roza zer

Müğənni Roza Zərgərlinin Milli.Az-a müsahibəsi.

-​ Roza Zərgərli… Bu ad çoxlarına son bir neçə ildə tanındı. Bəs özünüzə nə vaxtdan tanışdır?

-​ Mən yeddi yaşımdan etibarən müsiqi məktəbinə getmişəm. Mütəmadi olaraq musiqi ilə məşğul omuşam. Oxumağa başlayandan sonra isə müxtəlif yerlərdə solo konsertlər vermişəm. Demək olar ki, 2000-ci ildən etibarən peşəkar səhnə fəaliyyəti ilə məşğul oluram.

-​ Neçə yaşında ailə qurdunuz?

-​ On yeddi yaşımda ərə getdim. Üç övladım var.

-​ Çoxları deyir ki, Roza Zərgərli boşanıb. Bu nə dərəcədə doğrudur?

-​ Xeyr, belə bir şey yoxdur. Artıq iyirmi ilə yaxındır ki, həyat yoldaşımla birlikdəyəm.

-​ Çox gənc yaşda ailə qurmusunuz. Onda sevirdiniz?

-​ Dediyiniz kimi, o yaşda sevginin nə olduğunu dərk eləmək çətin olur. Elə bilirsən ki, sevirsən, amma zaman keçdikə görürsən ki, bu, sevgi deyilmiş (glülür).

-​ Sənət baxımından sizə daha çox atanız qadağa qoyub, yoxsa həyat yoldaşınız?

-​ Atam mənim müğənni olmağımın əleyinə idi. Özü hərbçidir. Deyirdi ki, qız hara, oxumaq hara? O, mənim hansısa bir sənət sahibi olmağımı istəyirdi. Ancaq qismət, mən bu sənəti seçdim. O ki qaldı həyat yoldaşıma, o mənim nə sənətimə, nə də geyimimə heç vaxt müdaxilə etməyib.

-​ Daha çox o, sizi qısqanır, ya siz onu?

-​ Bircə onu bilirəm ki, mən aşırı dərəcədə qısqanc bir insanam.

-​ Mübahisəniz tez-tez düşür?

-​ Olanda olur. O da ki, xırda məsələlərin müzakirəsi zamanı.

-​ Hansınız daha çox qazanırsınız?

-​ Təbii ki, o. Çünki o biznesmendir.

-​ Sizə maddi baxımdan dəstək olur?

-​ Xeyr, şərtləşməmizə əsasən, o, mənə maddi yardım etmir (gülür). Hamısını öz gücümə edirəm.

-​ Məndə olan məlumata görə, siz sponsor axtarışında olmamısınız. Bəs sponsor necə, sizi axtarıb?

-​ O qədər axtarıb ki… Amma mən özüm çoxlarına sponsorluq edirəm, buna ehtiyacım yoxdur (gülür).

-​ Pulunuz belə çoxdur?

-​ Özümə görə var. İmkanım yetən qədər gənclərə dəstək oluram.

-​ Məsələn, necə?

-​ Məsələn, tədbirlər təşkil edirəm, onlara klip çəkirəm və s.

-​ Doğurdan, siz axı rejissorluğu da bacarırsınız…

-​ Bəli, ixtisasca rejissoram. Kliplərimin çoxunun rejissorluğunu özüm etmişəm. Digər sənət yoldaşlarıma da kliplər çəkmişəm.

Bunun müqabilində onlardan qonorar tələb etmisiniz?

-​ Xeyr, hədiyyə etmişəm.

-​ Son zamanlar sinəsi açıq geyimlərlə diqqət mərkəzinə tez-tez düşürsünüz. Bunu qəsdən edirsiniz?

-​ İnanın mənə, heç nəyi qəsdən etmirəm. Onu bir jurnalist görüntüləmişdi və çox qabartmışdı. Mənim bədən quruluşum elədir ki, nə geyinsəm, yenə də diqqəti cəlb edəcəm. Yoldaşım mənə deyir ki, sənə çuval geyindirsəm də, cazibədar görünəcəksən. Ona görə də geyimimə qarışmır, deyir ürəyin nə istəyirsə, geyin.

-​ Bəs övladlarınız necə, onlarda hər hansı bir qısqanclıq hissi var?

-​ Onlar dəhşət qısqancdırlar. Həm sənətimi, həm də geyimimi çox qısqanırlar. Təsəvvür edin ki, xarici ölkələrdə olarkən məni qəsdən “ana” deyə çağırırlar ki, yad gözlər mənə baxmasın (gülür).

-​ Sevil və Sevinc bacıları ilə aranızda söz-söhbət olduğu deyilir. Doğrudur?

-​ Belə bir şey yoxdur. Yalan söhbətdir. Onların hər bir uğuruna sevinirəm. Münasibətlərimiz də əladır.

-​ Bəs kiminlə münasibətiniz yoxdur?

-​ Hamıyla var. Heç kimlə düşmən deyiləm. Heç kimə qarşı pis olmamışam çünki. Hamıyla mehribanam. Ancaq çox vaxt buna görə məni qınayırlar ki, insanları özünə çox yaxın buraxırsan.

-​ Arxadan atılan daş topuğunuza dəyib?

-​ Heç vaxt dəyməyib, çünki boyum hündürdür (gülür).

-​ Roza Zərgərli də silikondan istifadə edib deyənlərə cavabınız nədir?

-​ Sinəmin, dodağımın, ayaqlarımın silikon olduğunu və plastik əməliyyata məruz qaldığını deyənlər çoxdur. Ancaq mən nə silikondan istifadə etmişəm, nə də plastik əməliyyatdan. Nə varsa, özümündür.

-​ Bədən ölçülərinizidən tam razısınız?

-​ Heç bir narazılığım yoxdur, hər şey qaydasındadır.

-​ Klipinizdə yer alan erotik səhnələrlə gündəmə gəldiniz. Özünüz niyə çəkilmədiniz həmin səhnədə?

-​ Ailəmi nəzərə aldım. Ancaq çoxları elə bilir ki, həmin səhnəni oynayan mən özüməm. Çox vaxt mənə deyirlər ki, gərək özün oynayardın. Sən çəkilən həmin qızdan daha cazibədarsan (gülür).

-​ Bundan sonra klipdə, yaxud da filmdə belə səhnələrdə oynamaq üçün təklif alsanız, razılıq verərsiniz?

-​ Düşünürəm ki, yox. Çünki mən belə şeylərlə yox, oxumağımla, uğurlarımla tanınmağı üstün tuturam.

-​ Amma filmlərə çəkilirsiniz…

-​ Düzdür, təklif olanda dəyərləndirirəm. O da ki, sırf qonorara görə. Həm də özümü bu sahədə də sınamaq istəyimdən irəli gəlir.

-​ Kənardan sizə baxanlar, özünüzdən razı kimi qələmə verirlər sizi…

-​ Siz də şahidi oldunuz ki, bu, belə deyil. Tam əksidir…