Avropa Birliyi Gürcüstan və Ukrayna camaatının Avropa ərazisinə, Şengen zonasına vizasız girməsi yönündə danışıqları bərpa edib. Hazırda gürcüstanlıların və ukraynalıların ən azı gediş-gəliş baxımından tam avropalı olmasına çox az qaldı. Biz azərbaycanlılar buna paxıllıq etməliyikmi? Qətiyyən. Qoy onların Avropası olsun, bizim də analoqu olmayan hökumətimiz vardır. Düzdür, Avropaya can atmaqları gürcülərə və ukraynalılara baha başa gəlib, ruslar xeyli ərazilərini işğal ediblər. Bizdə belə problem, şükürlər olsun, yoxdur, biz sabitlik şəraitində yaşayırıq, ölkəmizin Qərb tərəfini isə alman faşistlərinin köməyi ilə erməni marsiançiklər tutmuşdur.
Yeri gəlmişkən, avropalılar bizimlə də danışıq aparırlar, ancaq bu danışığın teması vizasız səfərlər yox, qaz alveridir. Bax, dünyanın bizə münasibətində ciddi fərq belə anlarda ortaya çıxır. Başqa xalqları adam yerinə qoyub onların adamlarının səfərlərini müzakirə edirlər, bizi isə qaz sayıb qaz almağı. Molla Nəsrəddinin lətifəsindəki durumdur: “Adamı adam yanına göndərdilər, məni də sənin yanına”. Haçan biz özümüzü, adamlığımızı dünyaya maraqlı eləsək o zaman bizimlə də adam problemlərini danışarlar. O zaman bizə krediti də adamlar üçün verərlər, daha indiki kimi qaz kəmərləri üçün yox.
Qoy onların Şengen vizası olsun, bizim də şəngin həyatımız. Bu şəngin təzə sözdür, indicə yaratdım, qonşunun uğurlarına şən olmayan paxıl varlığın qəmgin durumunu ifadə edir. Xahiş edirəm Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu dərhal bu sözü lüğət tərkibimizə dürtüşdürsün, mənə də növbədənkənar filologiya elmləri doktoru adı versin. Çünki mən AMEA-da Yüksək Texnologiyalar Parkı, həmçinin Elm və Texnologiya Parkının yaradılması xəbərlərini oxuyub başa düşmüşəm ki, AMEA-nın parkın içində yerləşməsi onun cürbəcür parklanmasına yol açır.
Hələ AMEA-dan daha qeyrətli, dəhşətli, məharətli, məlahətli bir xəbər gəlmişdir: deyirlər qocaman akademiklərimiz yalançı elmlə mübarizə komissiyası yaradıblar. Əladır. O boyda texnologiya və parkinq içində həqiqətin əziz tutulması önəmlidir. (Sözgəlişi, bizdə Rabitə Nazirliyinin də adına bu texnologiya sözünü soxuşdurandan sonra orda korrupsiya və yeyinti misilsiz səviyyə almışdı. Pis çıxmasın, prokurorluq üçün yazdım. Görün neyləyirsiniz, deyəsən alimlərimiz çaşıblar). AMEA Yalançı Elmlə Mübarizə Komissiyasının sədri mələyin uçma sürətini hesablayan fizik alimimiz qoyulubdur. Onun yardımçıları isə cins geyinən arvadların Yerdə zəlzələ törətməsi temasında doktorluq işi yazan Əkrəm Həsənov və Ətağa irsinin kvant fizikasına təsirlərini araşdıran Akif müəllimdir.
Yazını daimi oxucumuz Vasif Həsənovun təxminən bu temada məktubu ilə bitirirəm: “Bildiyiniz kimi dünyada alternativ və bərpa olunan enerji sahəsi ən perspektivli sahələrdən sayılır. Bizdə də bu sahədə guya nəsə iş gedir. Hətta bu məqsədlə bir neçə il öncə Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi yaradılıb. Ancaq nə iş görülüb, məlum deyil, qalın sirr pərdəsi altındadır. Türkiyədə yaşayan bir qohum vardı, orada Günəş enerjisi batareyalarından geniş istifadə edildiyini görüb. Bu da eləməyib tənbəllik, həmin qurğunun birini alıb sevincək ölkəmizə gətirib. Elə əsas proseslər, daha doğrusu problemlər də bu qurğunu evin damında quraşdırmaq istəyəndə yaranıb. Cürbəcür nazirliklərdən, idarələrdən, icra, bələdiyyə, polis, vergi, gömrük və sairə orqanlardan tökülüşüb o qədər sənəd, lisenziya, ekspert rəyi istəyirlər ki, yazığın gözü bərələ qalıb”.
Doğrudan Günəşdən istifadə üçün lisenziya lazımdır. Yapistlər düz eləyirlər. Hətta gələn il Tarif Şurası plyajda qaralmağa vergi qoysa yaxşı pul yığıb siçan-məmurların daşıdığı büdcə anbarını taxılla doldura bilərik.