Dünən insan zövqlərinin xəfif toqquşması olayının tam ortasında qalmışdım. Avtomobilimi elə yerdə saxlamışdım ki, bayırdakı çayxanadan gur musiqi səsi maşının içinə dolurdu. Avtomobilin audiopleyerində də musiqi səslənirdi.
Bayırdan gələn yanıqlı gənc kişi səsi belə deyirdi:
“Neçə vaxtdır üzünün həsrətindəyəm, gözəlim.
Çox uzaqlardasan, nə edim, sənə çatmır əlim.
Zalım ayrılıq bizi qoymadı yetək vüsala,
Səni bilmirəm, məni yaman salıbdır pis hala”.
Sonrakı kupletləri burda yazmağa hacət yoxdur, amma mahnının nəqarəti heç yaddan çıxmaz:
“Qulaq as indi mənə, çəkdiyimi al nəzərə,
Dəstəyi qoyma yerə, qoyma yerə”.
Avtomobilin pleyerində isə Flora Kərimovanın “Eşqimə şahid zaman” mahnısı oxunurdu:
“Təzə açmış bir qönçə tək, zərif ətrinə heyran.
Hamı deyir, gözəl mələk, yaranmısan mehriban.
Sevdim səni ilk baharda, eşqimə şahid zaman”.
Bax, bu mahnıların sədaları bir-birinə qarışmışdı. Birinci mahnı 3-4 ildir çıxıb və hitə çevrilib, nə qədər ömür edəcəyi bəlli deyil, ikinci mahnı isə 40-50 il əvvəl yazılıb (sözləri BDU-nun sabiq rektoru Faiq Bağırzadəyə, musiqisi böyük bəstəkarımız Oqtay Kazımiyə aiddir, mahnının ilk və ən gözəl ifaçısı (mənə görə) isə Flora Kərimovadır).
Sonra da deyirlər ki, zövqlər və rənglər dartışılmaz. Necə dartışılmaz, əziz həmvətənlər? Sən qara boyanı günəşli gündə meşə əhatəsindəki dəniz rənginin başı üstündən daha ürəkaçan, təmizlik, məsumluq rəngi kimi xalqa necə sırıya bilərsən?
Elə deyil. İndiki yaşlı nəsil gözəl musiqilər dinləyə-dinləyə böyüyüb. Adamlar gözünü açıb, radiodan Qədir Rüstəmovun “Sona bülbüləri”ni, Şövkət Ələkbərovanın “Dərələr”ini, Rəşid Behbudovun “Alagöz”ünü, Niyaməddin Musayevin “Deyim, hardadır”ını, Alla Puqaçovanın “Milyon alıx roz”unu, Ququşun “Man amadem”ını, Zeynəb Xanlarovanın “Cavanlığım”ını, Vaxtanq Kikabidzünin “Çitto, qritto”sunu, Demis Russosun “Qud bay, may ləv”ini, Co Dasenin “Salyut”unu, Al Banonun “Feliçita”sını, Şenayın “Sev, kardeşim”ini, “Qaya” qrupunun “Ömür keçdi, gün keçdi”sini, “Yalla”nın “Üçkudu”sunu, Vısotskinin, Leontyevin, Sofiya Rotarunun, Radmilla Karaklaiçin, Nilufərin, Ferdi Tayfurun gözəl-gözəl mahnılarını, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Marikoninin melodiyalarını dinləyib.
Ona görə də biri götürüb işgəncə görmüş adam səsi ilə “dəstəyi qoyma yerə, qoyma yerə” deyə zarıyanda və bu mahnı hitə çevriləndə hiss edirsən ki, onu sevənlər yuxarıda adını çəkdiyim və çəkə bilmədiyim yüzlərcə gözəl musiqi parçalarından xəbərsizdirlər.
Bəzən deyirlər ki, hər dövrün öz musiqisi var. Elədir. Şair də deyirdi, “hər aşiqin dövranı var”. Amma elə gözəl musiqi əsərləri var ki, yüz illər keçir, hələ də ifa edilir və sevilir. Məsələn, “Eşqimə şahid zaman” mahnısı 2119-cu ilin bu vaxtları da oxunacaq. Necə ki, Üzeyir bəyin 114 il öncə yazdığı melodiyalar hələ də ifa edilir, hətta artıq toylara da ayaq açıb. “Könlüm qəmi neylər” budur, 40 ilə yaxındır hər toyda azı 3-4 dəfə çalınır. (Hərçənd yeni çıxdığı vaxtlarda mühafizəkar musiqi ictimaiyyəti Ağadadaşı da möhkəm tənqid edirdi, amma “60 min ördək-qaz” söhbətinə görə).
Bu günlərdə buxaralı yəhudilər ABŞ senatında ziyafət verirmişlər, ölkəmizin səfiri Elin Süleymanov da məclisdəymiş. Qəfildən yəhudi müğənni götürüb Tofiq Quliyevin “Yalqızam, yalqız” mahnısını ana dilimizdə oxuyub. Müğənni çıxışını bitirəndən sonra səfirimiz ona yaxınlaşıb, qucaqlayıb və minnətdarlığını bildirib. Sıradan olay deyil. Mədəniyyətimiz, incəsənətimiz adına yaxşı hadisədir. Çünki Tofiq Quliyevin o mahnısı üzağardan mahnıdır, səviyyəlidir. Onun yerinə müğənni “Ay, balam, gül balam, hər bir şey yaxşı olar” mahnısını oxusaydı, yəqin ki, səfir yerindən tərpənməzdi.
Özümdən götürürəm, iki il öncə Kobuletidə qaldığım otelin yaxınlığındakı disko-klubda bu mahnını ard-arda səsləndirirdilər və mən qürur duymurdum, xəcalət çəkirdim ki, belə gözəl melodiyaya çox düşük sözlər yazılıb. Bircə təsəllim vardı ki, gürcülər, acarlar, başqa millətlər o mahnının sözlərini anlamırlar. Düzünə qalsa, mənim də anladığım eləcə “hər bir şey yaxşı olar” idi.
Bəli, yalnız korlanmamış zövqlər mübahisə predmeti ola bilməz. Ritmik mərsiyələrdən, yeniyetmə yanıqlığını əks etdirən zarımalardan alınan zövq isə içinə zibil qoyulmuş zövqdür.