“Azərbaycan siyasətinə rus barmağı” məsələsi dağdan qopan qar çığı kimi böyüməkdədir. Bu mövzudan danışanlar, rəy bildirənlər artdıqca məsələnin ciddiliyi bir o qədər bariz şəkildə ortaya çıxır.
Son günlər bu məsələyə münasibət bildirənlərin siyasi coğrafiyası da genişlənib. Əsasən üst-üstə düşən fikirlərin müəlliflərinin bir neçəsinin sözlərini iqtibas edək.
Müsavat Partiyasının başqanı İsa Qəmbər “Yeni Müsavat”a verdiyi müsahibədə bu mövzuya toxunaraq deyib: “Rusiyanın hakim elitasına da izah olunmalıdır ki, siz Rusiyanın Azərbaycanda təsirinin olmasını istəyirsinizsə, buraya güc göstərməli deyilsiniz”.
Son 15 ildə azı yüz dəfə Rusiyanın məkrli siyasətindən danışan politoloq Vəfa Quluzadə bildirib: “Moskva bilir ki, Qarabağ müharibəsini təzələyə bilməyəcəkE Deməli, əlac qalır şimal zonasında münaqişə yaratmağa, ”Sadval”ı diriltməyə. Rusiya Xəzərdə də öz donanmalarını gücləndirib. Lazım olanda özünün separatçı tərəfdarlarını qızışdırıb ayağa qaldıracaq. O zaman da rus donanması gəlib Bakı buxtasında dayana bilər”.
Vaxtilə ruspərəst Mütəllibov komandasında təmsil olunan və həmişə öz mötədil fikirləri ilə tanınan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyovun analoji məsələyə münasibəti aşağıdakı kimidir: “Rusiyanın məqsədi SSRİ-ni yeni bir formada bərpa etməkdir. Moskva qarşısına reallıqdan uzaq bir məqsəd qoyub və bu məqsədə nail olmaq üçün müəyyən təzyiqlər edir”.
Milli Məclisin digər üzvü Qüdrət Həsənquliyev də Rusiyanın ölkəmizə uzanan barmağından əndişəli olduğunu bu cür ifadə edib: “Moskvada bilirlər ki, Azərbaycanda Ukrayna ve Gürcüstan ssenarisi keçərli deyil. Ona gorə də 1993-cü il Gəncə qiyamını başqa formada təkrar edə bilərlər. Məsələn, Quba-Qusar, yaxud Balakən-Zaqatala zonasını nəzarətdən çıxarmaq və bu zaman İbrahimbəyov kimilərdən Bakıda və digər rayonlarda dəstək almaq yolu ilə…”.
Göründüyü kimi, bu mövzuda danışan və hələ bundan sonra da danışması gözlənilən şəxslər Rusiyanın son dövrlərdə yol verdiyi hərəkətlərin tendensiya səciyyəli olmasını Azərbaycana təhlükə hesab edirlər.
Bu sətirlərin müəllifi “bölgədəki rus barmağı”, Rusiyanın neo-imperiya iddiaları mövzusunda ilk yazısını hələ 1996-cı ildə yazıb və bu bənzər yazılar vaxtaşırı olaraq, ta günümüzə qədər davam etməkdədir.
Əslində, Rusiyanın Azərbaycana məkrli münasibəti, onun daxili işlərinə qarışması, Qafqazdan, eləcə də Azərbaycandan heç vəchlə vaz keçmək istəməməsi ötən əsrin 90-cı illərinin ortalarından yüksələn xətt üzrə inkişaf edirdi və çoxlarına bəlliydi.
Bu məsələ ona görə indi aktuallaşır ki, indiyəcən dövlət maraqlarını, ölkəmizdə cücərməsinə çalışdığımız demokratiya rişələrini təhdid edən “rus təhlükəsi” indi hakimiyyəti, onun ümdə maraqlarını təhdid edir.
Dünənə qədər Rusiya siyasiləri və generaliteti YAP hakimiyyəti ilə müttəfiq idi. 1995, 1998, 2000, 2003, 2005, 2008 və 2010-cu illərdə keçirilən parlament və prezident seçkilərini xatırlayaq. Bu seçkilər sırf Rusiya ssenarisi ilə, Bakıya gələn rus emissarların (onların sırasına Kreml siyasiləri, eləcə də təhlükəsizlik generalları daxil idi) birbaşa təlimatları ilə keçirilirdi. Seçkiləri necə saxtalaşdırmağı, müxalifətə necə zorakılıq tətbiq etməyi bizimkilər öz “böyük rus qardaşları”ndan öyrənir, direktivləri yüzdəyüz dəqiqliklə tətbiq edirdilər.
Moskva Azərbaycanda seçkiləri bu sayaq keçirməklə ailə-klan hakimiyyətinin dövranının uzanmasını təmin edir, ona hər cür dəstək verirdi.
İndi hakimiyyət adamlarının narahatlıq dolu açıqlamaları, başladıqları əks-təbliğat göstərir ki, deyəsən, vəziyyət dəyişib və yenə ölkəmizə şimaldan soyuq külək əsəcək.
Sadəcə, hələlik bəlli deyil ki, Rusiyanın gerçək niyyəti nədir, o, bu təzyiqlərlə nəyə nail olmaq istəyir. Ortada bir xeyli neqativ və bir qədər də pozitiv gümanlar var. Amma ola da bilər ki, Kremlin umduğu başqa şeydir, onu aldıqdan sonra yenə generallarını Bakıya seçki keçirməyə göndərəcək.
Hələ bir neçə il (eləcə bir ay) öncə yazmışdıq ki, Qafqaz regionunun demokratikləşməsi Rusyadan çox asılıdır, amma öncə Rusiya özü demokratikləşməlidir.