Zahid Oruc: “Azərbaycan Ukraynaya qarşı yürüdülən siyasətdə yer almadan…”; Elxan Şahinoğlu: “Avakov Ukraynanın ən bacarıqsız naziridir”
Dekabrın 4-də Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun istefası tələbi ilə Kiyevdə – onun evinin qarşısında aksiya keçirilib.
Onlar A. Avakovu polisdə uğursuz islahatlar aparmaqda, korrupsionerləri himayə etməkdə, 2014-cü ilin qışında Kiyevin Müstəqillik meydanında aksiyaçılara qarşı güc tətbiqində günahlandırırlar.
Erməni əsilli nazirin əleyhinə keçirilən aksiya Azərbaycanda da müzakirə obyekti olub. Buna səbəb son aylarda Ukraynada azərbaycanlı biznesmenlərə, iş adamlarına edilən təzyiqlərdə, onlardan bəzilərinin qətlə yetirilməsində Avakovun adının da hallanmasıdır. Belə fikirlər var ki, Ukraynanın daxili işlər nazirinin əleyhinə təşkil olunan nümayişlərə ölkəmizdən də dəstək verilməlidir. BunuN Ukraynanın Azərbaycandakı səfirliyinin önündə aksiya təşkil etməklə mümkün olduğu qeyd olunur. Bu fikirlərin əleyhinə çıxanlar da var. Əleyhdarlar hesab edirlər ki, belə addımlar atılarsa, iki ölkə arasındakı münasibətlərə zərbə dəyə bilər.
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, Ukraynada azərbaycanlıların sahibkarlıq fəaliyyətinə olan təzyiqlər, real hücumlar, basqılarla bağlı ölkənin rəsmi hakimiyyəti narahatçılığını dilə gətirib: “Bu proses təkcə diplomatik kanallarla məhdudlaşmadı. Baş Prokurorluğun rəsmi məktub Ukraynaya göndərdiyinin, telefon danışıqlarının, qarşı tərəfdən bununla bağlı rəsmi araşdırmaların aparıldığının şahidi olduq.
O dönəmdə yaranan bu cür suallar aradan qalxmışdı. Bir çoxları sual edirdi ki, Ukraynada azərbaycanlılara qarşı sərgilənən münasibət rəsmi hakimiyyətin siyasətidirmi, yaxud hakimiyyət içərisində yer alan Avakov kimilərin təxribatıdırmı? Ukraynada “Maydan” inqilabından sonra bir sıra sahələrdə mənfi geri dönüş baş verib. Kriminal cinayətlərin sayı artıb, ölkədə kriminal durum pisləşib, mülkiyyət, sağlamlıq əleyhinə olan cinayətlərin sayı genişlənib.
Lakin o dövrdə yuxarıda qeyd etdiyim çağırışlar Azərbaycanın Rusiyanın Ukraynaya qarşı siyasətində yer ala bilməsi kimi qiymətləndirildi. Həmin vaxt bəzi informasiya saytlarında Ukrayna tərəfdən verilən reaksiyalarda həmin mövqeyi müşahidə etdik. Ukraynanın ölkəmizdəki səfiri dərhal məsələyə çox hazırlıqsız, qeyri-diplomatik və əsassız reaksiyasını bildirdi ki, Azərbaycanda da ukraynalıların hüquqları pozulur.
Hərçənd o vaxta qədər bu vaxt nə ictimai gündəmdə olmuşdu, nə də ara-sıra vətəndaşlarımız bununla qarşılaşmışdılar. Ölkəmizdə hər hansı bir etniklərə qarşı münasibətdə problem yoxdur. Hətta ərazilərimizi işğal edən Ermənistanın, yaxud erməniçiliyin təmsilçiləri də bu ölkədə yaşaya bilirlər. Belə olan təqdirdə Ukraynanın rəsmi təmsilçisindən verilən reaksiya doğrudan da gözlənilməz idi.
Bundan sonra belə göründü ki, məsələlər sabitləşdi. İndiki vaxtda bizim ölkədən verilən reaksiyalar nə dərəcədə təsirli ola bilər? Etiraf edək ki, təsir mexanizmləri bəzən arzuolunan formada olmur. Sizinlə razıyam ki, bəzən dövlətin, rəsmi hökumət qurumlarının edə biləcəklərinən daha böyüyünü partiyalar, hərəkatlar, ictimai qüvvələr, QHT-lər daha yaxşı yerinə yetirə bilirlər. Onların təsir gücləri artıqdır.
Eyni zamanda, bu daha da yaxşı qarşılanır. Rəsmi orqanlar belə demək mümkündür ki, sığortalanır və çox asanlıqla deyə bilirlər ki, dövlətin mövqeyi fərqlidir, biz sizinlə aksiyalar dili ilə danışmırıq. Azərbaycan Ukrayna ilə GUAM ittifaqında olub. Amma o dövrdə biz Ermənistana arzu etdiyimiz münasibəti nə Kuçma, nə Yuşşenko, nə də indiki Poroşenko hakimiyyətində görməmişik. Hər kəs bilməlidir ki, Azərbaycan Ukraynaya qarşı yürüdülən siyasətdə yer almadan, yaxud qarşı tərəfin siyasətində yer almadan öz vətəndaşlarının həmin ölkədə hüquqlarının qorunmasını tələb etməyə ixtiyarı var. Bunu rəsmi siyasi vasitələrlə də etmək realdır, o cümlədən, qeyd etdiyiniz aksiyalar vasitəsilə də. Hər ikisi eyni dərəcədə vətəndaşlarımızın mənafeyi üçündür”.
Politoloq Elxan Şahinoğlu isə Avakovu bacarıqsız nazir adlandırdı: “Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun işinin öhdəsindən gəlmədiyi aydın görünür. Avakov Ukraynanın ən bacarıqsız naziridir. Ölkədə kriminogen vəziyyət ağırdır. Üstəgəl Ukraynada yaşayan azərbaycanlı biznesmenlərin oğurlanması halları da azalmır.
Yoxa çıxanların isə taleyi məlum deyil. Ona görə Ukraynada yaşayan azərbaycanlılar narazılıqlarında haqlıdırlar. Buna baxmayaraq, yaxşı olardı ki, Arsen Avakov elə ukraynalıların tələbi ilə istefaya göndərilərdi. Yerli əhali də ondan narazıdır. Prezident Poroşenkonun Avakova rəğbəti yoxdur. Sadəcə, indiki hökumət çox kövrək koalisiya olduğundan Poroşenko Avakovu istefaya göndərməyə risk etmir. Poroşenkonun da ən böyük istəyi Avakovun könüllü sürətdə istefaya getməsidir. Ancaq Avakov vəzifəsindən ikiəlli yapışıb. Buna baxmayaraq, Avakova qarşı müxalifət güclənir və yaxın müddətdə onun vəzifəsi ilə xudahafizəşəcəyi realdır”.
Musavat.com