Avropa Şurasının Parlament Assambleyası və ümumiyyətlə, Avropa Şurası məntiqdən, ədalətdən, vicdandan, mənəviyyatdan və reallıq hissindən imtina edir?

Sual ilk baxışdan paradoksal təsir bağışlaya bilər və ilkin cavabı da “xeyr” olmalıdır.

Doğrudur, məntiqlə belədir. Avropa Şurası yarandığı ilk dönəmlərdə Qərbi Avropa ölkələrini birləşdirən transmilli, multidövlət strukturu idisə, Sovetlər Birliyi dağılandan və Şərqi Avropadakı sosialist rejimləri çökəndən sonra genişləndi, böyüdü, gücləndi. Avropa Şurasına (AŞ) indi 800 milyondan artıq insanın yaşadığı 47 ölkə daxildir.

800 milyon insanın haqları, hüquqlarının müdafiəsi ilə yanaşı, onların dövlət qarşısında mükəlləfiyyətlərini yerlərinə yetirmələrini də nəzarətdə saxlayan AŞ insan haqlarını birtərəfli, fərdin istəkləri kimi yox, hüquqlarla öhdəliklərin məcmusu kimi qəbul etdiyini vurğulayır.

Yəni vətəndaş dövlətdən nə isə tələb etmək hüququndadırsa, dövlət də vətəndaşından eyni haqla vəzifələrini yerinə yetirib qanunlara riayəti istəyə bilər.

Prosedur belədir.

Azərbaycan AŞ-ın üzvüdür və postsovet məkanınnı ölkəsi kimi yox, Avropa ilə Asiyanın qovşağında yerləşən və çox ciddi geosiyasi əhəmiyyətə malik dövlət kimi qəbul olunur. Avropa Şurasına üzv olarkən Azərbaycan bəlli təəhhüdlərlə öhdəliklərə qol qoyub, onlara əməl edir. Çünki istənilən quruma qatılmaq həmin qurumun şərtlərinin şərtsiz yerinə yetirilməsini ehtiva edir – tavtologiya kimi səslənsə də.

Bunun müqabilində Azərbaycan da Avropa Şurasından özünə adekvat yanaşmanı, qarşılıqlı münasibətlərin şaquli yox, üfüqi müstəvidə qurulmasını istəyib.

Bakı ilə Strasburq arasındakı əməkdaşlıq 2011-ci ilin yanvarın 25-də başlayıb.

İndisə həmin əməkdaşlığı dayandırmaq, tərəfdaşlığı dondurmaq və Azərabycanı Avropa Şurasından kənarlaşdırmaq istəyən güclər fəallaşıblar.

Britaniyanın nüfuzlu “The Financial Times” qəzetində dərc olunmuş “Is the Council of Europe giving up on human rights?” (“Avropa Şurası insan haqlarından imtina edir?”) başlıqlı məqalə də belə absurd, marazmatik siyasi oyunların təzahür formalarından biridir.

Məqalənin müəllifləri beynəlxalq münasibətlər üzrə müstəqil analitik, Avropa Komissiyasının sabiq funksioneri Villem Aldershoff və Brüsseldəki Libre Universitetinin Avropa hüququ üzrə professoru Mixel Velbrukdur.

Onlar Rusiya ilə Azərbaycanı “Avropada insan haqlarını ən çox pozan ölkələr, diktaturalar” adlandırırlar.

Yazı müəlliflərinin fikrincə, “Avropa Şurasının, habelə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) ən böyük nailiyyətlərindən biri Avropa İnsan Haqları Məhkəməsidir, çünki yaşadıqları ölkələrdə ədalətli məhkəmələrə nail ola bilməyənlər məhz AİHM-ə üz tuturlar”.

Belə “bəyanat”dan sonra müəlliflər buyururlar ki, 1991-ci ildə Sovetlər Birliyi dağılandan sonra müstəqillik qazanan ölkələrin Avropa Şurasına qəbul olunması çox riskli idi. Sən demə, “bu ölkələrin demokratiya təcrübəsi olmadığından üzvlük prosedurları risqlər vəd ediri”: “Çoxları düşünürdü ki, Avropa Şurasına üzvlük onları demokratik inkişafa sövq edəcək. Lakin Rusiya və Azərbaycanla bağlı təcrübə bunun tam əksini göstərdi”.

Daha sonra yazıda Azərbaycan az qala dünyadakı bütün mənfiliklərin məkanı, nöqsanların səbəbkarı, problemlərin təşəbbüskarı və müəllifi kimi göstərir.

