EL hərəkatı, KXCP, VHP və gənclər anti-bahalaşma aksiyasına hazırlaşır; Eldar Namazov mitinq hazırlıqlarından danışdı
Milli Şuranın bahalaşma əleyhinə keçiriləcək mitinqə hazırlı davam edir. Milli Şuraya daxil olan partiyaların bölgə təşkilatları da anti bahalaşma nümayişinə dəstək verəcəklər. Eyni zamanda gənclər aksiyada xüsusi fəallıqla seçiləcəklər və sosial şəbəkələrdə təbliğat gedir.
Milli Şuranın üzvü, EL hərəkatı sədri Eldar Namazov “Yeni Müsavat”a bildirdi ki, aksiyaya dəstək verəcəklər: “EL hərəkatı Milli Şuranın bütün mitinqlərinə qoşulub. Bu dəfə də fərqli qərar yoxdur. EL hərəkatı mitinqdə fəal iştirak edəcək. Ancaq mən özüm xarici səfərdə olacağam və bu barədə Cəmil Həsənliyə xəbərdarlıq etmişəm. Çalışacağam ki, mitinqə gəlib çatım”.
E.Namazov Milli Şuranın mitinq qərarı verməkdə gecikdiyinə dair fikirlərə münasibət bildirdi: “Mən mitinq qərarı veriləndə Bakıda olmamışam. Odur ki, hansı müzakirələr getdiyindən xəbərsizəm və açığı, bir qərarın verildiyi yerdə iştirak etmədiyim halda rəy bildirməyim düzgün olmazdı. Dostlarımız mitinqə hazırlaşır, kütləviliyi təmin etməliyik. Siyasi partiyaların proqramlarında sosial-iqtisadi məsələlərə yer ayrılıb. Sosial şüarlarla aksiyaların keçirilməsinə ehtiyac var”.
EL sədri onu da vurğuladı ki, dövlət tərəfindən süni bahalaşma prosesi həyata keçirilir və oliqarx-məmurlar əhalinin vəziyyətini günbəgün ağırlaşdırır: “Onlar əhalinin sosial durumunu nəzərə almır. Xalqın bir hissəsi siyasi proseslərdən kənarda qalıb. Ona görə təkcə onların siyasi hüquqları yox, sosial haqları da tapdanır. Buna etiraz olunmalıdır. Belə məqamlarda ortaya öz mövqeyini qoymaq çox əhəmiyyətlidir”.
Vətəndaş Həmrəyliyi Partiyası da mitinqə qoşulacaq. VHP-nin Ali Məclisinin sədri Rafiq Manaflı qeyd etdi ki, özü də aksiyada iştirak edəcək və partiyanın rayon təşkilatlarının üzvləri də etiraza qoşulacaqlar. R.Manaflının fikrincə, bu, sosial tələblə keçiriləcək mitinqdir: “Açığı, əhalinin əhval-ruhiyyəsinə baxanda güclü mitinq olacağını düşünmürəm. Ancaq bu, siyasi tələblə keçirilən mitinq deyil. Xalq öz taleyinə biganə qalmayıb aksiyada iştirak etməlidir. Əgər fəallıq olmasa, onda fikirləşmək lazımdır ki, nə etməliyik. O fikirlə də razıyam ki, mitinq qərarı bir az gecikdirilib. Daha tez qərar vermək olardı”.
KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, Bakı meriyasına müraciət olunub və KXCP nümayəndəsi də həmin müraciətə imza atıb: “Bu dəfə mitinq üçün 5 yer göstərmişik. Bütün hallarda nümayişin izdihamlı keçməsi üçün Milli Şuraya daxil olmayan qüvvələr də dəstək verməlidir. Aksiya qərarı verməkdə çox gecikdik. Bahalaşma xəbərinin ertəsi günü əhalini etiraz etməyə çağırmalı idik. Mən bunu iclasda da söylədim. Amma təbliğat gedir, sosial şəbəkələrdə çağırış olunur. İnsanların sosial güzəranı ağırdır və onları etiraz etməyə çağırırıq. Çünki bahalaşma dalğası gələcək”.
X.Teyyublunun sözlərinə görə, müxalifət Ukraynada gedən proseslərə də dəstək verməli, avrointeqrasiya mesajlarını dünyaya və cəmiyyətə çatdırmalıdır: “Təklif edirəm ki, mitinqdə Kiyev hadisələrinə dəstək çıxışları olmalıdır. Bununla ölkəmizin hansı istiqamətə getmək istədiyini diqqətə çatdırmalıyıq”.
Siyasi partiyaların gəncləri və müstəqil fəallar da mitinqə qoşulacaq. Müsavatın gənclər təşkilatının sədri Əhliman Abbas qəzetimizə bildirdi ki, tədbirə hazırlıqlar gedir: “Müsavat Partiyasının iştirak qərarı verdiyi bütün tədbirlərə qatılırıq. Ümid edirik ki, çox yaxşı mitinq alınacaq və bu istiqamətdə hazırlıqlar davam edir”. Ə.Abbas özü də mitinqdə iştirak edəcəyini vurğuladı.
AXCP Gənclər Komitəsinin sədr müavini İlham Hüseyn “Azadlıq”a deyib ki, AXCP GK-nin 1-ci Ümumrespublika Konfransı mitinqlə eyni vaxta təsadüf edib. O, buna baxmayaraq, konfransdan sonra mitinqə qoşulacaqlarını açıqlayıb:
“Budəfəki mitinq vətəndaşların sosial rifahı ilə bağlıdır və öz taleyinə, ailəsinin yaşamına biganə qalmayan hər kəs bu mitinqdə iştirak etməlidir”. NİDA-çı Ülvi Həsənli də mitinqə qoşulacaqlarını söyləyib: “Əhalinin bütün təbəqələri bu etirazlarda sözünü deməlidir”.
VHP Gənclər Təşkilatının sədri Pünhan İmanlı da aksiyaya dəstəyini ifadə edib.
AMİP-də də hərəkətlilik yaranıb. Partiya Milli Şuranın mitinqinə qoşulacaq. AMİP baş katibi Arzuxan Əlizadə modern.az-a deyib ki, Milli Şuranın seçki ilə bağlı mitinqlərində partiyanın da fəal üzvləri iştirak ediblər: “Partiya üzvlərinə mitinqdə iştirakla bağlı heç bir qadağa qoyulmayıb. Növbəti mitinq də ölkədə qiymət artımı ilə əlaqədardır. AMİP-in üzvləri də həmin mitinqdə iştirak edə bilərlər”.
Bildirək ki, müxalifət mitinqin keçirilməsi üçün meriyaya müraciət edib və aşağıda göstərilən yerlərdən birində saat 16:00-dan 18:00-a qədər keçirilməsi istənilir: Yasamal rayonunda yerləşən “Məhsul” stadionu; Nəsimi rayonu Asim Məhərrəmov küçəsində yerləşən parkdakı meydança; “Ulduz” metro stansiyası qarşısındakı park, Binəqədi rayonu metronun “Dərnəgül” stansiyasının dəmiryol tərəfindəki çıxışı; Nərimanov rayonunda yerləşən Nərimanov parkı. Aksiya “Bahalaşmaya son!”, “Qiymətlər endirilsin!”, “Dövlət əhaliyə xidmət etmək üçündür” və s. şüarlarla keçiriləcək.
musavat.com