H011KaUE1XH2

Parlament MTRŞ-yə yaşıl işıq yandırdı

“Xalqın mənafeyinə uyğun olmayan verilişlər bağlanıla bilər”

Zaman qısa, yol yaxın dostlar, məncə elə indidən düşünməyə dəyər…

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanın efir məkanı ilə bağlı maraqlı açıqlamalarla çıxış edib. Qurum rəhbəri söylədiyi fikirləri ilə son zamanlar ictimaiyyət arasında dəfələrlə ciddi narazılıq doğuran milli televiziyalarımızda olan nöqsanlara bir daha diqqət çəkib. Uzun zaman efirlərdə baş verən nöqsanlara şəxsən öz çıxışları ilə reaksiya verməyən, müdaxilə etməyən yetkili bu dəfə sərt sözləri, söylədiyi fikirləri ilə fərqli bir mövqe nümayiş etdirib. Bu halı ona görə qeyd edirik ki, telenakallarda baş verən nöqsanlara bir çox hallarda qurumun birinci şəxsi tərəfinədn deyil, şuranın digər kadrları timsalında reaksiyalar verilir, münasibət açıqlanır.

Məlum olduğu kimi, xüsusilə də, özəl telekanalların efirlərində son zamanlar daha çox qabaran nöqsanlar ictimaiyyətdə, mətbuatda etirazla qarşılanır. Bu məqamlar əsasən də, yayımlanan canlı verilişlərdə, şou-biznes nümayəndələri ilə bağlı hazırlanan proqramlarda baş verir. N.Məhərrəmli də məhz bu verilişlərdə ortaya çıxan nöqsanları şərh edib.

Gözümüzü yara edən hörmətsizlər

“Şou xarakterli, bayağı verilişlərin həddən artıq çoxalması, xalqın içərisində hörməti olmayan insanların gözümüzü yara etməsi yaxşı hal deyil”.

Bu o deməkdir ki, efirlərdə yayımlanan verilişlərə qonaq qismində dəvət olunan şəxslərin bir çoxu on minlərlə insana söz deyəcək səviyyədə, ictimaiyyət arasında səviyyəsi ilə qəbul olunacaq kəslər deyil. Hər dəfə efirdə hansısa verilişdə insanları narazı salan hallar baş verdikdə, MTRŞ yetkililəri bizə şikayət mahiyyətli cavablar verirlər ki, qurumun səlahiyyətləri ancaq telekanallara xəbərdarlıq etməyə, cərimə tətbiq etməyə və nəhayətdə lisenziyanın alınması ilə bağlı məhkəməyə müraciət etməyə çatır.

Məhz bu məqamla bağlı N.Məhərrəmli bildirir ki, rəhbəri olduğu qurum əlavə səlahiyyətlər alınması üçün dövlət başçısı İlham Əliyevə müraciət edəcək. Fəaliyyəti sırf televiziya və radio yayımına hesablanan MTRŞ rəhbərliyi hesab edir ki, artıq şuranın Azərbaycanda fəaliyyət göstərən telekanalların işinə sərt qərarlarla müdaxilə etməyin zamanı gəlib. Bizsə qeyd etməyi zəruri hesab edirik ki, bəlkə də bu zaman keçmək üzrədir.
“Efirdə cin çıxarmaq əhvalatları olmamalıdır”

“Efirdə cin çıxarmaq əhvalatları olmamalıdır. Əhalinin, xüsusən də uşaqların mənəviyyatına pis təsir edən o cür hadisələr efirə verilməməlidir. Hələ cin çıxarmaq bir qırağa, mən küçə danışıq tərzinin efirdə olmasının qəti əleyhinəyəm. Bizim efir insanlar üçün həm də məlumatlandırıcı, maarifləndirici vasitədir. Bizim gənc nəsil televiziyalara baxaraq böyüyür. Ona görə də düşünürəm ki, televiziyalara tutulan nöqsanlar aradan qaldırılmalıdır”.
Bunu da N.Məhərrəmli deyir.

Cin çıxarmaq, özünü cindar adlandıranlar, falçı sayanlar özəl telekanallarda yayımlanan verilişlərdə, proqramlarda efirə çıxıb özlərini təqdim edir, fəaliyyətləri haqqında geniş məlumatlar verir və pafoslu sözlər, kəlimələr söyləyərək insanların psixikasına təsir edərək “yaratdıqları böyük xarüqələrdən” ağız dolusu danışırlar. Bu hallar ANS, SPACE, ATV telekanallarında olub. Məsələn, bunlar konkret olaraq ANS-in efirində yayımlanan “Adam içində”, Space-də yayımlanan “Gunaydın” verilişində olub.

Efirin maarifləndirici vasitə olduğunu deyən N.Məhərrəmli bildirir ki, televiziyalara tutulan çoxsaylı nöqsanlar qısa zamanda aradan qaldırılmalıdır.

