya gələnləri dəyişkənlik gözləyir. Onlar başladıqları işləri bütün detallarına qədər mükəmməl bilməlidirlər. Əjdaha ilində dünyaya gələnlər ölçü hissini gözləməli, vədlərə və maksimalizmə uyub böyük səhvlər buraxmamalıdırlar. İlan ilində dünyaya gələnlər öz illəri olduğunu nəzərə almalıdırlar. Onlar bütün fəaliyyətlərində ancaq öz imkanlarına güvənməlidirlər. Bu il yaddaqalan, böyük işlər üçün hər cür şərait olacaq. At ilində dünyaya gələnlər əldə olan bütün imkanları səfərbər edib, gələcək üçün yaxşı özül yaratmalıdırlar. Qoyun ilində dünyaya gələnlərin həyatında müəyyən dəyişikliklər gözlənilir. Amma çoxdan gözlədikləri mükafatı onlara verməyəcəklər. Ona görə də ilin təzadlarının reallığını qəbul etsələr, yaxşıdır. Meymun ilində dünyaya gələnlər arzuladıqlarını götürməsələr də, heç kəs onlara bəxşiş verməyəcək. İlan ilində meymunlar ağıllı risklərdən böyük qazanc əldə edəcəklər. Gələn il Toyuq ilində dünyaya gələnlər üçün çətin anlaşılan ildir. Səhvlərə yol verəndə, onu, o dəqiqə düzəltməyə cəhd etmək lazımdır ki, sonradan maneəyə çevrilməsin. İt ilində anadan olanlar özlərini çox ağıllı göstərməməlidirlər, yoxsa vəziyyət onların əleyhinə dəyişə bilər. Cari illər öz axarı ilə gedəcək, nəyisə dəyişməyə cəhd göstərməsələr daha yaxşıdır. Qaban ilində dünyaya gələnlər İlan ilində xeyli qazanacaq. Onlara da tənbəllik və biganəlik göstərmək olmaz.
“Bəs 2013-cü il müxtəlif bürclərdən olan insanlara nə dərəcədə düşərli olacaq” sualına astroloqun cavabı belə oldu: “İlan ilinin bütün bürclər üçün uğurlu olacağı gözlənilir. İşin düz gətirməsi, uğurlu il olması baxımından su ünsürlü bürclər – Balıqlar, Xərçəng, Əqrəb və torpaq ünsürlülər – Buğa, Qız, Oğlaq üçün bu il rahat il sayılır. Çünki bu il Su ilanı ilidir. Su və torpaq ünsürlülər İlan ilində daha çox uğur qazana biləcəklər. Eyni zamanda bu ilanın zəhəri, qəzəbi o biri ilanlara nisbətən azdır. Su ilanlarının insanı sancmasından adam ölmür. Bu mənada, o biri İlan illərinə nisbətən bu İlan ili müəyyən ünsürlər üçün qismən humanist mərhələ olacaq. İlan ili bir o qədər də sakit il sayılmır. İlan ili zəka ili olduğuna görə hər kəs ağılla hərəkət edərsə, uğur əldə edə biləcək”. 2013-cü illə bağlı proqnoz verən dünya astroloqları, o cümlədən Rusiyanın tanınmış astroloqu Pavel Qlobo bildirib ki, yeni il tanışlıqlar, ünsiyyət kommunikasiya vərdişlərinə yiyələnməklə yanaşı, yeni perspektivlərə yol açacaq və səmərəli olacaq.
İlan ilində doğulan məşhurlar isə bunlardır: Dostayevski, Vladimir Mayakovski, Avraam Linkoln, Kim Besincer, Toni Bleyr, Con Kennedi, Nobel, Pablo Pikasso, Bred Pitt.
milli.az