YAP çoxluğu Cənubi Azərbaycan və Borçalı türklərinin yolunu kəsən layihəyə haqq qazandırmağa çalışdı.
Milli Məclisin dekabrın 11-də plenar iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçən müzakirələrdə ilk öncə cari məsələlərdən danışıldı. Deputat Vahid Əhmədov Gürcüstanda yaşayan soydaşlarımızın problemlərindən bəhs edərək bildirdi ki, bu günlərdə qonşu ölkədə olub. Deputat dedi ki, viza məsələləri ilə bağlı Gürcüstan azərbaycanlıları Azərbaycanda müəyyən olunmuş müddətdən artıq qalırlarsa, onlara cərimə tətbiq edilir: “Qırmızı körpü” sərhəd keçid məntəqəsində Gürcüstandakı soydaşlarımız incidilir, hətta ona burada yaşayan övladına 10-15 kq alma keçirməyə imkan verilmir.
Vahid Əhmədov: “Erməni lobbisi Gürcüstanda da çox ciddi işləyir ki, azərbaycanlıları deportasiya etsin”
Mən xahiş edirəm ki, hökumət bu məsələyə baxsın. Ortada siyasi məsələlərin olduğunu biz başa düşürük, amma hər halda soydaşlarımızın taleyin ümidinə buraxmamalıyıq, onlara kömək etməliyik. Onların ciddi problemləri var. Cərimənin 400 manata qaldırılması çox ciddi məsələdir, insanlar narahatdır, onlar Azərbaycana gəlməkdən ötrü əziyyət çəkirlər. Biz başa düşürük ki, orda siyasi proseslər hansı istiqamətdə gedir. Ancaq elə şərait yaratmalıyıq ki, Ermənistanda baş verən proseslər orda baş verməsin”. V.Əhmədov soydaşlarımızın təhsil problemlərindən də bəhs etdi: “Onlar dedilər ki, Azərbaycanla bağlı dərslikləri faktiki olaraq yoxdur. Odur ki, Təhsil Nazirliyindən xahiş edirəm ki, bu məsələyə diqqəti artırsın. Erməni lobbisi Gürcüstanda da çox ciddi işləyir ki, azərbaycanlıları deportasiya etsin. Ona görə də onların normal şəraiti ilə bağlı əlimizdən gələni etməliyik”.
Əli Əhmədov Azərbaycanın 2015-ci ildə Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsini yüksək dəyərləndirdi. Deputat Qəbələ RLS-in məsələsinə toxunaraq qeyd etdi ki, Rusiyanın həmin qurğudan imtinası Azərbaycanın böyük qələbəsidir: “Bunun əks effekti də ola bilər, amma biz buna hazır olmalıyıq”. Deputatın sözlərinə görə, bəzi KİV-lər bu hadisənin ətrafında ajiotaj yaratmağa çalışırlar: “Azərbaycan-Rusiya münasibətlərinin pozulacağını deyirlər, bu doğru deyil. Bu Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına heç cür gətirib çıxardan məsələ deyil. Sadəcə bu cür yazılar üçüncü tərəfə kömək göstərir. Bunun qarşısını almaq lazımdır”.
Əli Məsimli də Gürcüstandakı soydaşlarımızla bağlı V.Əhmədovun qaldırdığı məsələni dəstəklədiyini bildirdi. Dedi ki, kapitalın Gürcüstana yönəldilməsinə orda yaşayan azərbaycanlıların problemlərinin həllinə imkan verər:
“Bu şansı bu dəfə buraxsaq, ciddi yanlışlıq olar”. Ə.Məsimli çıxış edərək Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsini təqdir etdi. Bildirdi ki, 2012-ci ilin başa çatması ilə bağlı bəzi şirkətlər endirimlər edirlər və bu istiqamətdə təbliğat aparırlar: “Bəzi şirkətlər var ki, 50 manata alınan hər hansı məhsulu 150 manata satır, belə şeyin qarşısını almaq lazımdır”.
O.Əsədov da burda problem görmədiyini dedi: “Qazaxıstanla Rusiya arasında 2050-ci ilədək Baykanur məsələsi var idi, amma layihə qiymətləri barədə məsələ qaldırıldı. Bunu şişirtmək lazım deyil”.
Fərəc Quliyev Azərbaycan parlamentində Qarabağ dinləmələrinin keçirilməsini təklif etdi: “Ən azından koordinasiya olması, bir çərçivənin müəyyənləşməsi və vahid mövqedən çıxış edilməsi üçün dinləmələrə ehtiyac var.
