BP prezidenti Bakıdadır və prezidentlə görüşüb
Bu gün Britaniyanın nəhəng neft-qaz korporasiyası BP-nin icraçı direktoru Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib.
Virtualaz.org prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Dadlinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. R.Dadli İlham Əliyevin yenidən prezident seçilməsi ilə bağlı təbriklərini bir daha dövlət başçısına çatdırıb. Görüşdə Azərbaycanla BP şirkəti arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi olub.
Lakin BP rəhbərinin Bakıya indiki səfəri və onun prezidentlə apardığı danışıqları şübhəsiz ki, bu qısa protokol cümləsi ilə xarakterizə etmək mümkün deyil. Qlobal enerji nəhəngi ilə Azərbaycan hakimiyyəti arasında əməkdaşlığın çox mühüm və kritik mərhələri başlayıb. Tərəflər “Şahdəniz-2” yatağından qaz hasilatını başlatmaq üçün tələb olunan 25-30 milyard dollarlıq investisiyanın yatırılması şərtlərini razılaşdırmalıdır.
Bu günlərdə Britaniyanın baş naziri Devid Kemeron Azərbaycan prezidentinə təbrik məktubu göndərmişdi və həmin məktubda deyilirdi ki, rəsmi London Bakıyla “Şahdəniz” danışıqlarının uğurla başa çatacağına ümid edir. Kemeron məktubunda yazmışdı ki, danışıqların yekunu olaraq imzalanacaq müqavilə ilə bağlı xarici işlər nazirini ilin sonlarında Bakıya göndərməkdən məmnun olardı.
Kemeron yazırdı:“Şahdəniz-2” layihəsinə dair yekun sərmayə qərarı ilə bu istiqamətdə işin davam etdirilməsini səmimiyyətlə arzulayıram. Bu qərar ilin sonunadək qəbul olunarsa, xarici işlər naziri imzalanma mərasimində iştirak etmək üçün Bakıya səfərdən məmnun olardı. Bu, ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirən önəmli mərhələ olacaq”.
Daha sonra Britaniya hökumətinin sözçüsü BBC-yə bildirdi ki, D.Kemeronun İlham Əliyevə məktubu “şəxsi” xarakter daşıyırdı və baş nazir onun Azərbaycan prezidentinə bilavasitə çatdırılmasını istəmişdi. Sözçü məktubun məzmunu şərh etməkdən imtina edib. Daha sonra məktubun mətni rəsmi dövlət agentliklərinin saytından yığışdırılıb. Belə başa düşmək olurdu ki, əslində anlaşılmazlıq olub və məktubu göndərən tərəf onun mətbuata yayılmasını istəmirmiş.
Hər halda Britaniya baş nazirinin məktubunda “Şahdəniz”ə dair sərmayə daışıqlarına xüsusi önəm verməsi məlum olurdu. Çünki Azərbaycan qazının TANAP və daha sonra TAP kəmərləri vasitəsilə Avropaya çatdırılması bu sərmayə danışıqlarından asılıdır. İnvestisiyalara dair razılaşma nə qədər tez əldə olunsa TANAP kəmərinin çəkilişinə və “Şahdəniz-2”də hasilat işlərinə o qədər tez başlamaq mümkün olacaq. Göründüyü kimi D.Kemeronun məktubunun ardınca Bakıya BP rəhbəri gəlib və “Şahdəniz-2”yə dair investisiya danışıqları həlledici fazaya daxil olub.