Azərbaycan-Rusiya münasibətlərində gərginlik yenə üzə çıxdı
Rəsmi Bakını baş nazir Rəsizadə təmsil etdi; Rusiya prezidentinin başçılıq etdiyi toplantıda əsas müzakirə mövzularından biri iqtisadi inteqrasiya olub.
Azərbaycan prezidenti İlham Əliyev MDB-nin 4 dekabrda Aşqabadda keçirilən sammitinə qatılmayıb. Onun əvəzindən sammitə baş nazir Artur Rasizadə gedib. Əksər hallarda MDB-nin sammitlərinə qatılan Azərbaycan dövlət başçısının bu qərarı indiki vaxtda məhz Rusiya ilə münasibətlər kontekstində nəzərdən keçirilməlidir. Çünki MDB sammitlərinin harada keçirilməsindən asılı olmayaraq orada əsas fiqur məhz Rusiya prezidenti olur.
Aşqabad sammiti isə Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşdiyi indiki vaxtda prezidentlərin ikitərəfli görüş keçirməsi və ikitərəfli münasibətlərə aid məsələləri müzakirə etməsi baxımından mühüm fürsət hesab olunurdu. Digər tərəfdən, Əliyevin bu demarşının səbəblərini MDB sammitinin gündəliyində də axtarmaq lazımdır. Belə ki, sammitdə MDB ölkələri arasında iqtisadi inteqrasiyaya, o cümlədən valyuta inteqrasiyasına dair məsələlərin müzakirəsi gözlənilirdi. Bu inteqrasiya planları Putinin yenidən hakimiyyətə qayıtması ərəfəsində elan etdiyi və “SSRİ-nin bərpası” planı kimi qarşılanan Avrasiya İttifaqının qurulmasının bir hissəsidir.
Rusiya və Qazaxıstan KİV-lərinin məlumatlarına əsasən sammitdə iştirak etməyən təkcə Azərbaycan prezidenti olmayıb. Qırğızıstan prezidenti Almazbek Atambayev da sammitə qatılmayıb. Rəsmi Bişkek bunu belə əsaslandırıb ki, noyabrın 25-də keçirilən yerli seçkilərdən sonra ölkə daxilində yaranmış siyasi vəziyyət dövlət başçısının iştirakını tələb edir. Bu səbəbdən Qırğızıstan tərəfi sammitə baş nazirin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini göndərib. Moldovanı da baş nazir Vladimir Filat təmsil edib.
MDB-yə üzv olan qalan ölkələr isə dövlət başçısı səviyyəsində sammitə qatılıb. Rusiyadan Vladimir Putin, Belarusdan Aleksandr Lukaşenko, Qazaxıstandan Nursultan Nazarbayev, Ukraynadan Viktor Yanukoviç, Tacikistandan İmomali Rahmon, Ermənistandan Serj Sərkisyan, Özbəkistandan İslam Kərimovu Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov qarşılayıb.
Bundan bir gün əvvəl, dekabrın 4-də sammitin gündəliyini razılaşdırmaq üçün Aşqabadda MDB ölkələrinin xarici işlər nazirləri toplanıb. Azərbaycan bu toplantıda da nazir səviyyəsində iştirak etməyib, Bakıdan xarici işlər nazirinin müavini Xələf Xələfov toplantıya qatılıb. Rusiya xarici işlər naziri Sergey Lavrov isə NATO-Rusiya toplantısı üçün Brüsseldə səfərdə olduğundan onun yerinə müavini Andrey Denisov gedib. Nazirlər sammitin gündəliyinə çıxarılmaq üçün 13 məsələni razılaşdırıblar. Bura ticarət-iqtisadi, valyuta, humanitar və digər sahələrdə inteqrasiyanın dərinləşdirilməsi daxildir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə sammitdə 20-yədək məsələnin müzakirə ediləcəyini açıqlamışdı. Gündəliyə daxil edilən məsələlərdən biri də gələn il “MDB-nin mədəniyyət paytaxtı”nın elan edilməsi idi. Bu “paytaxt”a namizədlər Azərbaycandan Qəbələ, Ermənistandan Gümrü, Türkmənistandan Marı, Belarusdan Moqilyev şəhərləridir.
Putinin köməkçisi sammit ərəfəsində jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Rusiya, Belarus, Ermənistan və Ukraynada azad ticarət zonasına dair müqavilə qüvvədədir. Qazaxıstan və Moldova da həmin müqaviləni imzalayıb, bu ölkələr üçün müqavilə dekabrın 8-də və 9-da qüvvəyə minəcək.
“Azərbaycan və Özbəkistanın da bu müqaviləyə qoşulması məsələsi qoyulub, sənəd bu ölkələrin imzalaması üçün açıqdır”, – deyə Uşakov bildirib.