The Financial Times-in “yazıda göstərilənlər bizim mövqeyimizi yox, müəlliflərin mövqeyini əks etdirir” qeydi ilə “Beyondricks” bölməsində, yəni “inkişaf etməkdə olan ölkələrdəki situasiya ilə bağlı müzakirələr forumu”da dərc etdiyi məqalə əslində son aylarda Azərbaycana qarşı aparılan və bir mərkəzdən idarə olunduğu şübhə doğurmayan kampaniya çərçivəsindəki yeni hücum cəhdi, daha doğrusu, aşkar qarayaxma və əsassız insinuasiya cəhdi bağışlayır.

Bunu müəlliflərin kimliyi də göstərir.

Villem Aldershoff və Mixel Velbruk adətən “duet” formatında çalışaraq əsas diqqəti postsovet ölkələrinə, konkret olaraq Ukrayna, Moldova və Azərbaycana yönəldiblər.

Onlar indiyədək nə Ermənistanda terroru dövlət siyasətinə çevirmiş, işğalçı siyasət yürüdən totalitar rejimdən bir kəlmə də bəhs etməyiblər.

Sanki Aldershoff-Velbruk dueti üçün Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı, Ermənistanın özündə insan haqları və vətəndaş azadlıqlarının çolx kobud şəkildə pozulması və s. kimi faktlar ümumiyyətlə, mövcud deyil.

Əvəzində onlar Azərbaycanı suçlayır, Bakını hədəfə alır, bizi Avropa İnsan Haqları Məhkəməsinin(AİHM) qərarlarını icra etməməkdə suçlayırlar.

Və yenə də: paskvil təsiri bağışlayan yazının müəllifləri AİHM qərarlarını 10 ildən bəri icra etməyən Rumıniyanı, bu qərarlara ümumiyyətlə, əhəmiyyət verməyən Britaniya, Portuqaliya, Xorvatiya, Belarus, Polşa, Çexiya, Yunanıstan kimi ölkələri görmürlər, Britaniyanın Avropa Birliyini tərk etməsi ilə bağlı keçirdiyi “Brexit” referendumunun sonuclarını bilmərrə unudurlar.

Təsadüfi deyil ki, məhz beləcə şəxslərin və onların fəaliyyətlərini idarə edərək sifarişləri paylayanların nəzərinə çatdırılacaq ciddi messic var.

“Təsadüfi deyil ki, Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə keçirilən sorğunun nəticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81% hakimiyyətin həyata keçirdiyi siyasətə öz dəstəyini ifadə edib. Təbii ki, bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi narahat edir. Bu qüvvələr bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. FT kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır”, – bu sözlər Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova məxsusdur.

Konkret, ünvanlı, səhih, ən başlıcası isə pərdəarxası oyunları ifşa edən və kuluar rejissorlara xəbərdarlıq olan açıqlamadır.

Avropa Şurası ilə bağlı son aylar yaşananlar Bakını hansısa şərtlər çərçivəsində “oyun qaydaları”nın dəyişdirilmiş variasiyalarının qəbuluna vadar etmək, Azərbaycala təzyiq və pressinq dili ilə danışmaq, ölkəmizi xarici siyasətində ciddi korrektələrə vadar etmək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində isə fəsadları naməlum “təkliflər”lə razılaşmağa məcbur etmək məqsədi daşıyır.

Fəqət, Aldershoff-Velbruk duetinin sahibləri dərk etmək istəmirlər ki, Azərbaycan nə Afrikada çevrilişlərin fasiləsiz sıralandığı “banan ölkəsi”, nə də postsovet məkannıda rəngli inqilablara daimi hamilə qalmış “ram olunan” ölkələrdən deyil.

Azərbaycan müstəqil xarici siyasət və nizamlı, ön plana vətəndaşın hüquqlarının təminatını və rifahının yüksəldilməsi kimi prinsiplərin çıxarıldığı daxili siyasət yürüdən ölkədir.

Avropa Şurasına üzvlüyə gəldikdə isə, bu məsələ Bakıya qarşı təzyiq, yaxud da şantaj vasitəsi olmamalı, bizimlə ultimativ dildə, hədə elementləri ilə danışılmamalıdır.

Azərbaycana Avropa Şurasından daha çox Avropa Şurasına Azərbaycan gərəkdir.

Erməni diasporunun pullarının aktiv iştirak etdiyi kampaniya olması sübuta yetmiş “Azərbaycanda insan haqları” məhzəkəsindəki Villem Aldershoff və Mixl Velbruk bunu yaxşı bilirlər, amma marionetlər teatrındakı ssenariyə uyğun rolları etirafa imkan vermir.

Elçin Alıoğlu
Milli.Az