“Bu xalq deyil? Bu xalqdan da pisdir! Bu şəhərin ən yaxşı adamlarıdır!”
(Yevgeni Şvarts, “Əjdaha”)
Təzəlikcə bir qrup sənətkarımıza fəxri adlar verilmişdir. Xalq artisti, xalq yazıçısı, xalq rəssamı, əməkdar artist, əməkdar rəssam və sairə. Uca millətimiz də bu təltifləri gurultulu alqışlarla qarşılamışdır. Lakin bəzi savadsız, daha doğrusu, səbirsiz müğənnilər həmkarlarını təbrik etmək yerinə mız qoymuşlar, ağız büzmüşlər. Bunlardan qeyd edə bilərik korifey sənətkarımız Xatirə İslamı, qalifey sənətkarımız Nadir Qafarzadəni, trufel sənətkarımız Cıdır Çaparzadəni (belə adlar düzəltməyi xalq yazıçımız Anar müəllimdən öyrənmişəm – böyük qabiliyyətdir) və sairə xırda hisslərlə yaşayan zəhmətkeşlərimizi. Paxıllıq ediblər. Deyirlər niyə bizə xalq artisti adı verilməmişdir. Məncə, bir qədər səbirsizlik nümayiş etdiriblər. Biz yaxşı bilirik ki, sıra ilə, növbə ilə hamıya adlar verilir. Bizim Qarabağ boyda dərdimiz vardır. Ermənilər qıraqdan baxıb bizə nə deyərlər? Deyərlər Nadir müəllim Murad müəllimi təbrik eləmədi, Azərbaycan xalqı parçalanıbdır, gəlin fürsətdən yararlanıb Yevlağı da işğal eləyək. Çox pis presedentdir.
Özü də bunun cənub qaz kəməri layihəsi (ya da lahiyəsi – artıq bu söz cəhənnəm olmalıdır, xalqımızın məhvinə səbəbdir, yüz ildir millət bunu necə yazmağın doğru olması üstündə qırğındadır, nəticədə heç bir lahiyəmiz işləmir) işə salınan bir gündə nümayiş etdirilməsi heç yaxşı hal deyildir. Namxuda, neft və qazımızın hərarəti hər kəsə çatacaqdır, hövsələli olmalıyıq. Odur, özünüz görürsünüz ki, qaz kəmərini Qərbdən – Amerika, Fransa, İngiltərədən gələn bir sürü qonaq alqışladı. Lakin ruslar buna nəsə paxıllıq etdimi, “niyə bizə də kəmər vermirsiniz” dedilərmi? Demədilər. Çünki onların payı ayrı yerdən çatır. Atalar demişkən, səbr ilə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından. Bu il baramaçılarımız – onların elmi adı kümçüdür – yaxşı məhsul istehsal edərək xalq ipəkqurdusu adına layiq olduqlarını göstərəcəkdir. Türkiyədəki qardaşlarımızın da bu temada yaxşı məsəli vardır: “Bir millət, iki dövlət”. Üzr istəyirəm, daha doğrusu, belədir: “Səbr edən dərviş, murada ərmiş”.
Qaldı indi xalq artisti adı alanların layiqliyi məsələsi, bu da şübhə doğurmur. Örnək üçün, orada siyahıda bir cavan oğlanın adı var, bir dəfə Donald Trampı klipində oynatmışdır, hələ ikinci dəfənin də anonsunu veribdir. Möhtəşəmdir. Adam 4-5 dəqiqəlik kliplə bütün Amerikanın mahiyyətini açıb ortaya qoyubdur, naxçıvanlılar demişkən, donqili dövlətin hegemonluğu altında planetin inlədiyini göstərmişdir. Deyir siz dünyanı top kimi oynadın, mən də sizin prezidenti oynadaram. İndi bunu xaricdəki tədbirlərdə “Azərbaycanın xalq artisti” adıyla təqdim eləsələr, azdırmı? Neçə təpəni almağa bərabər şeydir. Dolayısı ilə ABŞ-dakı erməni lobbisini oynatmaq kimi hərəkətdir.
Yaxud bir nəfər şou aparır, orada camaat əlini maşının üstünə qoyur. Kim axıra qədər qalsa, əlini çəkməsə maşını udur. Fantastik intellektual oyundur. Eyni zamanda respublikamızdakı insan azadlıqlarının səviyyəsinin hara yüksəldiyini açır. Kim hansı obyektə əlini qoysa, oranı əldə edə bilir – oyunun mənası budur. Halbuki başqa dövlətlərdə maşın almaq üçün gərək başını, bədənini işlədəsən. Doğrusu, mən savadsız, bəxtsiz adamam, o üzdən həmin şouya heç baxmamışam, iştirakçılar kiçik ehtiyaclarını maşının salonuna ödəyirmi, yoxsa bununla bağlı nəsə başqa intellektual tərz tapılıbdır, deyə bilmərəm. Ancaq xalqın o şouya dəhşətli maraqla baxdığından xəbərdaram. İndi bunun aparıcısına xalq artisti adı halal deyilmi? Xalq burda, artisti burda, bizə nə düşüb donquldanaq, həsəd aparaq? Xalqla artistinin arasına girən iylənib çıxar.
Düşünürəm ki, əlaqədar təşkilatlar xalqın köşə yazarı adını da fikirləşməlidir.