Xatırlayarsanız, bir zamanlar Avropa çox cəlbedici idi. Türkiyə və Azərbaycan israrla Avropa ailəsinin üzvü olmaq, onun müxtəlif üst qurumlarında təmsil olunmaq istəyirdilər.
Bundan ötrü həm Türkiyənin, həm də Azərbaycanın qarşısına avropalılar tərəfindən bir sürü şərtlər qoyulurdu – ölüm hökmünün ləğvindən tutmuş ta azad seçki keçirməyə, insan haqlarına riayətə qədər.
Şərtlər olduqca çox idi. Onların sırasında elələri vardı ki, yerinə yetirmək asan idi və hər iki ölkə bunları tezliklə gerçəkləşdirdi.
Məsələn, həm Azərbaycanda, həm də Türkiyədə ölüm hökmünün əvvəlcə icrası dayandırıldı, sonra bu cəza növü bütövlükdə qanunvericilik aktından çıxarıldı.
Azad seçki məsələsi Türkiyədə problem olmadığından bu şərt avtomatik olaraq yerinə yetirilmiş sayılırdı. Çünki Türkiyədə seçkilər onsuz da qanunlar çərçivəsində, azad və dürüst keçirilir, müxtəlif siyasi qüvvələr hakimiyyətə gəlir, koalisyon hökumətlər qurulurdu.
Azərbaycan rəhbərliyi isə var qüvvəsi ilə seçkilərin azad, qanuni keçirilməsi layihəsinə müqavimət göstərdi, nəticədə ATƏT və Avropa Şurasının ağzını boza verərək, öz iradəsini yeritdi.
Bu “nailiyyət”in əldə olunmasında rəsmi Bakının AŞ tövsiyələrini qulaq ardına vurmasıyla yanaşı, müvafiq qərarları qəbul edənləri, tövsiyə verənləri əla almağa qədər müxtəlif vasitələr vardı.
Axırda avropalı parlamentarlar coğrafi baxımdan şərq, mentalca Asiya ölkəsi olan Azərbaycanı avropalaşdırmaq fikrindən vaz keçməyə məcbur oldular.
Türkiyənin Avropa ailəsinə – Avropa Birliyinə daxil olması planının qarşısındakı şərtlər isə daha çox və daha ağır idi.
İstər Ərdoğanın rəhbərlik etdiyi AKP-dən əvvəlki, istərsə də onun dövründəki hökumətlər bu şərtlərin tam əksəriyyətini yerinə yetirmişdilər. Amma Avropanın bəzi aparıcı ölkələrinin (Almaniya, Fransa, İngiltərə, Belçika) ağzı düzəlmirdi ki, düzəlmirdi.
Bir ara türkiyəli siyasilər az qala “nə olar, bizi Avropa Birliyinə qəbul edin” deyə yalvarır, bunu Türkiyənin nicatı hesab edirdilər. Avropa və Türkiyə ictimaiyyətində elə bir rəy yaranmışdı ki, Türkiyə AB üzvü olmasa dağılacaq.
Avropanın aparıcı dövlətlərinin dirəşməsindən isə elə çıxırdı ki, onlar Türkiyənin rifahını, inkişafını istəmirlər. Əksinə olsaydı, Türkiyə AB üzvlüyünə qəbul olunsaydı, Avropanın şərtlərini daha sürətlə və müqavimətsiz yerinə yetirərdi.
Fəqət Avropanın müqaviməti çox sərt oldu, hətta arada Türkiyənin dövlət qürurunu zədələyəcək addımlar atıldı.
Bir yerdən sonra Türkiyə üzünü Avropadan döndərdi, ərəb ölkələrinin “miralay”ı olmağa çalışdı. O da alınmadı. Rusiyaya yönəldi. Olmadı. Müstəqil türk respublikalarına reveranslar da effekt vermədi, Özbəkistan və Qırğızıstan kimi dövlətlər bu ideyaya isti baxmadılar. Sonra yenə Avropaya üz tutuldu. Təpki yenə sərt oldu.
Budur, artıq Türkiyə rəhbərliyi Avropadan tamamilə üz çevirəcəyini bəyan edir. Prezident Ərdoğanın Avropaya, Qərbə yönəlik ağır sözlərini avropalı liderlərin həzm etməsi mümkün deyil.
Azərbaycan da Avropanın seçkilərlə, iqtisadi şəffaflıqla, siyasi dustaqlarla bağlı səngimək bilməyən tövsiyə və tələblərindən təngə gəlmiş durumdadır.
Hər iki ölkənin rəhbərliyi əmindir ki, hakimiyyətin uzunömürlülüyünü qorumaq üçün ən yaxşısı Avropadan uzaq durmaqdır. Şərqdə, Asiyada, Rusiyanın hegemon olduğu coğrafiyada onlardan demokratik idarəçilik, insan haqlarına riayət, korrupsiyayla mübarizə tələb edən yoxdur. Bacardığın qədər hakimiyyətdə qala bilərsən.
İndi Türkiyədə edam cəzasının bərpasını tələb edənlərə prezident Ərdoğan da qoşulub və bəyan edir ki, həmin qanunvericilik sənədi onun masasının üstünə gələrsə, təsdiqləyəcək.
Artıq bizdə də ölüm hökmünün bərpasının zəruriliyi barədə ilk çağırışlar mediaya çıxıb. Bir azdan bu cür çağırışlar daha da şiddətlənəcək.
Lap axırda Avropanın bir zamanlar israrlı tövsiyələrlə qəbul etdirdiyi şərtlərin hamısı arxivə veriləcək və biz asiyalı, şərqli taleyimizlə barışaraq məchulluğa doğru irəliləyəcəyik.
Mövcud durum nikbin olmağa əsas vermir.