Medianews.az
Naxçıvan Konstitusiyası: <span style=color:red>beynəlxalq müqavilələrə istinadlar çıxarılır
257 baxış

Naxçıvan Konstitusiyası: beynəlxalq müqavilələrə istinadlar çıxarılır

Milli Məclisin 21 iyun iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi müzakirə ediləcək. Medianews.az bildirir ki, layihədə diqqət çəkən məqamlardan biri də Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında birinci və ikinci abzasların ləğv edilməsi, üçüncü və dördüncü abzasların yeni redaksiyada verilməsidir. Hazırda Naxçıvan Muxtar Respublikası Konstitusiyasının birinci və ikinci abzasları belədir:

“Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir.

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır”.

Qeyd etdiyimiz kimi, layihədə bu abzasların ləğvi təklif olunur. Hazırda Naxçıvan Muxtar Respublikası Konstitusiyasının üçüncü və dördüncü abzasları belədir:

“1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində — referendumda qəbul edilən Konstitusiyası təşkil edir”.

Layihədə bu abzasların aşağıdakı redaksiyada verilməsi təklif olunur:

“Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində — referendumda qəbul edilən Konstitusiyası təşkil edir.”

Daha sonra layihədə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 1-ci maddəsinin II hissəsindən “16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri” sözlərinin çıxarılması təklif olunur. Hazırda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 1-ci maddəsinin II hissəsi belədir:

“II. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir”.

Dəyişiklik qəbul edilsə, maddə bu şəklə düşür:

“Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edir”.

Beləliklə, Naxçıvan Muxtar Respublikası Konstitusiyasından beynəlxalq müqavilələrə istinadlar çıxarılır. Xatırladaq ki, Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olan Naxçıvanın bu statusu həm də beynəlxalq müqavilələrlə müəyyən edilib. Status Rusiya ilə Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il) və Türkiyə ilə Azərbaycan, Ermənistan, Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il) ilə rəsmiləşib. Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub. Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı, 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb, 1990-cı ildən bölgə indiki adı daşıyır. Toğrul Əli, Medianews.az

Bizə qoşulun