Yaxın-uzaq xaricdən gələn qohum-əqrəba ilə, dost-tanışla birlikdə şəhərin küçələrində bir az gəzəndən sonra adətən adama belə bir sual verirlər: “Siz bu şəhərdə necə maşın sürürsünüz?”
O mənada ki, maşını necə sürürsünüz ki, salamat qalırsınız, qəzalarda qırılıb getmirsiniz.
Biz də öz şəxsi təcrübəmizi bölüşürük, paytaxtda avtomobil sürərək salamat qalmağın incəliklərini xırdalayırıq.
Deyirik ki, bundan ötrü azərbaycanlı sürücülərin xarakterik xüsusiyyətlərini bilmək lazımdır. Sən burada avropalı, iranlı kimi maşın sürə bilməzsən, məhz azərbaycanlı kimi sürməlisən.
Məsələn, deyirik ki, azərbaycanlı sürücü:
Saatda 120 km sürətlə sürməyə icazə verilən yollarda heç vaxt 100-120 sürməz, mütləq ya 150 ilə sürəcək, ya da 50-60-la;
əgər sürət limitini 150-yə qaldırsalar, 180-lə sürməyə çalışacaq;
dairələrdə, sıxlıqlarda daima əlini şüşədən çıxarıb başqa sürücülərdən yol vermələrini istəyəcək, amma özündən yol istəyənə verməyəcək;
bir himə bənddir, əsəbiləşək, maşınından vintaçan və ya başqa kəsici-deşici alət götürüb dalaşmağa düşəcək;
tıxac zamanı asta-asta irəliləyən maşınların cərgəsini tez-tez pozacaq, birinci cərgədəysə, ikinciyə, ikinci cərgədəysə birinciyə keçməyə çalışacaq;
avtomobilinin pəncərəsindən yola boş siqaret qutusu və kötüyü, banan (və sair mer-meyvə) qabığı, sellofon torbalar atacaq;
küçənin ortasında maşını iki dəqiqəliyə saxlayıb aptekə (mağazaya) girəcək, iyirmi dəqiqə alış-veriş edib qayıtdıqdan sonra ona “yolu kəsmisən, tıxac yaratmısan” deyənlərə “görmürsüz, avariyni işığı yandırmışam” deyəcək, onları borclu çıxaracaq;
zolaqlı piyada keçidlərində müşahidə kamerası yoxdursa, piyadalara yol verməyəcək, məcbur qalıb versə də, var-yoxlarına söyəcək;
150 metrdən sonra sağa dönməlidirsə, dönəcəyi yerə 50 metr qalmış önündəki avtomobili ötəcək, sonra kəskin tormozlama edərək sağa burulacaq;
İşıqforun yaşıl işığının sönməsinə 1 saniyə qalsa da hərəkətə başlayacaq, önündə maşınlar olması səbəbindən yolun ortasında qalacaq və soldan-sağa, sağdan-sola hərəkət edənlərin yolunu kəsəcək;
İkitərəfli yollarda özünün hərəkət istiqamətində tıxac və ya sıxlıq varsa, mütləq qarşıdan gələn avtomobillərin yoluna çıxıb qabağa düşmək istəyəcək, nəticədə ikitərəfli tıxac yaradacaq;
Sürətlə getdiyi yerdə yol kənarında boyalı və qısa ətəkli qadın görsə, 50-70 metr irəlidə saxlayacaq, geriyə hərəkət edərək, qadına “gəl, otur, istədiyin yerə aparım” deyəcək;
“Mən içəndə maşını daha yaxşı sürürəm” deyə məclislərdə spirtli içki içəcək, ya israrlardan sonra “ayıq sürücü” xidmətinə müraciət edəcək, ya da dostlarının “bir şey olmaz, əşi” tövsiyəsinə qulaq asaraq sükan arxasına oturub gedəcək;
işıqforda xəyala dalacaq, yaşıl işığın yanmasından 5 saniyə sonra, arxadakı maşınlar siqnallayanda xəbər tutacaq;
təhlükəsizlik kəmərini yalnız yol polisinin xətrinə (mübahisə olmasın deyə) taxacaq;
ünvanına cərimə kağızları gələndə təəccüblənəcək, “şəhəri kameraxanaya döndəriblər ey, ta maşın sürmək də olmur” deyə gileylənəcək, cərimələri sildirmək üçün tanış axtaracaq;
avtomobilini ürəyi istədiyi yerdə park edəcək, gəlib yerində tapmayanda, maşının evakuatorla aparıldığını öyrənib hiddətlənəcək, A-dan Z-yə qədər bütün “günahkar”ları söyəcək;
yol polisləri ilə prinsipial mübahisələr edərək, onları yerində oturtduğu, “nakazat” etdirdiyi barədə yeddi-səkkiz əfsanə danışacaq və s. və i.a.
Bütün bunları biləndən və nəzərə alandan sonra şəhərdə avtomobil idarə etmək o qədər də çətin deyil. Bir də avtobusların arxasınca, taksilərin qabağınca getmək olmaz. Birincilər hər dəqiqə saxlaya bilərlər, ikincilər isə mütləq ötmək (sağdan, soldan, altdan, üstdən) istəyəcəklər. Qar yağanda, buz olanda naşı sürücülərin ellikcə yola çıxacaqlarını da nəzərə almaq gərəkdir.
Əgər siz yolla hərəkət edərkən önünüzdə ara məsafəsi saxlayan, piyadaya yol verən, ötmə əməliyyatı apararkən işıq siqnalından istifadə edən, tez-tez cərgə dəyişməyən, sürət həddini aşmayan, sarı və qırmızı işıqda keçməyən, bütün qayda-qanunlara birəbir riayət edən sürücü görürsünüzsə, ya Belçikada-filandasınız, ya da Bakıdasınız, amma o sürücü azərbaycanlı deyil.