Medianews.az
“MTV”yə ciddi xəbərdarlıq edildi
60 baxış

“MTV”yə ciddi xəbərdarlıq edildi

Dekabrın 17-də Audiovizual Şuranın onlayn keçirilən iclasında “MTV” kanalının efirində baş vermiş pozuntu müzakirə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Bildirilib ki, “MTV” kanalının efirində 28 noyabr, saat 10:04-11:54 arası yayımlanan “Xoş sabah” proqramında ailə həyatının görünən və görünməyən tərəfləri, qadın-kişi münasibətlərindəki çətinliklər, müasir ailələrə təsir edən sosial basqılar, rolların dəyişməsi mövzuları müzakirə edilib.

Proqramda iştirak edən qonaqlardan biri “İnsanlar düşünürlər ki, boşanma ay pisdir, xaosdur. İnkişaf deməkdir. Nə mənada? Qadınların hüquqları artmağa başladıqca özünü ifadə etmək, inkişaf başladı. Yəni mən də insanam. Mən də sənin qədər, sənin duyduğun qədər, sənin kimi mənim də ehtiyaclarım var. Ortaya çıxmağa başladı. Qadın hüquqları artdıqca, boşananların sayı artmağa başladı. Bu da inkişafı göstərir cəmiyyətdə. Sivilizasiya inkişaf etməyə başlayıb və bütün sivilizasiyalar məhz xaos üzərindən olur. Boşanma pis bir şey deyil. Boşanma o deməkdir ki, insanlar artıq fərqindədir ki, əvvəllər dözərək yaşayırdılar, şiddətə dözürdülər, susurdular. Bu gün o söhbət yoxdur artıq. Bu gün artıq insanlar necə deyərlər, partnyorluğa önəm verirlər, birlikdə yaşamağa” ifadələrini işlətməklə öz mövqeyini ifadə edib.

Digər bir qonaq isə buna cavab olaraq “Bu inkişaf deyil, əxlaqsızlıqdır” ifadəsindən istifadə edib. Boşanmanın inkişaf kimi təqdim edilməsi və ya tam əksinə olaraq bunun əxlaqsızlıq adlandırılması, ümumən isə redaksiya nümayəndəsinin (bu halda, aparıcının) belə fikirlərə zəruri müdaxilə etməməsi Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən qanunvericilik pozuntusu kimi qeydə alınıb, zəruri prosedurlara uyğun olaraq araşdırma aparılıb, hüquqşünaslar tərəfindən pozuntu faktı təsbit olunub.

İclas zamanı qeyd edilib ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın “inkişaf” kimi təqdim olunması, digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Konstitusiyasının 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Ailə Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab olunur.

Audiovizual Şuranın üzvləri tərəfindən “boşanmaq inkişafdır” ifadəsi Ailə Məcəlləsinin, habelə “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilib, qeyd olunan yayımla bağlı “MTV” kanalına ciddi xəbərdarlıq olunub.

 

 
 
 

Bizə qoşulun