Təklif edirəm ki, qapalı bir çərçivədə XİN-in iştirakı ilə dinləmələr keçirilsin”. F.Quliyev də V.Əhmədovun Gürcüstanla bağlı qaldır məsələyə dəstək verdi və Gürcüstandakı soydaşlarımıza güzəşt edilməsini təklif etdi.
O.Əsədov Qarabağ dinləmələri ilə bağlı təklifə reaksiyasında “Ermənistanda cəmi 2 milyon əhali qalıb, 8 milyon əhali xaricdə yaşayır” deyərək onların fəallığından bəhs etdi: “Sank-Peterburqda 350 min, Uktraynada 300 min azərbaycanlı yaşayır, bir dənə normal deputatımız yoxdur”.
Siyavuş Novruzov son günlər müzakirə olunan Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdikləri problemlərdən danışarkən bildirdi ki, orada 500 min azərbaycanlının yaşamasına baxmayaraq, cəmi 3 azərbaycanlı deputat var: “Biz bu məsələlərlə bağlı dəfələrlə Gürcüstanın spikeri ilə görüşmüşük. Gürcüstanda yaşayan azərbaycanlıların iş məsələsini həll etmək lazımdır. Azərbaycanlıların beş kiloqram ora alma aparması, 10 kq armud gətirməsi məsələsi deyil. Mən Ziyafət müəllimlə bu məsələ ilə bağlı gürcü rəsmilərlə söhbət etmişik. Azərbaycanlıların işlə təmin olunması məsələsini qaldırmışıq. Deyir gürcü dilini bilir, yox. Ali təhsili hardadır? Elşad Abdullayevin Beynəlxalq Universitetində”.
Aydın Mirzəzadə də olimpiya məsələsindən danışdı: “Mən çox sevinirəm ki, avarçəkmə yarışları mənim seçildiyim Mingəçevir şəhərində keçiriləcək”.
Gövhər Baxşəliyeva Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında məqaləsindən danışdı və onu “proqram səviyyəli məqalə” adlandırdı.
Sahib Alıyev İP-in ünvanına da həqarətlər də söylədi.
Novruz Aslanov bəzi qəzetlərin təhqiramiz yazılarına etirazını bildirdi. “Mən mətbuatda deputatlar və Milli Məclis barəsində bəzi yazılara öz etirazımı bildirirəm. Hesab edirəm ki, tənqidlə təhqir qarışdırılmamalıdır” deyən deputat mətbuatda parlament üzvlərinin təhqir olunması ilə bağlı narahatlığını bölüşərkən Milli Məclisdə akkreditə olan müxalifətyönlü medianın müxbirlərinin yazılarının obyektiv olduğunu diqqətə çatdırıb və nümunə kimi “Yeni Müsavat” qəzetinin əməkdaşını göstərdi: “Məsələn, burda bir Elşad Paşasoy nümunəsi var. O hər zaman yazılarında təhqirdən uzaq olub”.
Bundan sonra gündəlikdəki məsələlərə keçildi. Milli Məclisdə Azərbaycanla İran arasında güzəştli sərhəd keçidlərinə dair memorandumun ləğvi ilə bağlı deputatlar müzakirələr apardı.
Deputat Fuad Muradov bildirdi ki, Azərbaycanla İran arasında bağlanmış sənədlərin beynəlxalq hüquq normalarına uyğun olaraq yenidən baxılmasına ehtiyac duyulur. Deputatın fikrincə, bu məsələlərlə bağlı xeyli problemlər var. F.Muradov daha sonra Xəzər məsələsinə toxundu və İran tərəfinin mövqeyini diqqətə çatdırdı. O, İranın Azərbaycanla sərhəddə “Xudafərin” su anbarı tikməsinə də münasibət bildirib: “Bu anbarın 230 metrdən hündür olmasına nə ehtiyac var idi. Hesab edirəm ki, bu, Azərbaycan üçün təhlükədir. Bu məsələlərə diqqət edilməlidir. Hökumət gələcək işlərlə bağlı ciddi işləyir və yaranacaq təhlükənin qarşısını almaqdan ötrü təqdirəlayiq addımlar atır. Bu məsələ də unudulmamalıdır”. Deputat bir müddət öncə Araz çayının daşdığını yada salaraq bununla böyük problemlər yaşanıldığını qeyd edib: “Bu baxımdan ”Xudafərin” Su anbarı ilə bağlı daha ciddi problemlər yaşana bilər. Ehtiyatlı olmaq lazımdır. Azərbaycan həmişə dostluğa, əməkdaşlığa önəm verən bir ölkədir”. Sonda o, “iranlı dostlarımıza deyirik ki, burda heç bir siyasi məslə yoxdur” dedi. Birinci müavin Ziyafət Əsgərov isə “çox qəribə çıxış edirsiniz, siz məsələni siyasiləşdirirsiniz, sonra deyirsiniz burda siyasi heç nə toxdur, buna kim inanar” deyə, reaksiya verdi.
