Bu günlərdə rusiyalı fotoreportyor İlya Varlamov öz bloqunda Bakımız haqqında üç fotosessiya təqdim edib. Qısa şərhlərlə müşayiət olunan fotosessiyanın birincisi “Yaxşı Bakı”, ikincisi “Pis Bakı”, üçüncüsü “Azərbaycanlılar qonaqları necə axmaq yerinə qoyur” adlanır.
Birinci fotosessiyada Varlamov Bakının gözəlliklərini, geniş, işıqlı prospektlərini, möhtəşəm tikililərini çəkib göstərir, onu müasir Avropa şəhəri adlandırır, bəzi yerlərinin Parisi andırdığını qeyd edir.
İkinci fotosessiyada o, şəhərin pərdəarxası, daha dəqiqi, hasararxası durumunu, gecəqondularını, dar-düdük küçələrini, yastı-yapalaq evlərini təqdim edir. Bunlar elə şəkillərdir ki, burdan-bura öz fotoreportyorlarımız çəkməyiblər. Söhbət “Şanxay” kimi tanınan yaşayış massivindən getmir, ordan bütün sayt və qəzetlər şəkilli materiallar hazırlayıblar. Ancaq Bakıda “Şanxay” tipli yaşayış məskənləri çoxmuş. Varlamov onları da çəkib və öz oxucuları ilə paylaşıb.
Üçüncü fotosessiya isə başlığından da göründüyü kimi, bizim şəhər rəhbərlərinin eybəcər mənzərələri gözəl görüntülərlə pərdələyərək, şəhərin qonaqlarını aldatmaq cəhdindən gedir.
Jurnalist möhtəşəm binaların yoldan və arxa həyətdən olan təzadlı görünüşlərini çəkib, üstəlik, mənzillərə artırılmış eyvanları, qədim binaları bəzəyən müasir kondisionerləri çəkib göstərib.
Bəlkə də bu fəndlərlə əksər qonaqların gözünü boyamaq olar, amma Varlamov kimi fotoaparatlı, videokameralı qonaqları aldatmaq mümkün deyil. Onlar gözəllikləri də, eybəcərlikləri də çəkəcək və yüz minlərlə başqalarına təqdim edəcəklər.
Bu, təbii ki, ölkə və şəhər rəhbərliyinin xoşuna gəlməyəcək. Çünki hamı istər ki, onun ölkəsi və şəhəri haqqında yalnız xoş sözlər deyilsin, yaxşı təəssüratlar yaransın.
Nə etmək olar ki, gerçəklik bundan ibarətdir və özünü azad jurnalist sayan Varlamov kimilər həqiqətə göz yummağa borclu deyillər.
Belə “həyasız” qonaqlarla mübarizə aparmaq üçün gərək onları Şimali Koreyada olduğu kimi ölkəmizə buraxmayaq, İranda olduğu kimi, addımbaşı “Ağa, durbini yığışdır, buranı çəkmək olmaz” deyək. Bu da mümkün deyil.
Yeganə çarə ebəcərlikləri məhv etmək, onların yerində gözəlliklər əmələ gətirməkdir. Yoxsa Varlamov kimi jurnalistlər uzaqdan İtaliya və Yunanıstanın ağ fasadlı, qırmız damlı evlərdən ibarət olan şəhər və qəsəbələrinə bənzəyən yaşayış massivlərinin yaxından Bombey və Kəlküttə gecəqondularının eynisi olduğunu çəkib dünyaya göstərəcəklər.
Eybəcərlikləri gözəlliklərlə əvəz etmək bahalı və əziyyətli işdir. Buna milyardlar xərcləmək lazımdır. Milyardlardan başqa bir neçə şey də gərəkdir, məsələn, məsuliyyət, intizam, dürüstlük, kreativlik. Bunlar ona görə lazımdır ki, şəhərin abadlaşdırılmasına, gözəlləşdirilməsinə ayrılan büdcə vəsaiti səmərəli xərclənsin, basılıb yeyilməsin, ortaya ağılla, zövqlə başa gətirilmiş iş qoyulsun.
Fəqət bunlar bizim çatışmayan cəhətlərimizdir. Biz ortada olan beş manat pulun oğurlanmaması üçün xeyli nəzarətçi, təftişçi qurumlar da yaratmalıyıq. Ən pisi odur ki, onlar da gedib o 5 manatı oğurlayanlarla ortaq olurlar. Nəticədə şəhərin ayrı-ayrı səmtlərində eybəcər mənzərə qalır, inşaatçılar, nəzarətçilər, təftişçilər isə şəhərin başqa bir səmtində özləri üçün bahalı villalardan ibarət eybəcər küçə salırlar.
Bizdə hələ də ağıllı-kamallı şəhər salmaq mədəniyyəti yoxdur. Son illər şəhər ətrafındakı boş çöllüklərdə salınmış saysız-hesabsız qəsəbələrə gedib baxaq, hamısının küçələri əsrin əvvəllərində salınmış gecəqondu məhəllələrinin arasına oxşayr, iki maşın üz-üzə gələndə biri mütləq kiminsə darvazasına sürtünüb keçməlidir.
Azdan-çoxdan gedib gördüyümüz məşhur şəhərlərdə nəzərimizi cəlb edən ilk şey küçələrin, prospektlərin genişliyi, müasir tikililərlə qədim binaların harmoniya içində olması olur. Bizdə fışqıran müasirliklə çökən qədimilik elə bir kontrast yaradır ki, qədimliyimiz eybəcərlik kimi görünür. Varlamovlar “Alov qüllələri”nin fonunda o eybəcərliyi hər kəsə nümayiş etdirir.
Ölkəmizin, paytaxtımızın dünyada ad qoymasnı, gözəl sima ilə tanınmasnı istəyiriksə, bu işləri işbilən, çalışqan, dürüst insanlara həvalə etmək lazımdır ki, onlar şəhəri silib-süpürüb təmizləsinlər, abad eləsinlər.
Söhbət büdcəni silib-süpürməkdən getmir.