“İnsanlara hörmətsizlik mənəvi dəyər deyil”

“Öz hüququnu bilməyən insanların bədbəxtliyi üzərində şou yaradıb qazanc götürmək ən azından mənəvi dəyər deyil. Böyüklərə, uşaqlara qarşı sayğısızlıq, hörmətsizlik mənəvi dəyər deyil”.

ATV telekanalında yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu “Öz aramızda” verilişində əlil insanlar, bir çox hallarda isə uşaqlar efirə gətirilir. İnsanların yaşadıqları acı həyatlarını, yaşadıqları çox ağır sıxıntılarını qabardıb hallandırmaq, onları dönə-dönə təkrarlamaq, şişirtmək seyrçiyə çox mənfi təsir edir. Bəzi hallarda isə bu verilişdə insanların özəl həyatlarının çılpaqlığı ilə qabardılması psixikası zəif olan insanlara pis təsir edir. N.Məhərrəmli də məhz bu və buna bənzər məqamları xüsusi vurğulayıb.
Verilişlərdə bir sıra hallarda problemli vəziyyətə düşən insanların yaşadıqları həyat hekayəsi nəql edilir və seyrçi qarşısına çıxarılan qəhrəman aparıcı və ekspert qismində proqrama dəvət olunan qonaqlar tərəfindən ittiham olunur. Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində bu hallara rast gəlinir.

Nuşirəvan Məhərrəmli artıq lisenziya dayandırmaq səlahiyyəti ilə razılaşmaq istəmir

“Biz, ümumiyyətlə, senzuranın əleyhinəyik. Belə şeyləri qəti istəmirik. Amma çox təəssüf ki, bəzən bundan sui-istifadə edərək efirdə xalqın milli-mənəvi dəyərlərinə uyğun olmayan verilişlər yayımlanır. Bu da xoşagələn hal deyil. Biz ictimaiyyətdən gələn tələblərlə bağlı müəyyən təkliflər irəli sürmüşdük. Təkliflərimizə müxtəlif nazirliklərdə baxıldı və Milli Məclis müvafiq qərar qəbul etdi. Bundan sonra Azərbaycan xalqının mənafeyinə uyğun olmayan verilişlər tərəfimizdən bağlanıla bilər”.

Belə ki, parlament MTRŞ-nin qurumun səlahiyyətlərini artırmaq üçün hazırladığı təklifləri qəbul etdi. Proseslərin gedişatı onu deməyə əsas verir ki, yaxın gələcəkdə MTRŞ hazırda fəaliyyət göstərdiyi səlahiyyət funksiyaları ilə qalmayacaq. Və şura efirlərdə baş verən nöqsanları qanun çərçivəsində tez bir zamanda aradan qaldırmaq yetkisi qazanacaq.

Nuşirəvan Məhərrəmli telekanallara barmaq silkələdi
“İnsan başa düşməlidir ki, onun hərəkəti ona daha ağır başa gələcək. Bəzi televiziya kanallarının rəhbərləri deyir ki, milli-mənəvi dəyər nədir. Həmin suala cavab tapmaq üçün məhz bu cür səlahiyyətlərə ehtiyac vardı. Bəzi insanlar başa düşmür ki, Milli Televiziya və Radio Şurası məhz ona görə yaradılıb ki, efirdə Azərbaycan dövlətinin, xalqının maraqlarına uyğun olmayan verilişlər olmasın”.

N.Məhərrəmli deyir ki, əgər hər hansı bir hakim bu işlərə baxacaqdısa, onda bizim təşkilatı yaratmağa nə ehtiyac var idi – biz 12 ildir fəaliyyət göstəririk, əvvəllər bu məsələni dəfələrlə qaldırmışdıq.

Telekanalların fəaliyyəti əksər hallarda efirlərdə baş verən qüsur və nöqsanlarla mətbuatın gündəminə gəlir. Aparıcıların nitq mədəniyyəti, danışıq tərzi, davranış mədəniyyəti, ünsiyyət peşəkarlığı – ümumilikdə professional vərdişlərin bir çox hallarda yüksək olmaması seyrçilərdə qıcıq yaradır, etiraz doğurur.

Parlamentin MTRŞ-yə yaşıl işığı

“Son dövrlər şou xarakterli, bayağı verilişlərin həddən artıq çoxalması, verilişlərin keyfiyyətinin xeyli aşağı olması, xalqın içərisində hörməti olmayan insanların gözümüzü yara etməsi yaxşı hal deyil. Bundan sonra biz bu məsələyə bir daha qayıtmaq məcburiyyətində qaldıq. Bu məsələ həm ictimaiyyət, həm də bizim tərəfimizdən qaldırıldı. Milli Məclisin buna müsbət yanaşması sevindirici haldır. Artırılmış səlahiyyətlərdən yalnız Azərbaycan xalqının mənafeyinə uyğun istifadə olunacaq”.

