“Türkiyə ilə Rusiya arasında sıxılmış, əsrlər boyu imperiyaların döyüş səhnəsinə çevrilmiş Cənubi Qafqaz indi də Rusiya təyyarəsini Türkiyə vurandan sonra geosiyasi qalmaqalın qəlpələrini gözləməkdədir”.
Bunu eurasianet.org saytında Tiflisdə çalışan jurnalist Giorgi Lomsadze yazır.
“Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi Ermənistan dərhal Kremli dəstəkləyib. Bu ölkədə ictimai fikir də Moskvanın Suriyadakı hərbi məqsədlərinin tərəfini tutur” – bunu isə Ermənistanda Amerika Universitetində mühazirə oxuyan təhlilçi Vahram Ter-Matevosyan deyir.
Onun sözlərinə görə, hələ Suriyada vətəndaş müharibəsi başlanmazdan həmin ölkədə böyük erməni diasporu fəaliyyət göstərirdi. Digər tərəfdən, Rusiya daima Ermənistanın təhlükəsizliyinin qarantı olub.
“Rusiya silahlı qüvvələrinin Suriyada iştirakı nəhəng resurslar tələb edəcək. Ermənistanda Rusiyanın hərbi bazaları var. Strateji müttəfiq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistandan da prosesə qoşulmaq istənilə bilər” – Ter-Matevosyan deyir.
Gürcüstanda isə Su-24-ün vurulması Rusiya ilə 2008-ci il müharibəsini yada salıb. Gürcülərin əksəriyyəti Ankaranı alqışlayıb.
Tiflisdə bəzi təhlilçilər ümid edir ki, bu insident Gürcüstanın NATO-ya üzvlük cəhdlərini sürətləndirə bilər.
“Rusiya Gürcüstanın hava məkanını dəfələrlə pozub… Türkiyə bu qanunsuz hərəkətə dözmədi. Bu fakt gürcü xalqına siqnal olmalıdır, fürsəti fövtə verməyib NATO-ya daha da yaxınlaşsın” – Tiflis Beynəlxalq Qara Dəniz Universitetinin beynəlxalq məsələlər üzrə professoru Giorgi Mcedlişvili belə deyir.
Təhlilçilərin fikrincə, Türkiyə-Rusiya ədavəti Azərbaycanı xeyli dərin dilemma qarşısında qoyur.
“Birinci sual budur: Rusiyanın Türkiyəyə qəzəbi nə qədər çəkəcək və bu, Türkiyənin tərəfdaşlarına da yönələcəkmi?” – deyə xarici siyasət məsələləri üzrə müstəqil təhlilçi Zaur Şiriyev söyləyir.
Müəllif yazır ki, Azərbaycan hökuməti Qərbin insan haqları tənqidlərinə qarşı Kremllə birlikdə sədd çəksə də onun neft-qaz ixracının Qərbə qapısı Türkiyədir. İranla birgə neft istehsalı planlarına baxmayaraq, hələlik Azərbaycan üçün Türkiyənin əvəzi yoxdur.
“Hər 3 ölkə durumdan qısamüddətli fayda götürə bilər. Rusiya Türkiyə ilə ticarətə məhdudiyyət qoyduğundan, meyvə-tərəvəz ixracı bu boşluğu doldura bilər. Gürcüstan turist axınından qazanc götürər. Belə ki, Moskva Türkiyəyə uçuşları azaldıb” – bunlar Mcedlişvilinin proqnozlarıdır.
Ancaq regional müşahidəçilər ümumilikdə belə bir qənaətdədir ki, Qafqaz ölkələri Türkiyə-Rusiya qarşıdurmasından daha çox itirəcəklər.
“Bu rəqabət təlatümlü Cənubi Qafqaz regionuna fayda verməyəcək, heç vaxt da verməyib” – Ter-Matevosyan belə deyir.