Avropa İttifaqında “islahatlar” vədi - “gözdən pərdə asmaq”, yoxsa reallıq?

Almaniya və Fransa niyə reallıqda qarşı çıxdıqları islahatlarla bağlı vədlər verir?

Prezident vəzifəsinə seçiləndən dərhal sonra Emmanuel Makron ilk xarici səfərini Almaniyaya edib. Avropa İttifaqının iki ən iri iqtisadiyyatlarına malik və eyni zamanda Aİ məkanında ən təsiredici siyasi gücə sahib dövlətlər arasında danışıqlar Avropaya nə gətirəcək?

Görüşdən sonra çıxış edən prezident Makron və kansler Merkel bəyan ediblər ki, Avropa İttifaqında islahatlar üzrə “yol xəritəsinin” hazırlanmasına tərəfdardırlar. Bundan əlavə Fransa və Almaniya bəyan edib ki, Avropa İttifaqında islahatların aparılması üçün əsas prinsip və doqmaların dəyişməsi zəruri olsa, bunu da qəbul edəcəklər. Ümumi mənzərə ümidvericidir, lakin səsləndirilmiş sözlərin arxasında nə durur və ümumiyyətlə dururmu, bilinmir. Həmçinin müəyyən dərəcədə gülməli olsa da, dünyada iri məsələlərin nümunəsi göstərir ki, “yol xəritəsi” sözləri həmişə ya uğursuz layihələrlə bağlıdır, ya da ümumiyyətlə “gözdən pərdə asmaq üçün” istifadə olunur. Misallar çoxdur: Fələstinlə İsrail arasında sülh üzrə “yol xəritəsi”, İranla Qərb arasında münasibətlərin normallaşdırılması üzrə “yol xəritəsi”, Suriyada sülhün bərqərar olması üzrə “yol xəritəsi”, iki Koreyanın inteqrasiyası üzrə “yol xəritəsi” və s. Bütün bu istək və layihələr ya əvvəlcədən, ya inkişaf prosesində uğursuz idi və göstərirdi ki, antaqonist qüvvələrin barışdırılması mümkün deyil. Hələlik bilinmir, “Avropa İttifaqında islahatlara dair “yol xəritəsi” sözləri Almaniya tərəfindən verilən boş bəyanatdır, ya yox, amma hər halda faktları nəzərə almaq lazımdır.

Faktlar isə belədir ki, indi həm Almaniyanı, həm Fransanı Avropa İttifaqında hər şey qane edir. Böyük Britaniyanın Aİ-dən çıxması barədə populist isterika tədricən sakitləşib, hadisələr normal qaydada inkişaf edir, Böyük Britaniya bu və ya digər yolla Aİ-dən çıxır və “Brexit”lə bağlı Aİ-nin taleyinin təhlükə altında olduğu barədə bəyanat və çıxışlar tədricən azalıb. Avropa İttifaqında islahatların aparılması zərurəti ilk və əsas növbədə Şərqi Avropa ölkələri tərəfindən, o cümlədən Polşa, Çexiya, Slovakiya və Macarıstanı birləşdirən Vışeqrad qrupu tərəfindən səsləndirilir və vurğulanır. Maraqlısı da odur ki, islahatların əsas istiqaməti Almaniyanın Avropa İttifaqında hegemonluğunun azaldılmasıdır. Açıq bəyan edilməsə də, söhbət məhz bundan gedir. İndi isə Almaniya bilərək ki, bu islahatların aparılması faktiki olaraq mümkün deyil, buna rəğmən təşəxxüslə islahatlara razı olduğunu bildirir.

İslahatlar dedikdə nə nəzərdə tutulur? Avropa İttifaqına üzv dövlətlər Aİ tərəfindən qəbul edilmiş qərarları qeyd-şərtsiz icra etmək öhdəliyinə sahibdir, söhbət bu öhdəliklərin azaldılmasından gedir. İndi Aİ çərçivəsində qəbul edilən bütün qərarlar, qanunlar, normativ aktlar, tənzimləyici normalar bütün ölkələr üçün qeyd-şərtsiz icra edilməlidir. Bəzi qərarların birmənalı olaraq Almaniyanın xeyrinə və ölkəsinin ziyanına olduğunu bəyan edən Polşa rəhbərliyi Aİ-də qərarların qəbul edilməsi praktikasının dəyişdirilməsini, ölkələr üçün daha böyük sərbəstliyin verilməsini istəyir. Burada vurğulamaq lazımdır ki, ölkələrə sərbəstliyin verilməsi deinteqrasiya demək deyil, sadəcə Aİ-də hazırda Almaniyanın hegemonluğu əleyhinə mübarizə gedir. Hesab olunur ki, Brüsseldə Avropa İttifaqı miqyasında qərarlar Almaniyanın diktəsi altında qəbul edilir. Vışeqrad qrupu dəfələrlə çıxış edib ki, Aİ-də islahatlar lazımdır və bu islahatlar ilk növbədə dövlətlərin müəyyən dərəcədə sərbəstliyinə xidmət etməlidir. Çünki hazırkı hadisələrin inkişaf edilməsi tədricən dövlətlərin müstəqilliyini itirməsinə bənzəyir. Hansı istiqamətdə, hansı şəkildə, hansı miqdarda sərbəstlik olmalıdır – bunu Aİ çərçivəsində bütün üzv ölkələr müəyyən etməlidir. Amma son sammit göstərib ki, Aİ çərçivəsində belə ciddi məsələlər üzrə eyni fikirliyə nail olunması qeyri-mümkündür.

