Hərbidən, ordu problemlərindən yazan jurnalistlərin”Doktrina” adlı ictimai birliyi var, dəyərli həmkarımız Cəsur Sümərinlinin başçılığı ilə cəmiyyət üçün çox faydalı işlər görürlər. Məsələn, əsgər ölümlərini diqqətdə saxlayırlar, vaxtaşırı statistika açıqlayırlar. Nəticədə cəmiyyət ay, yarım il, il ərzində neçə əsgərimizin qurban getdiyini öyrənir.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da öz sahəsində çox aktivdir, vaxtaşırı neft sektorunda neçə işçinin yarıtmaz iş şəraiti üzündən həlak olması, sağlamlığını itirməsi haqda hesabatlar yayır.
Bunları qeyd eləməkdə məqsədim diqqəti zindanlardakı vəziyyətə çəkməkdir. Çox təəssüf ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti adlanan dövlət qurumunda, onun tabeliyindəki zindanlarda baş verən ölüm hadisələrinin heç bir statistikası aparılmır. Bu işlə məşğul olan QHT, insan haqları müdafiəçisi yoxdur. Halbuki, çox ciddi problemlərdən biridir.
Dünən APA xəbər yaydı: “Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində ölüm qeydə alınıb. Orada cəza çəkən 40 yaşlı Bəxtiyar Səttar oğlu Heydərov xəstəlikdən dünyasını dəyişib. Məhkumun qaraciyər serozundan əziyyət çəkdiyi və hepatit virusunun daşıyıcısı olduğu bildirilir”. Bu, təkcə noyabr ayında zindanlarda ölən 3-cü adamdır.
Mən internetdə kiçik axtarış apardım, yaydan bəri 6 məhbusun öldüyü ortaya çıxdı. Hərəsi bir zindanda, fərqli səbəblərdən, fərqli taleli insanlar… Bəs bunları niyə ümumiləşdirib, hesabat hazırlayan yoxdur? Axı, göz dəyməsin, ölkədə qranta daş atırsan, insan haqları müdafiəçisinə dəyir. Özü də bir çoxları zindandan çıxandan sonra “hüquq müdafiəçisi” olublar. Sanki zindanbaşı Mədət Quliyev oralarda hüquq müdafiəçisi akademiyası açıbdır, nəzarətçilər məhbuslara leksiya oxuyurlar, BMT insan haqları konvensiyasından, nə bilim, qədim yunan demokratiyasından-filandan seminar aparırlar.
İndi yadıma düşdü, onlardan biri – keçmiş jurnalist – zindandan çıxandan sonra deyirdi ki, Mədət Quliyev penitensiar xidmətə rəis qoyulandan sonra orda vəziyyət xeyli yaxşılaşıbdır (Əslində bunun kökündə təkcə mənfəət maraqları durmur, adam özü anlayır ki, harda yoxdursa, ora yaxşıdır). Mədət Quliyev 2011-ci ilin fevralında zindanbaşı qoyulub, dünya dekabrda dağılmasa gələn il bu vəzifədə 2 ili tamam olacaq. Əgər Quliyev yaxşı işləyirsə, zindanlarda qayda yaradıbsa niyə məhbusların ölüm halları artıb? Məntiq yoxdur axı. Yoxsa məhbuslar yaxşı şəraitə dözməyib, allergiya verib ölürlər? Təbii ki, öz xalqına silah çəkməklə, yapokratiyanı möhkəmləndirmək uğrunda Milli Qəhrəman adı qazanan adamın rəhbərliyindən ayrı nəticə də gözləmək sarsaqlıq olardı.
Məhbusların ölüm hallarında bir detal da diqqət çəkir: onların bir çoxu “Penitensiar Müalicə Müəssisəsi” adlı məkanda dünyasını dəyişir. Məntiq deyir ki, onları ya ölümcül, əlacsız vəziyyətdə, ən son anda bura gətirirlər, ya da müalicə müəssisəsində ümumiyyətlə müalicə yoxdur.
Cəmiyyət ümumilikdə niyə məhbusların taleyinə biganədir – bu ayrı mövzudur. Adamlar bəlkə düşünür ki, onsuz biz də şərti azadlıqda ölürük, Allah kəssin belə azadlıqda yaşamağı və sairə. Ancaq yapokratiya gərək ən azı öz taleyinə görə zindanlarda normal rejim, şərait yaratsın. Noyabrda zindanda ölənlərdən biri keçmiş məhkəmə hakimi idi. Vaxtilə Cəlilabad məhkəməsinin hakimi olubmuş, korrupsiyada suçlanıb 7 il həbs cəzası alıbmış. Mən onun nə dərəcədə günahkar olub-olmadığını bilmirəm, ancaq hər halda bu hakim sistemin sıra nəfəri ikən zindanlara göndərdiyi insanların nə əziyyət çəkdiyini bilirdi və susurdu.
Vəziyyəti düzəldin ki, sabah özünüz ordan salamat çıxasınız. Adamlar gərək həbs cəzasını ölüm hökmü kimi qarşılamasın.