Medianews.az
Azərbaycanın tərkibindəki muxtar dövlətdə <span style=color:red>İDARƏÇİLİK DƏYİŞİR
197 baxış

Azərbaycanın tərkibindəki muxtar dövlətdə İDARƏÇİLİK DƏYİŞİR

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası dəyişir. Muxtar respublikanın Ali Məclisi bununla bağlı qanun qəbul edib. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulmalıdır. Buna uyğun olaraq Ali Məclis “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanunu iki dəfə müzakirəyə və səsverməyə çıxarıb. İlk səsvermə fevralın 20-də, ikinci səsvermə mayın 21-də olub. Ali Məclis üzvləri hər ikisində qanunun lehinə səs veriblər. Bəs bu qanunun mahiyyəti, məzmunu nədən ibarətdir, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nə dəyişir? Medianews.az saytı bildirir ki, sualın cavabı kütləvi informasiya vasitələrinə bəlli deyil, qanun ictimaiyyətə açıqlanmayıb. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun Azərbaycan Respublikasının Milli Məclisində konstitusiya qanunu ilə təsdiqlənəndən sonra qüvvəyə minəcək. Belə görünür ki, ictimaiyyət Naxçıvan Konstitusiyasında dəyişiklikdən o vaxt - ən tezi qanun Milli Məclisdə müzakirə olunanda xəbər tutacaq. Naxçıvan idarəçiliyində nələrin dəyişdiyini də ictimaiyyət onda biləcək. Məsələ burasındadır ki, qanun muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Bunu Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov Ali Məclisin yaz sessiyasının fevralın 20-də keçirilən iclasında, yəni qanun ilk dəfə səsə qoyulan gün deyib. Həmin gün o, bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib və hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Bəxtiyar Məmmədovun 20 fevral iclasında dedikləri hələ ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanunun məzmununa toxunan yeganə rəsmi açıqlamadır. Üç ay ötsə də, başqa heç bir açıqlama yoxdur. Medianews.az xatırladır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hazırkı tərkibi ötən il sentyabrın 1-də keçirilmiş seçkidə formalaşıb. Sentyabrın 26-da yeni tərkibdə ilk iclas keçirilib, Bəxtiyar Məmmədov sədrin birinci müavini, Arzu Abdullayev sədrin müavini seçilib. Bəxtiyar Məmmədov sədrin səlahiyyətlərini də həyata keçirir. Dairələr üzrə seçilən 45 üzvdən ibarət Ali Məclisin səlahiyyət müddəti 5 ildir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir. Bölgədə qanunvericilik hakimiyyətini Ali Məclis, icra hakimiyyətini yerli Nazirlər Kabineti həyata keçirir. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədridir. Bölgənin baş nazirini ölkə prezidentinin təqdimatı ilə Ali Məclis təyin edir. 2022-ci il dekabrın 21-dən Ali Məclisin sədri postu boşdur. Həmin gündən sədrin səlahiyyətlərini birinci müavin Azər Zeynalov, 2023-cü il oktyabrın 5-dən müavin Anar İbrahimov icra edib. 2022-ci il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəliyi təsis olunub. Səlahiyyətli nümayəndə postunu Fuad Nəcəfli tutur. Naxçıvanın muxtariyyətinin rəsmi tarixi 1924-cü il fevralın 9-dan hesablanır. Status Rusiya və Türkiyə arasında Moskva müqaviləsi (16 mart 1921-ci il), Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi (13 oktyabr 1921-ci il) ilə rəsmiləşib. Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edib. Bu zaman Azərbaycanın həmin himayəni heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti qoyulub. Qars müqaviləsinə görə, Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlib. Toğrul Əli, Medianews.az

Bizə qoşulun