Bütün aparıcı ölkələrin bəyan etdiyi narahatlığa baxmayaraq, Zeytun Budağı adı daşıyan əməliyyata beynəlxalq reaksiya indiyədək təmkinli olub.
Suriyada Afrin bölgəsinin şimal-qərbində türk tankları irəliləyərkən, ABŞ-ın dəstəklədiyi Xalq Müdafiə Birliklərinə (YPG) qarşı hərbi kampaniya təkcə digər ölkənin ərazisinə müdaxilə deyildi. Bu, eləcə də iki NATO ölkəsi olan Türkiyə və ABŞ arasında təhlükəli qarşıdurmaya gətirib çıxarmaq potensialı olan bir qərar idi.
ABŞ Dövlət Departamentinin ilkin reaksiyası “Türkiyənin legitim təhlükəsizlik qayğılarına” dəstək oldu.
Əməliyyat artıq beş gündür ki, davam edərkən ABŞ-ın son təklifi nəzərə alınsa, belə nəticəyə gəlmək olar ki, prezident Recep Tayyip Erdoğan xarici siyasət və hərbi sahələrdə müəyyən xallar qazana bilib.
Parisdə, beynəlxalq sammitin kuluarlarında ABŞ Dövlət katibi Rex Tillerson ilə görüşdükdən sonra Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu deyib ki, onun tərəf-müqabili Suriyada 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasını təklif edib.
Suriyada bufer zonasının qurulması Türkiyənin çoxdankı arzusudur. Türkiyə PKK-nın Suriyadakı filialı sayılan YPG-ni öz ərazi bütövlyünə təhlükə olan terrorçu qüvvə sayır.
Türkiyənin Afrinə hərbi müdaxiləsi ABŞ və NATO-nu aydın şəkildə əsəbiləşdirsə də, onların strateji maraqları tələb edir ki, Türkiyə Qərb alyansının üzvü qalmaqda davam etsin, Rusiyanın qollarına doğru daha da yaxına itələnməsin.
Adının çəkilməsini istəməyən təqaüdə çıxmış bir britaniyalı diplomat mənimlə söhbətində deyib ki, regionda şahmat fiqurları yenidən Türkiyə ilə hərəkət edir və nəticə olaraq, onu Rusiya, Suriyanın Bəşər Əsədi və Tehranla eyni cərgəyə qoyur.
Suriyada Rusiya və İrandan geridə qalması və cənub-şərq müttəfiqi Türkiyə ilə münasibətlərinin gərginləşməsi NATO və ABŞ üçün çıxılmaz vəziyyət yaradır. Türkiyə üçün isə belə vəziyyət əlavə imkanlar açır.
Prezident Erdoğanın məqsədi uğruna hərbi və xarici siyasət təhlükəsini gözə almasının tam təsirinin nə olacağını indidən demək çətindir.
Antiterror əməliyyatı adı ilə qonşu ölkəyə həmlə etməsi və ABŞ ilə Qərbə meydan oxuması Türkiyə prezidentinin ölkə daxilindəki siyasi maraqlarına çox yaxşı xidmət edir.
Bu müharibənin şəksiz bir nəticəsi varsa, o da prezident hakimiyyətinin möhkəmlənməsi və onsuz da taqətsiz vəziyyətdə olan Türkiyə müxalifətinin daha da zəifləməsidir.
/BBC/