“Burada bir alim var idi, o, rəngli milçəkləri hörümçəklərə yedirib hörümçək torundan parça istehsalı üzərində düşünürdü. Başqa bir alim isə tüksüz qoyun növü üzərində çalışırdı”
(Conatan Svift, “Qulliverin səyahəti”)
Deputatxananın xaricdə təhsili az qala ləğv eləmək haqda qərarına dünənki yazımda toxunmuşam, ancaq bir nəfər yadımdan çıxmışdı. Ordakı müzakirələrə deputat Sabir Rüstəmxanlı da münasibət bildirib: “Oqtay müəllim o mənada deyir ki, gənclər xaricdə təhsil adıyla gedib ölkəyə qayıtmırlar. Xaricdə təsir altına düşürlər, onların Vətənə, Azərbaycana bağlılığı itir” və sairə (qafqazinfo.az).
Açığı, bu tip münasibətləri Zahid Oruc və ya Fərəc Quliyev bildirəndə mümkün qədər çalışıram heç diqqətdə saxlamayım. Amma Sabir Rüstəmxanlının ya vəlvələdən, ya zəlzələdən – el arasında müəyyən hörməti hələ qalır, məncə, gərək o, belə söhbətlər eləməsin. Kimə nə dəxli var xaricdə oxumağın? Hansı gənc özünə təhsil və yaşamaq yeri seçirsə, bunu niyə Rüstəmxanlıdan soruşmalıdır? BMT insan haqları konvensiyası var: “Hər kəsin təhsil hüququ və yaşamaq yerini azad seçmək hüququ vardır”. Üstəlik, Azərbaycanı nə günə salmısınız ki, hələ adamlar bu vətənə bağlı da olsunlar?
Biz bu vətənə bağlıyıq, tamam. Amma bilirsinizmi bu “bağlı” nə deməkdir? Bu bağlılıq getdiyimiz bütün qapıların, çıxdığımız bütün yolların üzümüzə bağlı olması deməkdir. Çox simvolikdir, elə bugünlərdə Bakıda bir çox yolları hissələrə bölüblər, “Avropa Oyunları” zolağına çıxanları 40 manat cərimə edirlər. Sən əgər yaxşı deputatsansa, bundan danış. Adamlar xarici idmançının hələ 10 gün sonrakı səfərinə hazırlıq məqsədilə öz yollarında cəriməyə məruz qalır, bu isə xarici təsirdən-zaddan danışır.
İnsanları internetdə yazdığı statusa görə tutub zindana salırlar, sən də deyirsən gəlib bu xarabada oxusunlar. Sərhəddən buraxan yoxdur, bir də bilet pulu tapılmır, yoxsa bir gün səhər ayılıb ölkədə Oqtay Əsədovla elə özünüzün qaldığınızı görərsiniz. Yaxşı olar Güney Azərbaycan, DAK-ŞAK mövzusunda ticarətinizi davam etdirəsiniz, ölkədaxili işlər nəyinizə lazımdır? Həm də bilmək olmur kimin ayağını tapdalayırsan, sonra bunun altını çəkmək var. Misal üçün, Musa Urudu adamın üstünə salırlar, qalırsan yazıq günündə.
Ümumiyyətlə, Azərbaycanda bir qisim şəxslər var ki, əfsanələrlə özlərinə pis-yaxşı karyera qurub yaşayırlar, heç kim də bunlara bir söz demir. Görünür vaxtında demək lazımdır. Belə şəxslərdən biri guya ekoloq alim olan Telman Zeynalovdur. Təzəlikcə uşaqlar Zeynalovun gülünc açıqlamasını tapıb yaymışdılar. Adam deyir ki, Hindistanda istidən 1500 adamın ölməsi Amerikanın-filanın iqlim silahı üzündəndir. Həmid Herisçi tektonik silahla döyüşür, bu da iqlim silahı ilə.
Halbuki, indi 1 iyun bayramını qeyd edən burnufırtıqlı uşaqlar da bilir ki, iqlim silahı deyə bir şey yoxdur, bu bir hipotezadır, nağıldır. Çox uzun getmədən bircə sadə səbəbini yazım: iqlim hadisələri o qədər geniş sahədə, o qədər çoxlu qüvvə hesabına meydana gəlir ki, bunu cəmləşdirib harasa yönəltmək həm imkansızdır, həm də sərf eləməz. Bulud, külək dövlət sərhədi tanımır – bu da var. Amma internetdə baxsanız həmin bu Telman Zeynalovun başqa karikatur izahatlarına rast gələrsiniz. Misal üçün, keçən il bu adam penoplast örtükləri ekoloji təmiz, yanmayan material adlandırıb. Görəsən indi utanırmı? Əlbəttə, yaşlı adamdır, neynəyir utanmağı. Üstəlik bizim ölkədə utanmaq özü utandırıcı hərəkət sayılır.
Mən alimlərimizə və deputatlara bir ideya vermək istərdim: gəlin pul basaq, Holfstrim cərəyanını döndərək, Avropada həyat çezib getsin. Həm uşaqlar xaricdə təhsildən qayıtsın, həm də hindistanlılar yaşasın. Biz də gedək Prezident Administrasiyasının qabağında Ciminin mahnılarını oxuyaq.