Qüdrət Həsənquliyev: “Sərhədlərin qapanması çıxış yolu və etiraz forması deyil”
Deputat Qüdrət Həsənquliyev isə müzakirəyə çıxarılan sənədlərin əleyhinə olduğunu söylədi: “Bu, xeyli sayda insanların həyat şəraitinin, sosial şəraitinin pisləşməsinə töhfə verəcək. Xüsusilə də Naxçıvanda yaşayan insanların. İranda 30 milyon Azərbaycan türkü yaşayır, onlar Azərbaycanın şimal hissəsinə, tarixi vətənlərinə rahat gəlib-getməlidir. Bilirəm ki, zaman – zaman Azərbaycana qarşı müxtəlif təxribatlar yönəldilib. İslam rejimi Ermənistanı hərbi, siyasi baxımdan dəstəkləyir, Azərbaycanın əleyhinədir. Ermənistanı ayaqda saxlayan İrandır. Ancaq biz sərhədləri çəkib bağlamamalıyıq, qardaş Türkiyə ilə də viza rejimini qaldırmalıyıq. Sərhədlərin qapanması çıxış yolu və etiraz forması deyil. Ona görə də mən bunun əleyhinə səs verəcəyəm. Ermənistan 2013-cü ildən Avropa Birliyinə üzv ölkələrə viza rejiminin tətbiqini ləğv edir. Biz niyə bu addımı atmırıq? Biz də mütləq viza rejimini ləğv etməliyik. İran bu gün Ermənistanın ayaqda qalması üçün ona ən böyük dayaq olan bir ölkədir. Məncə, Azərbaycan İranla da viza rejimini ləğv etməlidir”.
S.Novruzov isə bildirdi ki, indi Azərbaycan o qədər inkişaf edib ki, İrana ticarət üçün getməyə ehtiyac duyulmur. Bu qanun 35 km İran tərəfindən və 35 Azərbaycan tərəfindən sərhəd əraziləri əhatə edirdi. Buna baxmayaraq insanlar yenə İrana gedib gələcəklər: “Dövlətin təhlükəsizliyi məsələsində silahlı qruplaşmaları aradan qaldırması, narkotik dövriyyənin və dini cərəyanların aradan qaldırılması üçün bu mütləq lazım idi. Gələcəkdə ola bilər ki, hər hansı addım atıla bilər”.
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova söz istəyəndə isə zala ənənəvi sükut hakim oldu. Zeynəb xanım da memorandumun əleyhinə çıxdı. Bildirdi ki, Q.Həsənquliyevin dedikləri onun ürəyincədir: “İranda olanlar bizim qardaşlarımızdır. Qardaşı qardaşdan ayırmaq olar? İndi bəziləri xəstədir, İranda müalicə olunmaq istəyir. Bizi bir-birimizdən təcrid etmək düzgün deyil. Mən bu qərarın əleyhinə səs verəcəyəm. Əgər farsı düşmən hesab ediriksə, onlar üçün belə qərar qəbul edək. Yox, millətimizi qoruyuruqsa, Milli Təhlükəsizlik Nazirliyi nə üçündür, yoxlasınlar. Mən bu qərarın əleyhinə səs verəcəyəm”.
Müzakirəyə qoşulan vitse-spiker Z.Əsgərov məsələni siyasiləşdirməməyə çağırdı. Onun sözlərinə görə, bunu başa düşmək lazımdır ki, memorandumun vaxtı başa çatıb. “Viza rejimi tətbiq olunacaq. Ola bilsin yeni qanun layihəsi hazırlanacaq. Nə vaxt ki, biz bunu təsdiqləyəcəyiksə yenidən bu məsələlər həll olunacaq. Burada siyasi amil axtarmaq lazım deyil”.
Fərəc Quliyev də Naxçıvandakı vəziyyətlə əlaqədar dərhal Türkiyə ilə viza məsələsinin qaldırılması barədə danışıqlara başlanmasını, gömrük sadələşdirilməsinin həyata keçirilməsini təklif etdi.
Müzakirələrdən sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2005-ci il qanununun ləğv edilməsi haqqında və “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə” 2006-cı il qanununun ləğv edilməsi haqqında sənədləri 4 səs əleyhinə olmaqla, bir nəfər isə bitərəf qalmaqla əksəriyyətin dəstəyi ilə təsdiqlədi.
musavat.com