Bişkekdəki Roza Otunbayeva Fondunun təşkilatçılığı ilə Qırğızıstanın Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilmişdir.
Tədbirdə Qırğızıstanın eks-prezidenti Roza Otunbayeva, ölkənin dövlət strukturlarının nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Tədbir çərçivəsində Nizami Gəncəvinin müxtəlif dillərdə çap edilmiş kitablarından ibarət sərgi, Roza Otunbayevanın kitabxanaya hədiyyə etdiyi müxtəlif kitab və eksponatlar, həmçinin Azərbaycanın milli geyimləri, qədim xalq çalğı alətləri, keçmişdə işlədilən Azərbaycan mətbəx ləvazimatı da nümayiş etdirilmişdir.
Gecədə Roza Otunbayeva çıxış edərək bildirmişdir ki, dünya şöhrətli şair Nizami Gəncəvinin əsərləri Azərbaycan və qırğız xalqlarını yaxınlaşdırır. Şərqin 500-dən artıq şairi özünü Şeyx Nizaminin şagirdi hesab etmişdir. Bu da Nizaminin ümumdünya şöhrətindən xəbər verir.
Qırğızıstanın eks-prezidenti demişdir ki, ölkələrimiz arasında münasibətlər təkcə mədəni sahədə deyil, sosial-iqtisadi sahədə də güclü inkişaf yolu tutmalıdır. Mən ölkələrimiz arasında bu istiqamətdə əlaqələrin gələcəyinə inanıram.
Tədbirdə digər çıxış edənlər də dahi Nizami Gəncəvinin dünya şöhrəti qazanmış əsərlərində əks olunan fəlsəfi baxışlar haqqında söhbət açmışlar.
Tədbir Bişkekdəki Azərbaycan musiqi kollektivlərinin ifasında böyük konsert proqramı ilə başa çatmışdır.
azertag.com