17 milyardlıq büdcənin 3 milyard manatı və ya 17 faizi bu ay silinəcək
2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərclərinin 34 faizi və ya 2 milyard dolları dekabrda xərclənəcək. Maliyyə Nazirliyinin rəsmi məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında 5 milyard 774 milyon manatlıq investisiya xərclərinin 3 milyard 806,6 milyon manatı və yaxud 66 faizi icra edilib – orta hesabla hər ay 422 milyon manat xərclənib.
Belə çıxır ki, ilin ilk 9 ayında orta hesabla 422 milyon manat investisiya vəsaiti xərcləndiyi halda, sonuncu rübdə hər ay 656 milyon manat xərclənəcək. Ancaq son illərin təcrübəsi göstərir ki, sonuncu rübün birinci iki ayında da orta aylıq dinamikaya uyğun xərclənmələr baş verir. Yəni oktyabr və noyabr ayında da 420-450 milyon manat xərclənməsi ehtimal edilir (bu aylar üzrə rəsmi statistika hələ yoxdur – red.). Qalan vəsait isə dekabrda “yoxa” çıxır. Yəni təxminən dekabrda yalnız bu mənbə üzrə 1,2 milyard manatlıq vəsait xərclənəcək. Belə deyək ki, yanvar-noyabr ayında aylıq xərclənmə 7,3 faiz olduğu halda, dekabrda bu göstərici 20 faizə qalxıb. Bütövlükdə, isə dekabrda 3 milyard manatlıq büdcə xərcinin icrası gözlənilir.
Ötən il də oxşar tendensiya müşahidə edilib. 2011-ci ilin büdcəsində 5,8 milyard manatlıq investisiya xərclərinin 2 milyard manatdan çoxu dekabrda xərclənib. Bütövlükdə ötən 16 milyardlıq büdcənin 4 milyardı dekabrda silinib. Belə çıxır ki, ilin 11 ayında hökumət neftin qiymətin kəskin ucuzlaşmasından ehtiyat edərək büdcə xərclərinə qənaət edir, dekabrda – maliyyə ilinin sonunda isə qalan vəsaitin növbəti ilə keçməməsi üçün hərəkətə keçir, tələm-tələsik tenderlər elan edilir, yeni ilə “təmiz büdcə” ilə adlayırlar.
Bu fakt bir daha göstərir ki, hökumətin büdcə siyasəti baş-ayaq həyata keçirilir. Hər hansı sistemli, elmi yanaşmadan kənar olan büdcə siyasəti böyük neft pullarının qısa zaman kəsiyində mənimsənilməsinə hesablanıb. Sadəcə, hökumət 11 ay həyəcanla dünya bazarında neftin qiymətini izləyir, dekabrda dünya neft bazarında vəziyyətin dəyişməyəcəyinə tam əmin olduqdan sonra büdcə vəsaitlərinin mənimsənilməsinə start verilir və bu proses ayın sonuna qədər başa çatır. Bu “ehtiyatlı” yanaşma 2008-ci ildə neftin kəskin ucuzlaşmasından sonra tətbiq edilir. O vaxt neftin qiyməti 147 dollardan 33 dollara qədər ucuzlaşdı. Neftdən asılı büdcə üçünsə bu ciddi təhlükə deməkdir. Hökumət bunun fərqində olduğundan 11 ay gözləmə mövqeyi tutmağa məcbur olur.
Bununla belə, 2012-ci ilin büdcəsində əvvəlki illə müqayisədə dekabr ayına az vəsait saxlanılıb. 2011-ci ildə bu vəsait 4 milyard manat idisə, bu il investisiya xərcləri də daxil olmaqla bu göstərici 3 milyard manata yaxındır. Bu azalma hökumətin 2009-cu ildən başlayaraq formalaşan “ehtiyatlı xərclənmə siyasətinin” tədricən dəyişməsi anlamını vermir. Sadəcə olaraq bu il “Eurovision” yarışması keçirildiyindən tədbirlə bağlı birbaşa və dolayı xərcləmələr 1 milyard manata yaxın oldu. Ona görə də bu ilin “dekabr əməliyyatları” üçün xərclərin məbləği ötən illə müqayisədə bir qədər azalıb.
Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, korrupsiya tutumlu investisiya layihələrində büdcə xərcləri 100 faiz icra edildiyi halda, sosial layihələrin icrasında hökumət ənənəvi olaraq “xəsislik” nümayiş etdirir. Məsələn, səhiyyə xərcləri 96 faiz, sosial müdafiə xərcləri isə 91 faiz icra edilib. Bütövlükdə, ilin ilik 9 ayında büdcə xərcləri 90 faiz icra edilib. Ancaq 9 ayın yekunlarına görə, büdcə xərclərinin proqnozlardan 10 faiz az icra edilməsi ilə bağlı heç bir tutarlı səbəb yoxdur. Əksinə, büdcə gəlirləri artıqlaması ilə icra edilib – 103,1 faiz, neftin dünya bazarındakı qiyməti də büdcədə nəzərdə tutulan baza qiymətindən (100 dollar) yüksək olub. Buna baxmayaraq hökumət “ehtiyatlı siyasətini” davam etdirərək büdcə xərclərinə “xəsislik” edib və nəticədə 1,5 milyard manat profisit yaranıb. Halbuki 2012-ci ilin dövlət büdcəsində 600 milyon manat defisit proqnozlaşdırılırdı. Yəni Maliyyə Nazirliyi 1,5 milyard manat vəsaiti dekabrda silmək üçün “saxlayıb”. Bu fakt bir daha göstərir ki, hökumətin büdcə siyasəti çox primitiv və korrupsiya qoxulu bir siyasətdir. Burada heç bir elmi yanaşmadan, sahələrin real ehtiyaclarının dəyərləndirməsindən söhbət gedə bilməz. Burada yalnız bir “dəyər” var – il boyu neftin dünya bazarındakı qiymətini izləmək və dekabr ayında “artıq” qalan vəsaiti silmək. Bu qədər primitiv. Buna görə cild-cild büdcə sənədi hazırlamağa, növbəti illər üçün inkişaf proqnozlarını verməyə və çox ağıllı görünməyə cəhd etməyə ehtiyac yoxdur. Belə büdcəni adi maliyyəçi də tərtib edə bilər – dünya bazarında neftin qiymətini izləyib, dekabrda büdcədə qalan vəsaitin silinməsinə qərar vermək çox sadə bir işdir. Görünür, maliyyə naziri cənab Samir Şərifovun parlamentdəki büdcə dinləmələrində büdcəyə irad hökumət üzvlərini təhqir etməsi də bu primitivliyi ört-basdır etmək istəyib. Ancaq görünən dağa nə bələdçi?
musavat.com