İnternet resurslarında yayılan bir video insanlarda gülüş doğurur. İlk baxışdan doğrudan da gülməlidir. Atlet İslamiadada yarış meydançasına çıxır, sifariş etdiyi ağırlığı müvəffəqiyyətlə başı üzərinə qaldırır, lazımi qədər gözləyir, sonra ağırlığı başı üzərindən döşəməyə buraxır və xaç çevirir.
İslam oyunları və xaç çevirmə olayı. Paradoksal görünür və bu insanların yumor damarını tərpədir.
Bu mənzərədən anlaşılan odur ki, həmin ağır atlet hansısa Afrika ölkəsini təmsil edən, dini mənsubiyyət etibarilə xaçpərəst (xristian) olan birisidir.
Biz həmin mənzərəni İslamiadayla paradoksal hesab etdiyimizə görə gülürük. Halbuki burada gülməli heç nə yoxdur. Ona qalsa öz idmançılarımız arasında da kifayət qədər xristian, buddist (məsələn, çinli, koreyalı legionerlər) var. Onların yarışı başa çatdırdıqdan sonra xaç çevirməmələri, “Krişna” deyə səslənməmələri o anlama gəlməz ki, onlar dinlərindən dönüblər. Sadəcə, onlar öz dini mənsubiyyətlərini dair afişa açmırlar.
Elə idmançılar da var ki, bəzən özlərindən asılı olmadan, bəzən də qəsdən öz dini mənsubiyyətlərini minlərlə tamaşaçıya göstərirlər. Belə hadisələri biz futbol matçlarında da görürük. Qol vuran futbolçu ya xaç çevirir, ya namaz qılırmış kimi çəmənə çökür, sonra əlini göyə qaldırıb Allaha dua edir, ya da üst köynəyini çıxarır və alt köynəyində İsa peyğəmbərə sevgi izharı həkk olunmuş yazılar görünür.
Bunlar normaldır. Dünyanın əksər ölkələrində din və etiqad azadlığı var. Ən qatı katoliklərin ölkəsində keçirilən milli çempionatlarda yüzlərlə, müsəlman və ya buddist idmançılar yarışır və heç zaman dini mənsubiyyət idman peşəkarlığından önə keçmir.
Din əqidə, düşüncə, məfkurə məsələsidir. Bir dindar katolik ailəsində doğulmuş övlad böyüdükdən sonra istəsə müsəlman ola bilər. Yaxud yeddi arxa dönəni müsəlman olmuş bir gəncin əqidəsinə daha uyğun bildiyi halda protestant, krişnait olması mümkündür.
Burada nə bir faciə var, nə damğalamalı reneqatlıq, dönüklük-filan.
Bu baxımdan İslam oyunlarına qatılmış idmançının xaç çevirməsi qəribə olay deyil.
Əslində dini müstəvidə yarışma təşkil etməyin özü qəribə görünə bilər. Əgər bu normal bir şey olsaydı, xristian ölkələri (və ya buddizmə tapınan ölkələr) çoxdan belə bir yarışma təşkil edərdilər.
Bu, insanlar arasında ayrı-seçkilik qoyulması anlamına gəlir. Müasir yarışmalar bir qayda olaraq coğrafi məkanlar müstəvisində təşkil edilir. Avropa dövlətləri Avropa çempionatı keçirir, Asiya ölkələri Asiya çempionatında qarşılaşırlar. Afrika kuboku da var, Amerika birinciliyi də. Bütün dünya ölkələri isə olimpiadada, mundiallarda üz-üzə gəlirlər.
Ancaq sırf dini mənsubiyyət əlamətinə görə yarışmanı məhz müsəlman ölkələri təşkil edib. Burada daha bir diqqətçəkən məqam isə yarışa qatılan dövlətlərin özlərini “islam dövləti” adlandırmalarıdır. Bir neçə teokratik rejimə malik dövlətdən başqa digərlərində belə bir rəsmi ünvan yoxdur. Həmin ölkələrdə din dövlətdən ayrı olduğu üçün belə şey ola bilməz. Üstəlik, çoxluğun dini mənsubiyyətinin qabardılması insan haqlarına ziddir, digər dini azlıqlara basqı deməkdir.
Elə dövlətlər var ki, onun milyonlarla vətəndaşı müsəlmandır, amma onlar İslamiadada iştirak edə bilmirlər, çünki həmin dövlət özünü “müsəlman ölkəsi” adlandırmır. Məsələn, Rusiyada on milyonlarla müsəlman yaşayır və bu ölkənin idmançılarının az qala yarısı dini mənsubiyyət etibarilə müsəlmandır. Ancaq bu idmançılar yarışmada olmadığı halda, məsələn, Kamerundan gələn xristian idmançı İslamiadada iştirak edir, hətta medal qazanır.
Əslində bundan sonra həmin yarışmanı elə təşkil etmək olar ki, dini mənsubiyyət ön plana çıxmasın, arzu edən bütün dövlətlər yarışmaya qatıla bilsinlər.
Ən yaxşısı isə idman yarışları zamanı dini mənsubiyyətə önəm verməməkdir. İdman özü az qala bir dindir, öz prinsipləri, etik davranış kodeksləri, öz çərçivələri, yasaqları halal-haramı (məsələn, dopinq qəbul etmək) var.
Yox, əgər indilikdə məhz bu cürdürsə, onda tolerant olmaq, ağır atletin xaç çəkməsinə də dözümlü yanaşmaq lazımdır.
Burada dözümlü yanaşmaq sadəcə mənzərəyə gülərək baxmamaqdan, bunu qəribə və sıradışı hesab etməməkdən ibarətdir.