Lakin məlumdur ki, Azərbaycan MDB azad ticarət zonası barədə müqaviləni imzalamaqdan imtina edib və bunda maraqlı deyil.
Azərbaycan həmçinin Putinin Avrasiya İttifaqı ideyasını dəstəkləmir. Putinin yenidən hakimiyyət başına qayıtmasından sonra onun emissarları, əsasən Dövlət Dumasının səlahiyyətli şəxsləri Bakıda olublar və bu məsələni müzakirə ediblər. Ancaq rəsmi Bakı Avrasiya İttifaqı ideyasını dəstəkləmədiyini müxtəlif vaxtlarda büruzə verib. Ehtimal olunur ki, bu, Rusiya ilə münasibətlərin korlanmasındakı səbəblərdən biridir. Digər fikirlərə görə, məhz Rusiya və onun indiki prezidenti ilə münasibətlər yaxşı olmadığı üçün rəsmi Bakı bu təşəbbüsə maraq belə göstərmir.
MDB-nin bundan əvvəlki sammiti Putinin inauqurasiyasından az sonra, may ayında Moskvada keçirilmişdi və prezident Əliyev həmin toplantıda iştirak etmişdi. Ancaq Putinin bir çox MDB dövlət başçıları ilə ikitərəfli görüşləri olsa da, Azərbaycan dövlət başçısı ilə belə təmas olmadı.
Xəbər verildiyi kimi, bu ilin yayından başlayaraq Rusiyada Azərbaycana qarşı bir-birinin ardınca təzyiq rıçaqları işə düşüb. Əvvəlcə talış və ləzgi separatçılarının da iştirakı ilə Moskvada, Rusiya Prezident Administrasiyasının balansında olan “President Hotel”də “Rusiya və Azərbaycan sərhədlərinin ayırdığı ləzgi və avar xalqlarının problemləri” mövzusunda konfrans təşkil olunub. Həmin konfransda Rusiya hakimiyyətinin təmsilçiləri də iştirak edib, çıxışlarda Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq çağırışlar yer alıb. Daha sonra sentyabrda Dağıstanda “Sadval” separatçı təşkilatı yenidən fəaliyyətə başlayıb, eyni vaxtda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı milyarderlər Bakının əleyhinə olmasına baxmayaraq yeni ittifaq yaradıblar. Həmçinin bu ilin yayından etibarən Rusiya Dağıstanın Azərbaycanla sərhəd ərazilərinə böyük miqdarda hərbi qüvvə, o cümlədən ən yeni silahlar və hərbi texnika cəmləşdirməkdədir. Bunun nə məqsədlə edildiyinə dair rəsmilərdən heç kim izahat vermir.
Bütün bunlar Azərbaycanda “Şimal təhlükəsi” barədə narahatlıqları artırıb, Rusiyanın Azərbaycanda gələnilki prezident seçkilərində “öz namizədi” ilə çıxış etməyə hazırlaşdığına dair indi bu ölkə mediasında da geniş şərhlər gedir. Azərbaycan hakimiyyətinə bağlı KİV-lər də Rusiya əleyhinə kəskin yazılarla çıxış edirlər. Belə bir vaxtda MDB sammiti, Azərbaycan və Rusiya dövlət başçılarının uzun müddətdən sonra üz-üzə gəlməsi baxımından mühüm əhəmiyyət kəsb etməkdə idi.
Əslində MDB sammiti noyabrın 25-də keçirilməli idi, lakin Putinin belindəki ağrılarla əlaqədar onun xarici səfərləri təxirə düşdüyündən, sammiti də dekabrın 5-nə keçirmək qərara alınıb. Noyabrın 29-da Kreml rəsmi məlumat yayaraq Putinin MDB sammitində iştirak edəcəyini təsdiqləyib. Olduqca ilginc təsadüf idi ki, məhz həmin günün axşamı Rusiya prezidenti ilə Azərbaycan prezidenti arasında telefon danışığı olub. Həmin telefon danışığı barədə məlumatı Kremlin rəsmi saytı yaymışdı, bildirilirdi ki, prezidentlər ikitərəfli münasibətlərə dair bəzi məsələləri müzakirə ediblər.
Həmin telefon zəngindən sonra İlham Əliyevin MDB sammitinə qatılıb-qatılmayacağı xüsusi diqqətlə gözlənilirdi. Lakin indi məlum olur ki, bu telefon zəngi münasibətlərin yaxşılaşmasının əlaməti olmayıb və Azərbaycan prezidentinin rusiyalı həmkarı ilə üz-üzə görüşüb müzakirə aparmasına ya bu, ya digər tərəfin marağı yoxdur. Hansı ki, tərəflərin müzakirə edəcəyi kifayət qədər məsələlər tapmaq mümkün idi. Bura Qarabağ münaqişəsi, Qəbələ RLS, MDB-daxili inteqrasiya və s. daxildir.
musavat.com