İtaliyanın yeni hökumətinin qurulmamasının səbəbi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə İtaliya Prezidenti Sergio Matarella məlumat yayıb. O, yeni hökumətin qurulmasına əsas maneənin baş nazir vəzifəsinə namizəd olan Cuzeppe Kontenin təklif etdiyi iqtisadiyyat naziri olduğunu bildirib:
“O, iqtisadiyyat naziri vəzifəsinə 81 yaşlı Paolo Savonu təklif etdi. Mən buna yol verə bilməzdim. Bu şəxs İtaliyanın Avrozonada qalmasına təhdid yarada bilər ki, bu da bizim vətəndaşlar və ailələr üçün problem deməkdir”.
Matarellanın bu açıqlamasından sonra millətçi Şimal Liqası Partiyasının rəhbəri Mateo Salvini prezidenti yeni parlament seçkisini tarixini elan etməyə çağırıb:
“Biz yeni seçki tarixi istəyirik. Bu, siyasi seçki yox, demokratiyanın müdafiəsi üçün referendum olacaq. Sabah biz seçkinin tarixinin müəyyən edilməsini istəyirik, əks təqdirdə Romaya yürüş başlayacaq. Matarella bizi yox, digər ölkələrin maraqlarını təmsil edir. Biz Fransa və Almaniya müstəmləkəsinə çevrilmişik. Həmçinin maliyyə baxımından Brüssel demokratları tərəfindən işğal edilən ölkə olmuşuq”.
Şimal Liqasının müttəfiqi olan Beş Ulduz Hərəkatının lideri Luici Di Mayo da Matarellanı tənqid edib. O, yeni parlament seçkisindən öncə prezidentin impeçmentinin parlamentdə müzakirəsini istəyib.
Prezident mövqeyini isə İrəli İtaliya Partiyasının rəhbəri Silvio Berluskonu və keçmiş Baş nazir Mateo Rentsi müdafiə edib.
Qeyd edək ki, bundan öncə Şimal Liqası Partiyası və Beş Ulduz Hərəkatının ortaq namizədi Cuzeppe Konte baş nazir olmaqdan imtina edib.
Şimal Liqası Partiyası beynəlxalq mətbuatda “Putinin dostları” olaraq adlandırılır. Beş Ulduz Hərəkatı isə daha TAP layihəsinin əsas əleyhdarı kimi tanınır.