Medianews.az
Mehdiyevin hansı qurumları ləğv etmək niyyəti olub? -
4,210 baxış

Mehdiyevin hansı qurumları ləğv etmək niyyəti olub? - DÖVLƏT ÇEVRİLİŞİ PLANININ DETALLARI

Oktyabrın 14-də Azərbaycan mediasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır cinayətlərdə (hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) ittiham edildiyi haqda xəbər yayılıb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdiyi bəyan olunub. 

Oktyabrın 16-da APA-nın dərc etdiyi geniş materialda Ramiz Mehdiyevin Rusiyanın dəstəyi ilə dövlət çevrilişi planı hazırladığı və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif etdiyi vurğulanıb. Bildirilib ki, Mehdiyev Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginlikdən istifadə etməyə çalışaraq Moskvadan siyasi dəstək gözləyib. O, hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkədə Dövlət Şurası formatında idarəetmə orqanı yaradılmasını təklif edib. APA-nın məlumatına görə, Mehdiyev rəhbərlik etməyi planlaşdırdığı şurada təmsil olunacaq şəxslərin siyahısını da Rusiya tərəfi ilə bölüşüb.

Ayın 27-də APA Ramiz Mehdiyevin ölkədə dövlət çevrilişi həyata keçirmək məqsədilə Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı, Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçən məktubun fotosurətini dərc edib. Agentlik bildirib ki, bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim edilən fakt Ramiz Mehdiyevin həqiqətən xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir. “Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir” deyə APA vurğulayıb.

Medianews.az qeyd edir ki, Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub ölkədə prezident üsul-idarəsini ləğv etmək niyyətindən xəbər verir. Belə ki, Mehdiyev Rusiyaya ünvanladığı məktubda Azərbaycanda Dövlət Şurasının yaradılmalı, qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bu şuranın nəzarət etməli olduğunu vurğulayıb. 

Mehdiyevin planına görə, Dövlət Şurasında ictimai nüfuzu olan 50 nəfər cəmlənməli imiş. Plana görə, Dövlət Şurası ölkəni tam idarə etmək səlahiyyətinə, siyasi, sosial-iqtisadi proseslərə hərtərəfli nəzarəti həyata keçirmək mexanizminə malik olmalı, Konstitusiya Məhkəməsinin və Təhlükəsizlik Şurasının da funksiyalarını yerinə yetirməli imiş.

Beləliklə, aydın olur ki, Ramiz Mehdiyevin xəyalında Prezident üsul-idarəsinin, Konstitusiya Məhkəməsinin və Təhlükəsizlik Şurasının ləğv edilməsi planı varmış.

Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qanunların, fərman, sərəncam və qərarların, normativ hüquqi aktların konstitusiyaya, qanunlara uyğunluğu üzrə məsələlərin; qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həllinə məsuldur, həmçinin Azərbaycan Konstitusiyasını və qanunlarını şərh edir. Vətəndaşlar qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin hər bir qərarı qətidir, heç bir orqan və ya şəxs qərarı ləğv edə, dəyişdirə bilməz.

Məşvərətçi orqan olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası isə milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır. Təhlükəsizlik Şurasına Azərbaycan Prezidenti sədrlik edir, Təhlükəsizlik Şurası üzvlərinin və katibinin təyinatı da Prezidentin səlahiyyətindədir.

Ramiz Mehdiyev 2019-cu ilin oktyabrından Təhlükəsizlik Şurasının üzvü olub. Çevriliş planı üzə çıxandan az sonra – 2025-ci il oktyabrın 18-də ölkə mediasında Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldığı haqda məlumatlar yayılıb. Bu barədə rəsmi açıqlama verilməsə də, bir neçə gün sonra Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından silinib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun