Bu il Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın qurulmasının 20 ili tamam olur.
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-UNESCO əlaqələri bu gün ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xalqımızın mədəni irsinin təbliği, onun milli və regional səviyyədə mühafizəsinin təmin olunması, həmçinin Azərbaycan mədəniyyətinin dünya arenasında nüfuzunun artırılması istiqamətindəki böyük xidmətləri sayəsində öz dinamik inkişaf dövrünü yaşayır.
Bu əlamətdar tarixi hadisəni qeyd etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə noyabrın 22-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarətlə başlanacaq yubiley tədbirləri Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-UNESCO əlaqələrinə həsr olunmuş “Azərbaycan-UNESCO mədəni əməkdaşlıq: 20 il” mərasimi ilə davam edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasimdə UNESCO-nun milli komissiyalar və vətəndaş cəmiyyəti şöbəsi direktorunun, eyni zamanda, UNESCO-nun Mərkəzi Asiya Beynəlxalq Tədqiqatlar İnstitutu direktorunun, UNESCO-nun Moskva Ofisinin nümayəndəsinin, UNESCO üzrə Gürcüstan, Özbəkistan, Belarus və Moldova milli komissiyalarının nümayəndələrinin iştirakı gözlənilir.
Mərasim çərçivəsində Azərbaycanın mədəni irsini əks etdirən sərgi, rəsmi açılış və konsert təşkil olunacaqdır.
azertag.com