İndi gəl dövlətimizin planetar qüdrətinə şəkk elə görüm necə edirsən. Bir rusiyalı yəhudi bloqqer vardı, Anton Nosik adında. Təzəlikcə Azərbaycan haqda ağzına gələni çərənləmişdi, Qarabağdakı separatçı rejimə qonaq gedib demişdi ki, indi məni qeyri-legitim hesab edin görüm necə edirsiniz, Lapşin kimi tutub aparın, əgər gücünüz çatırsa və sairə. Hətta bu gorbagor, deyilənə görə (həvəsim olmadı dəqiq mənbəyini axtarmağa – mənası da yoxdur, o qədər üstümüzə hürən var ki) Azərbaycanın dövlət olaraq yaranmasını tarixi yanlış sayıbmış.
Buyurun, indi bu tip cəmi 51 yaşında ölmüşdür. Azərbaycan isə dünyaya Günəş kimi doğmaqda davam edir. O klassik filmimizdə deyiləni yüngülcə dəyişsək, Azərbaycan müqəddəsdir, ona atılan kafir daşları isə murdardır.
Hələ bu Nosikin bizə burnunu uzatması nisbətən zəif vaxtımıza düşmüşdü. Misal üçün, rəsmi məlumata görə Azərbaycanda anemiyadan – qan azlığından əziyyət çəkən uşaqların sayı hər il artmaqdadır. Sitat: “2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 769, 2015-ci ildə isə 28 018, 2016-cı ildə 28 948 nəfər olub.
Əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı da çoxalıb. 2012-ci ildə əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə anemiya diaqnozu qoyulmuş xəstələrin sayı 845,2 nəfər, 2015-ci ildə isə 1087,7 nəfər, 2016-cı ildə 1114 nəfər olub.
Ötən il 982 uşağa ilk dəfə olaraq, boy atmanın ləngiməsi və zəiflik, 353 uşağa yod çatışmazlığı, 67 uşağa A vitamini çatışmazlığı diaqnozu qoyulub (Trend İA)”.
Prinsipcə, biz uşaqlarımızın qan azlığından əziyyət çəkməsini o qədər dərd eləmirik. Əsas odur respublikanın boyu uzansın, uşaqlar balaca qalsa da olar. Eyni zamanda, şair demişkən, bayraqları bayraq yapan üstündəki qandır. İndi bu uşaqların boğazından kəsilən qan hüceyrələri bayrağın qırmızısını artırmağa sərf edilir. Ən uzun bayraq da bizdədir, Tacikistandan sonra. Yəqin taciklərdə anemiya daha çoxdur.
Zəif vaxt demişkən, bu günlərdə mən bir foto gördüm, orda keçmiş MTN şefi Eldar Mahmudov rəsmi formasında çəkilmişdi, qolundakı şevrona bənzər hərbi tikişin üzərində isə “Usta məharət dərəcəsi” yazılmışdı. Sən demə bizdə belə hərbi dərəcə varmış, heç mən bilmirdim. (“Bilmədiyim şeyləri ayağımın altına yığsalar, başım “Azərsat” peykinə dəyər” – bunu da keçmiş nazirlərdən Əli Abbasov yoldaş demişdi, alim adamdır). Doğrudan Eldar müəllim usta adam idi – idarəsinin fəaliyyətini bu dəqiqə məhkəmələr azı 7 istiqamət üzrə araşdırır, lakin bir yerə gedib çıxa bilmirlər.
Bax, “nosik-mosik” tipli parazitlərin bəxti onda gətirmişdir ki, indi ustalarımız başqa tikinti sahələrinə məşğuldur. Yeri gəlmişkən, Nosik Dağlıq Qarabağa gedəndə Elmar müəllimin idarəsi haqlı olaraq onu qara siyahıya salmışdı. Məncə heç çıxartmasınlar, Nosik o biri dünyaya üzüqara getsin. Əgər o biri dünya varsa.
Hərçənd, Bakı Dövlət Universitetinin dediyinə görə o biri dünyanın varlığına şəkk gətirmək olmaz. Orda bunun, hətta fakültəsi də vardır, “İlahiyyat fakültəsi” adlanır. Ali təhsilli, dövlətçiliyə sadiq mollalar, keşişlər, rahibələr hazırlayırlar. (Son ikisini ehtimal olaraq yazdım, məntiqlə niyə də olmasın?). İlahiyyat haçandan elm sayılır, dövlət ali təhsil obyektində niyə dini öyrədən xüsusi fakültə olmalıdır – bunu soruşmaq heç kimin ağlına gəlmir. Üstəlik, konstitusiya adlı yaddan çıxmış xatirə dəftərimizdə deyəsən belə maddə yazılmışdı ki, bu ölkədə dövlət və din ayrıdır.
Uzun sözün qısası, nəinki belə fakültə var, həmçinin bunun dekan müavini tələbəni tutdurmaq istəyirmiş. Tələbə deyibmiş ki, dekan müavini rüşvət alır, bu da verib məhkəməyə, böhtan maddəsiylə 5-6 il həbs təhlükəsi gözləyən tələbə isə canını ölkədən qaçmaqla qurtarıb. Necə deyərlər, öz ölkəndə peyğəmbər olmaq imkansızdır, diplom almaq da. Hər dekan müavini bir tələbəni didərgin salsa, ta bunun nəyi ilahiyyat oldu, bəs bu, ilahi qüvvələrə xoş gələrmi?
Gələr yəqin. Axı ölkə, ərazi müqəddəsdir.