21 dekabr yaxınlaşdıqca hörmətli zəhmətkeşlərimizin də narahatlığı artır, şəxsən mən bu narahatlığı hiss edirəm. Nəinki hiss edirəm, hətta suallardan və məktublardan yorulmuşam. Az qala hər gün yüzlərlə vətəndaşımız zəng vurur, məktub yazır, küçədə-bayırda yaxamızdan yapışıb soruşur: “21 dekabrda dünya doğrudan dağılacaqmı? Siz jurnalistsiniz, bunu bilərsiniz”.
Əlbəttə, biz bilirik. Biz də bilməyəndə ta kim biləsidir? Vətəndaşlarımızın qəzetə, mətbuata heç olmazsa dünya dağılan ərəfədə üz tutması da qəlbimizi fərəhlə doldurur. Dünyanın axırı, Azərbaycanda prezident seçkilərinin nəticələri, axşam saat 6-7 arası avtobusa minməyin mümkünlüyü, Bakıya yağış, qar yağsa nələr olacaq – bu kimi məsələlər dünyada ən asan proqnoz ediləcək məsələlərdir. Sadəcə, mən anlamıram zəhmətkeşlərimiz dünyanın axırından niyə bu qədər təşvişə düşmüşdür. Yaraşmayan, dözülməz haldır. Başqa xalqlar qorxsa bəlkə anlayardıq, sizə nə olubdur? Dövlətimizə, siyasi sistemimizə layiq vətəndaşlar olmalıyıq.
Birincisi, proqnoza görə 4-5 gün bütün planet qaranlığa qərq olacaqdır ki, bu məqsədlə hamımız evə şam alıb yığmışıq. Şəxsən mən 10 yeşik şam almışam, qaranlıq düşəndə indidən məşq eləyirik, evdə hamam-tualetdən tutmuş televizorun üstünə qədər hər yerə şam düzüb yandırırıq, çox romantik ev mühiti yaranır. Şam işığında adam əsrarəngiz görünür, Hollivud filmlərinə baxmamısınız? Dünən hətta arvadağa yarıqaranlıqda məni Bryus Uillisə bənzədib, mən də dedim xətri xoş olsun, onu Ancelina Coliyə oxşatdım. Uşaqlar da dedilər milyonları harda gizlətmisiniz, daha bunun mövzumuza dəxli yoxdur.
Bəli, qaranlıq olacaq. Yaxşı, bu qaranlığın nəyi qorxulu və təhlükəlidir? Heç nəyi. Siz heç qaranlıqdan ölən gördünüzmü? Əksinə, hər gün çoxlu sayda zəhmətkeşlərimizi tok vurur. Bir növ, işıqdan ölürlər.
İkincisi, tutaq ki, planet dağıldı (Əslində ehtimala ehtiyac yoxdur, yüz faiz dağılacaq). Bəyəm siz televizora baxmırsınız, heç xəbərləri izləmirsiniz?
Təzəlikcə hörmətli prezidentimiz İlham Əliyev Füzuli rayonuna səfər etmişdi, orda zəhmətkeşlər qarşısında çıxışı zamanı dedi ki, Şuşa və Qarabağın başqa bölgələri işğaldan azad ediləcək, sonra da biz oralarda tikinti-bərpa işləri aparacağıq. Çünki bizim pulumuz çoxdur! O cümlədən, planet işğalçı şər qüvvələr tərəfindən dağıdılandan sonra bizim hökumət onu tam bərpa etmək qüdrətindədir. Bu məqsədlə hər cür kadrlarımız, namxuda, vardır.
Məsələn, planetin dağılmış yollarını Ziya Məmmədov, Cavid Qurbanov yüksək keyfiyyətlə bərpa edərlər. Okean, çay-göl yerlərini Hacıbala Abutalıbov və “Azərsu” su ilə doldurar. Ekologiya nazirimiz Bağırov nəsli kəsilmiş flora-fauna aləmini təzədən yaradar. Hüquq-mühafizə orqanları asayişi, kənd təsərrüfatı naziri yaşayışı, müdafiə naziri nəvazişi, “JEK”lərimiz arayışı bərpa edərlər (Nəvazişi qafiyə xətrinə yazdım, o qədər də dəxli yoxdur – Z.H.)
Yer planetində elə bir şey yoxdur ki, bizim onu təzədən qayırmağa gücümüz, qüdrətimiz olmasın. 9 iqlim qurşağı onsuz varımızdır, qalan 4-nü də BDU-da, elmi laboratoriyada süni şəkildə düzəldə bilərik. Muğamat deyirsən – bizdə, idman deyirsən – bizdə, yemək-içmək, Evrovizion, Eldar şamı (bu ağac dünyada yalnız MTN ərazisində bitir – Z.H.), xalça ipliyi, Qarabağ atı, Kür begemotu, şeyxin timsahları, nazirin delfinləri, bulvarda baobab ağacı… Planetin bütün zəruri ehtiyat və ehtiyaclarını öncədən görmüşük. Dağılır, cəhənnəmə dağılsın. Prezident bir dənə sərəncam verər, planeti bərpa edərik.
Bərpa müddətində planet sakinlərinin müvəqqəti yaşayışı üçün Masazır və Mehdiabad tərəflərdə çoxlu evlər də tikilmişdir.
Hətta sizə deyim ki, biz düz eləmədik, gərək planeti vaxtında özümüz dağıdıb yenidən quraydıq, bu zaman işlər daha keyfiyyətli olardı. Bəlkə Rövnəq bəyin başı Sulutəpəyə qarışmasa belə də olardı. Neyləyək, buna da şükür.
Sonda onu da deyim ki, biz planeti bərpa edəndən sonra onun ətrafına yekə bir hasar da çəkəcəyik. Hər it-qurd, marsiançik balası niyə bu gözəlliyə baxsın?