MTRŞ sədrinin telenakal rəhbərlərinə ünvanladığı sualın məntiqinə diqqət yetirək – insanların gözlərini yara edən hörmətsiz adamları efir rəhbərləri hansı məntiqlə ekranlara çıxarırlar???

Növbəti sualı da biz ünvanlayırıq – Şou əhlinin evindəki əşyaların, geyimlərinin, şəxsi əşyalarının, bəzənsə hətta alt paltarlarının nümayişkaranə şəkildə göstərilməsi kimə lazımdır???

Bu ən ən azı seyrçiyə, tamaşaçıya qarşı hörmətsizlik, tərbiyəsizlikdir. İnsanlar ailəcə axşamlar ekran qarşısında bu kadrları seyr edəndə yaşı fərqli olan ailə üzvlərinin düşüncələrində hansı situasiyanın yaranmasının təxmin etmək bir o qədər də çətin deyil.
Bu gün çatmayan maarifləndirici, tərbiyəvi əhəmiyyəti ilə seçilən verilişlərin az olması milli efirlərimizin əsas, ağrılı, axsyan məsələlərindəndir. Son illərdə telekanallarda bir-birinin ardınca şou verilişlərin yaranmasına da münasibət bildirən qurum sədri bildirir ki, televiziya rəhbərləri ictimaiyyətin maraqlarını nəzərə almadan bu addımları atırlar. N.Məhərrəmli açıqlamalarında vətəndaşlardan bu məsələlərlə əlaqədar quruma çoxsaylı şikayətlər daxil olduğunu da vurğulayıb.
Şura sədri fikirlərində nöqsanları sadalasa da, bununla yanaşı, milli televiziyaların maddi-texniki bazasının güclü olmamasına, kadr potensialının, reklam alma səviyyəsinin yüksək olmamasına da yer ayırıb.

Telekanallar Avropadakı verilişləri “kopya”layırlar

“Çox təəssüf ki, bəzən bizim televiziya kanallarında Avropadakı verilişləri, özü də çox aşağı səviyyədə “kopya”lamaqla xalqa göstərirlər. Bu isə yaxşı hal deyil.
Özəl telekanallardakı verilişlərin keyfiyyəti təkcə onların istəyi ilə bağlı deyil, həm də real vəziyyətlə bağlıdır. Amma bu gün özəl kanallarda intellektual tipli verilişlər qazanc gətirmirsə, bayağı verilişlər qazanc gətirirsə, onlar bunu seçirlər. Televiziya kanalların rəhbərləri həmişə bizə deyirlər ki, biz özümüz də o verilişlərə baxa bilmirik, xoşlamırıq. Amma bu gün məcburiyyət qarşısında buna getdiklərini dilə gətirirlər”.

Efirlərin nitq mədəniyyəti, ana dilinin ifadə olunmasına da diqqət çəkən şura sədri bu məsələdə problemlərin yaranmasının və yeri gəldikdə aradan qaldırılmamasının səbəbini telenakanallarda yaradılan Bədii Şuralarda gördüyünü söyləyib. Sədrin qənaətincə, hazırda bədii şuralar yaradılsa da, çox təəssüf ki, onların fəaliyyəti ancaq kağız üzərindədir. Onun bildirdiyinə görə, bəzi televiziya kanalları öz rəhbərliyini Bədii şuranın tərkibi kimi göstərib.
“Mən hesab edirəm ki, hər bir televiziya kanalının Bədii Şurası Azərbaycan xalqına nəyi göstərmək olar, nəyi göstərmək olmaz məsələsində prinsipiallıq göstərməlidir. Son zamanlar qeyd etməliyəm ki, efirdə dəyişikliklərin şahidi oluruq. Nöqsanlar var, amma əvvəlki illərlə müqayisədə qanun pozmalar çox aşağı düşüb. O ki, qaldı şou-bizneslə bağlı verilişlərə, bayaq dediyim kimi, bu, çox ciddi bir məsələdir”.

Təəssüf hissi ilə, N.Məhərrəmlinin dediklərinin reallığı əks etdirən acı həqiqət olduğunu biz də təsdiqləyirik. Amma efir sahiblərinin telekanal rəhbərlərinin nəzər-diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, bu günə qədər sərgilədikləri eybəcərliklər, qüsurlar, nöqsanlara görə, MTRŞ-dan sadəcə, bir çox hallarda xəbərdarlıq, az məbləğlərdə cərimə, istisna hallarda isə məhkəmə yolu ilə lisenziyanın dayandırılması xəbərini alırlarsa, yaxın gələcəkdə vəziyyət cəmiyyətimiz üçün yaxşıya, telenakallar üçünsə pisə doğru dəyişəcək. Zaman qısa, yol yaxın dostlar, məncə elə indidən düşünməyə dəyər…Bizdən deməkdisə, sizlərdən də eşitmək olsun…

Загрузка...