Xatırladaq ki, martın sonunda Avropa İttifaqının yaradılmasının 60 illiyinə həsr edilmiş geniş sammit keçirilib və burada Roma deklarasiyası imzalanıb. Deklarasiya sözün əsl mənasında sadəcə deklarasiyadır. Burada dörd əsas prinsip öz əksini tapıb, amma onlar o dərəcədə ümumi sözlərlə ifadə edilib ki, hər hansı dəyişikliklər barədə söz ol bilməz. Birinci prinsip “təhlükəsiz Avropa” adlanır və Aİ-nin təhlükəsizliyinin təmin edilməsini əks etdirir. Bəyan edilib ki, Aİ-nin bütün insanları özünü təhlükəsiz hiss edərək qurum ərazisində sərbəst hərəkət edə bilir. Bu prinsipə əsasən, Aİ xarici sərhədləri müdafiə edilmiş, dayanıqlı miqrasiya siyasətinə malik olan, terrorizmə qarşı mübarizə aparan bir birlik kimi təqdim edilir. İkinci prinsip daha çox Aİ-nin iqtisadi vəziyyətinə aiddir və burada iş yerlərin yaradılması və iqtisadi artımı təmin edilməsi əks olunur. Burada əsas yeri vahid bazar alıb ki, Aİ çərçivəsində vahid bazar bunun təminatçısı kimi təqdim edilir. Üçüncü və dördüncü prinsiplər sosial məsələlər və xarici siyasətdə vahid mövqeyinə malik olduğunu əks etdirir. Nəticə kimi bildirmək olar ki, bu faktların konstatasiyasını islahatlara yol kimi adlandırmaq ən azı çətindir. Buna görə sammitin Aİ-nin gələcəyi üçün tam olaraq əhəmiyyətsiz olduğu hələ martda bütün ekspertlər tərəfindən vurğulanıb.

İndi mifik “yol xəritəsi” ortaya çıxır ki, onun istiqamətləri necə olacaq, heç kimə məlum deyil. Və ümumiyyətlə, bu istiqamətlər varmı? Məlumdur ki, Makron birmənalı inteqrasiya tərəfdarı olan siyasətçidir və ehtimal etmək olar ki, prezident seçkilərindən sonrakı eyforiya dalğasında ciddi bəyanatlar verib ki, Almaniya kansleri buna yalnız “dəm tutub”. Halbuki reallıqda nə Almaniya, nə Fransaya hər hansı islahatlar lazım deyil – indiki vəziyyət onları tam olaraq qane edir. Burada bir məqama diqqət yetirmək lazımdır: Roma sammiti əvvəlcədən Avropa İttifaqının dönüş nöqtə və hadisə kimi qiymətləndirilirdi ki, burada tarixi qərarların qəbul edilməsi gözlənilirdi. Əvəzində isə heç nəyi əks etdirməyən və faktları konstatasiya edən deklarasiya qəbul edilib. Əmin olmaq olar ki, Aİ-nin indiki vəziyyətindən razı olmayan ölkələr buna qəti etiraz etməyə hazır idi, amma ümumi mənzərəni korlamamaq və ümumi düşmənlərin lehinə “oynamamaq” üçün öz etirazlarını açıq bildirməkdən, deklarasiyanın imzalamasından imtina etmə kimi addımlarından çəkinib. Əvəzinə gələcəkdə islahatların aparılmasına vədlər verilib, amma bu vədlər reallaşacaqmı?

Paradoksal səslənsə də, Avropa İttifaqında hər hansı yeni böhran baş verməsə, heç bir islahatı rəhbərlikdə olan qüvvələr yada salmayacaq. Bu, yeni miqrasiya böhranı ola bilər, İtaliyada bank böhranından qaynaqlanan maliyyə böhranı ola bilər, ABŞ-la “ticarət müharibəsi” ola bilər, Rusiya ilə siyasi gərginləşmə ola bilər və sair. Hər halda ciddi sarsıntılar baş verməzsə, dəyişikləri gözləmək çətindir. Əlbəttə ki, Almaniya tərəfindən Aİ-nin əsas prinsip və doqmalarının inkişaf naminə dəyişdirməyə hazır olduğu barədə bəyanat, əlbəttə ki, müsbət qarşılanmalıdır. Amma bir şərtlə – əgər bu bəyanat elə bəyanat kimi qalmayacaqsa. Avropa İttifaqına indi həqiqətən islahatlar lazımdır, çünki həm iqtisadi böhran, həm son miqrasiya böhranı göstərib ki, köhnəlmiş qayda və prinsiplər bəzi hallarda tam qüvvəsizdir – böhran 2009-2010-cu ildə başlayıb, yeddi il keçməsinə baxmayaraq Avropa Mərkəzi Bankı və avrozonaya daxil olmayan ölkələrin monetar rəhbərliyi hələ də iqtisadiyyatın stimullaşdırılması üzrə tədbirlər görür, miqrasiya böhranı isə istənilən anda yenidən alovlana bilər. “Hələlik hər şey normaldır, heç nəyi dəyişmək lazım deyil prinsipi” Avropa İttifaqı çərçivəsindən kənara qoyulmalıdır. Narazı üzvlər olduğu halda inteqrasiya məcburi və ya yarı-məcburi olur ki, bunun da heç bir faydası olmur. Narazı olanların istənilən halda radikal addımlara keçməsi barədə kiminsə şübhələri vardısa, Böyük Britaniyanın “göz qırpımında” Aİ-dən çıxması bu şübhələrə su səpib. Əgər Aİ rəhbərliyi əks-effektə yol vermək istəmirsə, “yol xəritəsini” gözləyənlərin “gözlərini yolda goymamalıdır”. Yoxsa əks-təsir özünü çox gözlətməyəcək – 28, 27, 26, 25…

Vahab Rzayev,

APA Analitik Mərkəzi