21.06.2025, 11:22
256 baxış
Azad
Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri ilk oxunuşda qəbul etdi
İyunun 21-də Milli Məclis "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" konstitusiya qanunu layihəsini birinci oxunuşda qəbul edib.
Layihəyə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə (maddə 5) çıxarılır. Həmçinin bir sıra maddələrdə və preambula hissəsində dəyişikliklər edilir.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasından Moskva və Qars müqavilələrinə istinadların çıxarılır, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında da əksini tapir.
Naxçıvan Konstitusiyasına əlavə edilməsi nəzərdə tutulan "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Layihədə Naxçıvan Konstitusiyasına əlavə edilməsi nəzərdə tutulan digər maddə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədir. Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.
Nəzərdə tutulan dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi adlı 5-ci maddənin çıxarılmasıdır.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 13, hissə II).
Bundan başqa, layihədə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24, hissə II).
Layihəyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, hissə II).
Nəzərdə tutulan digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).
Layihədə həmçinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).
Layihədə həmçinin Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub. /Report
Paylaş: