Medianews.az
ABŞ-Ukrayna sazişində nə yazılıb? – <span style=color:red>DETALLAR
124 baxış

ABŞ-Ukrayna sazişində nə yazılıb? – DETALLAR

Mayın 1-də ABŞ və Ukrayna arasında “mineral anlaşması” kimi tanınan “Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş” imzalanıb. Politoloq Şahin Cəfərli Medianews.az-a açıqlamasında deyib ki, saziş bu sahə üzrə ikitərəfli əməkdaşlığın bazasını və siyasi parametrlərini müəyyən edir: “Texniki detalları tənzimləyən sənəd daha sonra imzalanacaq. Mayın 1-də imzalanan anlaşmaya əsasən, Ukraynanın bütün yeraltı, yerüstü (o cümlədən ərazi sularındakı) sərvətləri və infrastrukturu Ukrayna dövlətinin mülkiyyəti olaraq qalır. ABŞ Prezidenti Donald Trampın daha əvvəl bəhs etdiyi kimi, Ukraynanın ABŞ-a olan borcundan və bu borcun qaytarılmasından söhbət getmir. İnvestisiya Fondunda hər iki dövlət bərabər paya (50-50) malik olacaq. Ukrayna hökuməti yeni sahələrin və yataqların istismarı üçün verəcəyi lisenziyalardan və yeni layihələrdən əldə ediləcək gəlirin 50%-ni Fonda köcürəcək. ABŞ isə Fonda ianələrini istər maliyyə, istərsə də hərbi yardım şəklində edə bilər. ABŞ tərəfi Fonda əlavə investisiyaların və texnologyaların cəlb olunmasını öz üzərinə götürür. Fondun gəlirlərindən Ukraynada və ABŞ-da vergi tutulmayacaq. Fondun vəsaitləri yalnız Ukrayna daxilindəki yatırımlara yönəldiləcək. Açığı, ABŞ tərəfinin bu anlaşmadan konkret nə əldə edəcəyi tam aydın olmur. Bu, bəlkə daha sonra imzalanacaq texniki sazişdə əksini tapacaq. Ukraynanın sahib olduğu təbii sərvətlərin miqyası, real dəyəri və onların istismarının iqtisadi səmərəliliyi hazırkı mərhələdə sual doğuran məqamlardır. Əvvəl də qeyd etdiyim kimi, sanki bu razılaşma Trampın daxili ictimaiyyətə “Bayden yardımları hədiyyə edirdi, mən isə əvəzində görün, nələr əldə edirəm” deyə bilməsi üçün hazırlanıb. Böyük ehtimalla müharibədən sonra Ukraynanın bərpası ilə bağlı layihələrdən ABŞ şirkətləri daha çox pay alacaq. ABŞ maliyyə naziri Bessentin “Rusiya hərb maşınının maliyyələşməsi və təchizatında iştirak etmiş heç bir ölkə və fərd Ukraynanın bərpasından yararlanmağa buraxılmayacaq” sözləri bunu deməyə əsas verir. Amma demokratlar hakimiyyətdə qalsaydı da, eynisi olacaqdı”. Ş.Cəfərlinin fikrincə, hazırkı mərhələdə sazişin Ukrayna üçün ilk növbədə siyasi əhəmiyyətindən danışmaq mümkündür: “Bu anlaşma ABŞ-ın var olma savaşı verən Ukraynanın gələcəyinə inandığını və bu gələcəyə yatırım qoymaq iradəsini nümayiş etdirir. Bir daha təkrar edək ki, bu müharibə ərazi münaqişəsi yox, rus imperializminin Ukrayna milli dövlətini və identikliyini aradan qaldırıb, onu təkrar öz tabeliyinə qaytarmağa yönəlmiş etnosid xarakterli hücumudur. 1 may anlaşmasının mətnində ABŞ və Ukraynanın uzunmüddətli strateji tərəfdaşlığı təsdiqlənir və Ukraynanın bərpasına, inkişafına, təhlükəsizliyinə, onun qlobal iqtisadi strukturlara inteqrasiyasına ABŞ-ın dəstəyi vurğulanır. Bu baxımdan “Vaşinqton Post” qəzeti sazişi Ukraynanın qələbəsi kimi qiymətləndirib. Sənədin imzalanmasından sonra ABŞ tərəfindən Ukraynaya azı 50 milyon dollarlıq hərbi məhsul ixrac ediləcəyi açıqlanıb. Bu, Tramp dövründə Ukraynaya ilk hərbi dəstək paketidir. Senatda isə, ABŞ-ın təklif etdiyi sülhə razı olmayacağı təqdirdə, Rusiyaya qarşı sanksiyaların ağırlaşdırılmasını nəzərdə tutan qanun layihəsinə 72 senator (üçdə ikidən də çox) imza atıb. Layihədə Rusiyadan enerji resursları (neft, neft məhsulları, qaz, uran) satın alan ölkələrə 500% rüsum tətbiq olunması əksini tapıb”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun