Keçən il bütün dünya kimi bizdə də çoxlu fəlakət, qırğın, böhran-zad oldu. Ancaq ilin axırında CNN kanalı maraqlı bir material hazırlamışdı və yarızarafat-yarıgerçək qeyd eləmişdilər ki, əslində 2015-ci il düşündüyünüz qədər pis il olmayıb. Yox, CNN “2016-ya baxanda” klassik zarafatını etməmişdi, arqumentləri də saymışdı. Bunlar neftin qiymətinin düşməsi, qlobal iqlim dəyişməsinə qarşı dünya dövlətlərinin vahid fikrə gəlməsi, ifrat yoxsulların azalması kimi şeylər idi. Hətta “Ulduz savaşları” filminin yeni seriyasının çıxması və ABŞ-da kişinin kişi, qadının qadınla evlənməsinə icazə verilməsi də 2015-ci ilin müsbət hadisələrindən sayılmışdı.
Açığı, elə axırda sadaladıqlarıma görə CNN-in bu optimist “hesabatını” Azərbaycan hakimiyyətinin maliyyələşdirdiyi qənaətinə gəlmişdim. Yoxsa dünyaca ünlü bir kanal niyə AzTV və AzərTAc-a bənzəsin? Axı bizdə hər zaman belə olur: fəlakət xoşbəxtlik, yas toy, etiraz razılıq, qaranlıq işıq, köhnəlik yenilik kimi təqdim edilir.
Elə dünən (rəhmətlik İbrahim müəllim demişkən, “elə götürək Yaponiyanı”) Daxili İşlər Nazirliyinin cinayətlərin azalması üzrə hesabatını görəndə mən bunu düşündüm. Necə olur axı, bizdə hər gün kimsə başqasını doğrayır, övlad ananı öldürür, müəllimlər uşaqları döyür, kriminalın qorxusundan hətta bir ara məktəbli uşaqlar sarılıq olmuşdular, çünki valideynlər və müəllimlər onlara “səni oğurlayarlar, uzağa getmə” demişdilər – lakin polisin açıqlamasına görə cinayətlərin hamısında azalma vardır? Ötən ilin müvafiq dövrünə nisbətən, dünyanın başqa ölkələri ilə müqayisədə, bla-bla-bla… Bəlkə bizdə iki, paralel ölkə vardır, birində sadə xalq yaşayıb bir-birini doğramaqla məşğuldur, o birində isə xoşbəxtlik günəşi çəmənlikdə otlayan vegetarian qurda və quzuya işıq salır?
Hardasa bir həftə öncə Baş Prokuror yanında (idarənin yerini necə dəqiq göstəriblər! – Z.H.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransı qayırmışdı. Azərbaycan kimi ölkədə korrupsiya ilə mübarizə idarəsinin rəisinin hər kəlməsini xalq intizarla gözləyir. Ümumiyyətlə, adam Komissar Katani tipində birisi olmalıdır. Ancaq Kamran müəllim birinci sinifdə oxuyan bacısı qızının saçını dartmağa qorxan kasıb müəllimə oxşayır. Elə “hesabatı” da karikatur bir şey idi. Təsəvvür edin, 2015-ci il üzrə ən çox korrupsiyaya yol verilən sahələrin adlarını açıqlamışdı: bank sektoru – 48 şəxs, ticarət sahəsi – 37 şəxs, tikinti – 31, özəl sektor – 22, təhsil – 20, səhiyyə – 6, bələdiyyə – 8, icra hakimiyyəti – 9 nəfər.
Gördüyünüz kimi, nə gömrüyün, nə verginin adları it dəftərində də yoxdur! Hələ hüquq-mühafizə orqanlarını demirəm. Halbuki Azərbaycanda yaşayan yerli xalq, nəinki yaşayan, hətta Azərbaycan üzərindən uçaqla keçən əcnəbilər də yaxşı bilir ki, bu ərazidə korrupsiyanın ən çox yayıldığı sahə elə hüquq-mühafizə orqanları, məhkəmələr, polis və prokurorluqdur. Bəs necə olur bu orqanlar korrupsiya edərkən yaxalanmırlar? Mən də qəribə sual verirəm – özlərini həbs edəsi deyillər.
Başqa bir yalançılıq və ikili standart örnəyi qiymət artımı, savadlı uşaqlar demişkən, inflyasiya sahəsindədir. Maliyyə naziri Samir Şərifov deyir ki, keçən il Azərbaycanda inflyasiya 4 faiz olub, bu il isə 10-12 faiz proqnozlaşdırılır.
Əcaib hesablamadır. Axı sən dükan-bazara gedirsən, hələ ölməmisən, ömrünün yerdə qalan hissəsini yapistlərə bağışlamamısan və görürsən ki, 2014-cü ildə 1 manata aldığın məhsul 2015-ci ildə 3 manat olub, 2016-cı ilin isə hələ bircə ayı keçməmiş 5 manata qalxıb. Hər biriniz bazar səbətinizə baxsanız onlarla belə məhsul adı görərsiniz, burda sadalayıb başağrısı vermək istəmirəm.
Ümumiyyətlə, yumurtanın zorakı ucuz saxlanılmasından başqa qiyməti minimum 50 faiz, 2 dəfə qalxmayan heç nə yoxdur. Bəs maliyyə naziri milləti niyə mal yerinə qoyub 4 və 12 faizlik inflyasiyadan qırıldadır? Bu pişikdirsə, ət niyə bahadır? Bu ətdirsə, pişik niyə nazir işləyir?